Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun daha bir humanitar addımı

Kaman ustası Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin açılışı olub


Müasir dövrümüzdə Azərbaycan milli-mənəvi dəyərlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğı artmaqdadır. Mədəniyyət və incəsənətimizin inkişafında xidmətləri olan şəxslərin adının əbədiləşdirilməsi məqsədilə atılan addımlar, Azərbaycan milli sənətinin təməlinin daha da möhkəmlənməsinə, eləcə də, təbliğinə istiqamətlənmişdir. Belə qayğının daha bir nümunəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdaş şəhərində müasir standartlara uyğun bir şəkildə inşa edilən uşaq musiqi məktəbinin binasının istifadəyə verilməsi oldu. Dünyanı Azərbaycan milli musiqisini təbliğ edərək dolaşan kaman ustası, “İstiqlal” ordenli Prezident təqaüdçüsü, xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin açılışından əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini anıblar.

Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından tədbir iştirakçılarını salamlayaraq, ən xoş arzularını çatdırıb. O, fəaliyyətdə olan Heydər Əliyev Fondunun ölkənin bir çox sahələrinin inkişafı istiqamətində çox böyük işlər gördüyünü, layihələr həyata keçirdiyini bildirdi. Heydər Əliyev Fondu bu gün Azərbaycanın regionlarında, o cümlədən, xarici ölkələrdə genişmiqyaslı tədbirlər həyata keçirməkdədir.

Xalq artisti Habil Əliyev kamança ifaçılığı sənətini yüksək zirvələrə qaldırmışdır. Heydər Əliyev Fondu tərəfindən Ağdaşda onun adına inşa olunan uşaq musiqi məktəbi regionda mədəni həyatın canlanması, yeni istedadların üzə çıxarılması, gənc nəslin hərtərəfli inkişafı istiqamətində atılan növbəti addımdır. Bu, həm də kamança ustasına göstərilən böyük hörmətin təzahürüdür.

Qeyd edək ki, 1937-ci ildən fəaliyyət göstərən və özünəməxsus ənənələri olan Ağdaş musiqi məktəbinin əvvəlki binası müasir tələblərə uyğun gəlmədiyindən, yeni binanın inşasına ciddi zərurət yaranmışdı. “Gilan-İnşaat” MMC-nin tikinti briqadası tərəfindən inşa olunan üçmərtəbəli uşaq musiqi məktəbinin binası müasir tələblərə uyğun maddi-texniki baza ilə təmin olunmuşdur. Təhsil ocağının 40 sinif otağı, 200 nəfərlik konsert salonu, qazanxanası, yeməkxanası vardır. Məktəbdə tar, kamança, qarmon, piano və klarnet ixtisasları üzrə şöbələr fəaliyyət göstərir. 500-ə yaxın şagirdi olan yeddiillik musiqi məktəbində 70-dən artıq müəllim çalışır. Məktəbdə musiqi nəzəriyyəsi, Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, xor fənni tədris olunur, böyük ansambl fəaliyyət göstərir. Respublikada bənzəri olmayan bu uşaq musiqi məktəbinə Heydər Əliyev Fondu tərəfindən musiqi alətləri, bərk və yumşaq inventar, kitablar, tanınmış bəstəkarların və musiqiçilərin mahnıları yazılmış disklər, onların fotoşəkilləri hədiyyə olunub. Binanın fasadı və otaqları müasir ornamentlərlə xüsusi zövqlə bəzədilib. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin incəsənət xadimləri və məşhur musiqiçilərlə görüşlərindən çəkilmiş fotoşəkillərdən ibarət stend quraşdırılıb.

Məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Fikrət Qoca, Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək, dahi şəxsiyyət Heydər Əliyevin və onun siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf yolunda inamla irəliləməsindən, insanların həyat şəraitinin ildən-ilə yaxşılaşmasından, iqtisadiyyatın, təhsilin, səhiyyənin, kənd təsərrüfatının, mədəniyyətin, özəl sektorun inkişaf etməsindən danışıblar. Qeyd olunub ki, Ağdaşda müasir üslubda yeni musiqi məktəbi binasının inşa edilməsi və təhsil ocağına xalq artisti Habil Əliyevin adının verilməsi, eləcə də, ən yüksək fəxri adlara layiq görülməsi dövlətimizin ona olan diqqət və qayğısının təzahürüdür.

Açılış mərasimində Habil Əliyev çıxış edərək istifadəyə verilən musiqi məktəbinin binasının çox gözəl üslubda inşa olunmasını və gənc istedadların ixtiyarına verildiyini bildirib. O, bu musiqi ocağının istifadəyə verilməsini çox əlamətdar hadisə adlandıraraq, məktəbin inşasında əməyi olan şəxslərə minnətdarlığını ifadə edib. Habil Əliyev Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənətin inkişafına göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirib.

Tədbir iştirakçıları məktəblə tanış olublar. Mərasim iştirakçılarına məktəbin ansamblının ifasında maraqlı konsert proqramı təqdim olunub.


Zümrüd

Səs.- 2009.- 23 iyun.- № 114.- S. 5.