Gimnastlarımız Avropa çempionatında uğurlu nəticələr qazanıblar
Xəbər verdiyimiz kimi, aprelin 16-18-də Almaniyanın Bremen şəhərində bədii gimnastika üzrə Avropa çempionatı keçirilib. Sinqapur Olimpiadasına lisenziya verən yarışda ölkəmizi böyüklərin fərdi yarışlarında Aliyə Qarayeva, Zeynəb Cavadlı, qrup yarışlarında isə Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Aelita Xələfova təmsil ediblər.
Yeniyetmələr arasında fərdi növlər üzrə yarışlarda Lalə Yusifova, Jalə Qaratova və Ayşə Mustafayeva çıxış ediblər. Qitə çempionatında İradə Əhədzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət yeniyetmələrin qrup komandası da qüvvəsini sınayıb. Çempionatın birinci günü bədii gimnastika üzrə yığma komandamızın aparıcı üzvü Aliyə Qarayevanın çıxışı uğurlu olub. Belə ki, idmançımız Azərbaycanın gimnastika tarixində ilk dəfə Avropa çempionatının çoxnövçülük yarışlarında bürünc medal qazanıb. Aliyə Qarayeva dörd alətlə hərəkətin yekununa görə hakimlərdən (ip - 27,925 xal, halqa - 27,8 xal, top -27,9 və lent - 27,75 xal) 111, 375 xal alıb. Gimnastımız çıxışı ilə bağlı deyib: "Çempionatda göstərdiyim nəticəyə görə çox xoşbəxtəm və hər kəsə minnətdaram. Bu, bütün Azərbaycanın, mənə azarkeşlik edən hər kəsin uğurudur. Bu uğura görə mənimlə birlikdə addımlayan məşqçilərimə minnətdaram. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm, onsuz bugünkü uğura nail ola bilməzdik". Komandamızın digər üzvü Zeynəb Cavadlı 97,25 xalla 19-cu yeri tutub. Çempionatda yeniyetmə gimnastımız Lalə Yusifova təsnifat yarışlarında halqa ilə hərəkətlərdə 25,125 xalla dördüncü nəticəni göstərib. Gimnastımızın topla hərəkətlərin finalında çıxışı daha uğurlu olub - 25,650 xal və gümüş medal. Qeyd edək ki, bu, yeniyetmə gimnastlarımızın şəxsi yarışlarda əldə etdiyi ilk medaldır. Lalə Yusifova halqa ilə çıxışına görə dördüncü olub. Digər gimnastımız Ayşə Mustafayeva isə iplə çıxışına görə 24,55 xalla beşinci nəticəni göstərib. Yekun nəticəyə görə Azərbaycan yığması komanda birinciliyində 97,775 xalla beşinci yerə çıxıb. Qeyd edək ki, 2007-ci ildə komandamız on dördüncü idi. Avropa çempionatının gümüş mükafatçısı Lalə Yusifova çıxışını belə qiymətləndirib: "Avropa çempionatına ciddi hazırlaşmışdım. Sevinirəm ki, məşqçimi məyus etmədim. Çempionatda mən sübut etdim ki, Azərbaycanın layiqli yeniyetmə gimnastları var". Bədii gimnastika üzrə yığma komandamızın baş məşqçisi Mariana Vasileva çempionatda Lalə Yusifovanın çıxışına yüksək qiymət verib.
Çempionatda Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Aelita Xələfovadan ibarət böyüklərin qrup komandası iki lent və üç iplə hərəkətlərin icrasına görə final yarışlarında 25,875 xalla beşinci yeri tutub. Qrup komandamız beş halqa ilə çıxışına görə 26 xalla yeddinci olub. Çoxnövçülük yarışlarında isə o, səkkizinci nəticəni göstərib. Avropa çempionatının sonuncu günü Sinqapur-2010-a lisenziya verən yarışlar keçirilib. İradə Əhədzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət yeniyetmələrin qrup komandası 49,850 xalla üçüncü olub. Rusiya komandası qızıl medal qazanaraq, Sinqapur Olimpiadasında iştirak etmək hüququ əldə edib. Şəxsi yarışlarda gimnastımız Jalə Qaratova 97,475 xalla on birinci olub. Qeyd edək ki, Bremen şəhərində Azərbaycan gimnastlarına dəstək üçün çoxlu sayda tamaşaçı toplaşıb. Gimnastlarımızın çıxışlarını izləməyə Azərbaycan səfirliyinin nümayəndələri də gəliblər.
Olimpiya dünyası.- 2010.- 20-22 aprel.- № 26.- S. 1, 2.