Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevaya YUNESKO-nun Xoşməramlı səfiri adı verilməsi mərasimi
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri çərçivəsində sentyabrın 9-da Parisdə - YUNESKO-nun iqamətgahında dövlətimizin başçısının xanımı Mehriban Əliyevaya BMT-nin bu ixtisaslaşmış təşkilatının Xoşməramlı səfiri adı verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı iqamətgahın önündə YUNESKO-nun Baş direktoru Koişiro Matsuura, Xoşməramlı səfirlər proqramının rəhbəri xanım Bəsma İrşeid və digər rəsmi şəxslər böyük səmimiyyətlə qarşıladılar.
Mərasimdə YUNESKO-nun Baş direktoru Koişiro Matsuura çıxış etdi.
YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın çıxışı
- Hörmətli xanım Mehriban Əliyeva!
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!
Hörmətli xoşməramlı səfirlər, xanımlar və cənablar!
YUNESKO evinə xoş gəlmisiniz. Sizin hamınızı YUNESKO-nun iqamətgahında böyük məmnuniyyətlə salamlayıram.
Bu əlamətdar gündə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri xanım Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülür. Bu ad ona şifahi irsin və musiqi yaradıcılığı irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə təqdim olunur. Mən bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin iştirak etməsindən şərəf duyuram. Həm hörmətli Prezidentə, həm də xanımı Mehriban Əliyevaya "YUNESKO evinə xoş gəlmisiniz!" deyirəm. Bu imkandan istifadə edərək, zati-aliləri cənab Prezidentə dövlət quruculuğu və sosial inkişaf sahəsində əldə etdiyi uğurlara nə qədər heyran olduğumuzu da bildirmək istəyirəm.
Xanım Mehriban Əliyevanın yüksək ada layiq görülməsi təşkilatımızın tarixindəki mühüm bir anda baş verir. Bu təltif onu göstərir ki, mədəniyyət inkişafın tacıdır və tacları bəzəyən bütün ləl-cəvahiratdan daha qiymətlidir.
YUNESKO həmişə mədəniyyəti və inkişafı bir-birindən ayrılmaz hesab edir. Biz iqtisadi inkişafı ayrılıqda nəzərdən keçirmir, inkişaf dedikdə, həm də intellektual səviyyənin yüksəkliyini, ruhi, mənəvi, emosional rahatlığı nəzərdə tuturuq. Bu inkişaf qrupların, icmaların, millətlərin gələcəyi ilə yanaşı, həm də onların tarixlərinin qorunmasını nəzərdə tutur.
Ona görə də burada toplaşmış hörmətli qonaqlara böyük məmnuniyyət hissi ilə xanım Mehriban Əliyevanın Azərbaycanda mədəniyyət sahəsində yorulmaz fəaliyyəti barədə danışmaq istəyirəm. Mən onun mədəni irsin, o cümlədən musiqi irsinin qorunması, musiqi təhsili sahəsində gördüyü işləri xüsusi vurğulamaq istəyirəm. Xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu onun təşəbbüsü ilə 1995-ci il-də yaranmışdır və bu günə qədər uğurla fəaliyyət göstərir.
Musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi xanım Əliyevanın rəhbərlik etdiyi fondun daim diqqət mərkəzində olmuşdur. Təqdirə və hörmətə layiq haldır ki, fondun təşkil etdiyi xeyriyyə konsertləri dinləyicilərə sevinc bəxş etməklə yanaşı, milli mədəniyyətin zəngin ənənələrinin yaşadılmasına da xidmət etmişdir. Fondun səyləri nəticəsində Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi tamamilə təmir olunmuş, minlərlə yeniyetmə və gəncin musiqi aləminə qovuşa bilməsi üçün gözəl şərait yaradılmışdır. İmkansız ailələrdən olan uşaqların bu prosesə cəlb olunması xüsusilə diqqətəlayiq haldır.
Böyük məmnuniyyətlə mən üç dildə nəşr olunan "Azərbaycan-İRS" jurnalını da xatırlatmaq istəyirəm. Xanım Əliyeva bu jurnalda baş redaktor vəzifəsini icra edir. Jurnal Azərbaycanın və eləcə də bütün Qafqaz regionunun tarixi mədəniyyəti barədə məlumatlar yaymaqla kifayətlənmir, eyni zamanda, bütün dünya xalqlarının adət-ənənələrindən ətraflı bəhs edir.
Bilirəm ki, xanım Əliyeva Azərbaycanda musiqi və şifahi xalq yaradıcılığının yayılmasına böyük önəm verir. Azərbaycan zəngin musiqi və şifahi xalq yaradıcılığı ənənələrinə malikdir. Son illər isə bu sahəyə maraq hədsiz dərəcədə artmışdır.
Musiqinin və musiqi alətlərinin funksiyası yalnız səslərlə bitmir. Bunlar xalqların və millətlərin tarixi yolunu, onların keçirdikləri hissləri, habelə estetik dəyərləri əks etdirir. Təsadüfi deyil ki, bəşəriyyətin mədəni incilərinin qorunması ilə bağlı 2003-cü ildə təşəbbüs irəli sürülərkən cəmi 30 saniyəlik proqrama məhz musiqi fraqmenti daxil edilmişdi.
Bu gün bizimlə bu mərasimdə iştirak edən digər Xoşməramlı səfir xanım Marianna Volqaros bu təşəbbüsü dəstəkləmişdir. YUNESKO üzv ölkələri daim mədəni irsi inkişaf etdirməyə, xüsusilə nadir incilərin qorunub saxlanılmasına xüsusi qayğı göstərməyə çağırır. Keçən il qəbul olunmuş milli mədəni irsin qorunması ilə bağlı Konvensiya bu yonümdə çox mühüm bir sənəd və xalqları bu istiqamətdə birləşdirən ilk vasitə olmuşdur. Yeni Konvensiya hələ 1972-ci ildə qəbul olunmuş dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyaya mükəmməl bir əlavə idi. YUNESKO bu Konvensiyanı tezliklə ratifikasiya etməyi bütün dünya ölkələrinə tövsiyə edir. Biz arzu edirik ki, bu mühüm sənədin müddəalarının yerinə yetirilməsi prosesinə mümkün qədər tez bir zamanda başlanılsın.
Zati-aliləri, xanımlar və cənablar!
Şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunması sahəsindəki yorulmaz səyləri ilə YUNESKO-nun Xoşməramlı səfiri adını qazanan xanım Mehriban Əliyeva təşkilatımızın ideya və məramlarını həyata keçirən digər xoşməramlı səfirlərin sırasına daxil olur. Bu fəxri adı qəbul etdiyinə görə YUNESKO adından ona minnətdarlığımı bildirirəm. Çox şadam ki, YUNESKO-nu və bizim hamımızı narahat edən məsələlərlə bağlı səfirlik missiyasını yerinə yetirməyə razılıq vermişdir. Ümumi məqsədlərimizin həyata keçməsi üçün nüfuzundan istifadə edərək, işimizə töhfə vermək üçün göstərəcəyi səylərə görə xanım Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk.
Xanım Əliyeva, böyük məmnuniyyət hissi ilə musiqi mədəniyyətinin inkişafındakı səylərinizə görə Sizə YUNESKO-nun Xoşməramlı səfiri fəxri adını təsdiqləyən diplomu təqdim edirəm. Sizə habelə müvafiq sertifikat da təqdim edir, yeni işinizdə uğurlar diləyirəm. YUNESKO-nun səfirləri ailəsinə daxil olmağınız münasibətilə sizi bir daha təbrik edirəm.
* * *
Sonra Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevaya söz verildi.
YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı
- Hörmətli cənab Baş direktor!
Hörmətli xanımlar və cənablar!
İcazə verin, Xoşməramlı səfir kimi yüksək ada layiq görüldüyümə görə YUNESKO-ya və cənab Matsuura, şəxsən Sizə, öz dərin minnətdarlığımı bildirim.
YUNESKO-nun əsas prinsiplərindən biri dünya mədəniyyətinin nadirliyini gələcək nəsillər üçün qoruyub saxlamaqdan ibarətdir. Mən də öz fəaliyyətində bu prinsipi əsas tuturam. Ona görə mənə bu yüksək adın verilməsi mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Bu, mədəniyyətlər və sivilizasiyalar arasında, keçmişlə bu gün arasında əlaqə yaratmaq məsuliyyətidir.
Azərbaycanı çox vaxt Qərblə Şərq arasında körpü adlandırırlar. Bu, hələ tarixi Böyük İpək yolu dövründən ölkəmizin əlverişli coğrafi-siyasi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan özünün çoxəsrlik tarixi boyunca təkcə nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialoqunda öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır. Mən fəxr edirəm ki, ölkəmizdə tamamilə bənzərsiz bir mədəni məkan yaranmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Belə ki, bu proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən və mədəniyyətlər arasında körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli durur.
Azərbaycan Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostropoviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin vətənidir. Bu cür şəxsiyyətlərin yetişməsi üçün şərait yarada bilmiş xalqımız, həqiqətən də, böyük xalqdır.
Öz milli mənliyimizi, mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi YUNESKO çərçivəsində qeyd olunmuş " Kitabi-Dədə Qorqud" eposu, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi töhfələr verə bilmişik. Bu gün, yüksək texnologiyalar, qloballaşma və informasiya inteqrasiyası dövründə “qeyri-maddi irsin qorunub saxlanılması” xüsusi əhəmiyyət kəsb edir. Bütün bəşəriyyət qeyri-maddi irsin qorunmasında çox maraqlıdır. Bu məsələdə YUNESKO-nun rolu, şübhəsiz ki, çox böyükdür.
Yeri gəlmişkən, mən YUNESKO tərəfindən qeyri-maddi irsin qorunması haqqında Konvensiyanın qəbul edilməsində cənab Matsuuranın böyük xidmətini vurğulamaq istərdim.
Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da Azərbaycan xalqının bu günə qədər qoruyub saxladığı və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə xidmət edir. Xoşməramlı səfir kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə xidmət edəcəkdir.
Azərbaycan xalqı öz yaddaşını, dilini, musiqisini, eposlar yaratmaq bacarığını bir çox nəsillər boyu yaşada bilən dəyərli nümunələri bütün bəşəriyyətin sərvəti hesab olunur. Mənə bu gün verilən fəxri adı, hər şeydən əvvəl, YUNESKO-nun prinsiplərinə sadiq olmağımın ifadəsi kimi qəbul edirəm. Sizi əmin etmək istəyirəm ki, bu yüksək mükafat məni və başçılıq etdiyim Azərbaycan Mədəniyyətinin Dostları Fondunu mədəni irsimizin qorunması naminə daha böyük səylə çalışmağa sövq edəcəkdir.
Fəaliyyətimə verilmiş bu yüksək qiymətə görə bir daha təşəkkürümü bildirirəm.
Diqqətinizə görə sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli cənab Baş direktor!
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Bu gün Azərbaycanın mədəni həyatında çox mühüm bir gündür. Ölkəmizin nümayəndəsi YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülür. Bu, çox əlamətdar bir hadisədir. Çünki bu, mədəni əlaqələrimizin möhkəmlənməsi deməkdir.
Azərbaycan və YUNESKO-nun əməkdaşlığının uzun tarixi vardır. Biz Baş direktorun ölkəmizə səfərini xatırlayırıq. Onun apardığı müzakirələr çox əhəmiyyətli olmuşdur. İndi biz birgə layihələr, proqramlar həyata keçiririk ki, Azərbaycan xalqının mədəni və tarixi irsini qoruyub saxlayaq və təbliğ edək.
Azərbaycanın çox qədim tarixi və zəngin mədəni irsi var. Ölkəmiz dünya mədəniyyətinə çoxlu töhfələr vermişdir. Eyni zamanda, dünya mədəniyyətinin nümunələri də Azərbaycanda geniş təmsil olunmuşdur. YUNESKO ilə qarşılıqlı əməkdaşlıq gələcəkdə bizim daha da yaxınlaşmağımıza kömək edəcəkdir.
Azərbaycan beynəlxalq aləmin bir hissəsi, müstəqilliyini nisbətən yeni qazanmış ölkədir. Əlbəttə, ölkəmizin beynəlxalq birliyə tam inteqrasiyası üçün hələ çox iş görülməlidir. Biz bu istiqamətdə fəal iş aparırıq. Avropa ölkələri ilə ümumən beynəlxalq, qurumlarla həm siyasi, həm iqtisadi, həm də sosial səviyyədə geniş əlaqələrimiz vardır. Şübhəsiz ki, biz mədəni əməkdaşlıq sahəsində daha çox uğur əldə etməyi də arzulayırıq. Mən əminəm ki, xanım Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı səfiri təyin olunması bu sahədə bizə yardım edəcəkdir. Mehriban xanımın on ilə yaxın bir müddətdə rəhbərlik etdiyi fond mədəniyyətin inkişaf etdirilməsi, mədəni irsin qorunması, xalqımızın ənənələrinin yaşadılmasında mühüm rol oynamışdır. Onun təsis etdiyi jurnal, fondun həyata keçirdiyi müxtəlif layihə və proqramlar ölkəmizdə mədəniyyət və incəsənətin ümumi inkişafına müsbət təsirini göstərir. Əminəm ki, bu təyinatdan sonra həm Mehriban xanımı, həm də fondun fəaliyyəti beynəlxalq miqyasda daha çox nəzərə çarpacaqdır.
Bu gün mənim üçün ikiqat əlamətdardır. Çünki bu, yalnız Azərbaycan nümayəndəsinin YUNESKO-nun Xoşməramlı səfıri adına layiq görülməsi deyil, həm də mənim xanımımın təltif olunmasıdır. Çox şadam ki, onun fəaliyyəti bu cür yüksək qiymətləndirilir və tanınır. Elə bilirəm ki, o, Xoşməramlı səfir adını daşımağa layiqdir. Çünki o, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilibdir. Bu, onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini əsirgəməyəcəkdir. Ümumi məqsədlərimiz isə bir-birimizi daha yaxından tanımaq, insanları, mədəniyyətləri tanıtmaq, müxtəlif xalqların və ölkələrin mədəniyyətlərindən bəhrələnməkdir.
Əminəm ki, Mehriban xanım bu vəzifəni səylə yerinə yetirəcək və bu vacib işdə uğurlar qazanacaqdır.
Bu fəxri adın verilməsinə görə YUNESKO-ya bir daha minnətdarlığımı bildirir, yeni səfiri təbrik edir və ona uğurlar arzulayıram.
* * *
Rəsmi hissədən sonra Mehriban xanım Əliyevaya Xoşməramlı səfir fəxri adı verilməsi münasibətilə qəbul təşkil edildi.
Daha sonra mərasim iştirakçıları Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş jurnalla, habelə xalqımızın adət və ənənələri, məişəti barədə məlumatları əks etdirən guşə ilə tanış oldular.
Xalq qəzeti.- 2004.- 11 sentyabr.- S. 2.