Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "dəyirmi masa" keçirilmişdir


AzərTAc xəbər verir ki, aprelin 6-da Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Respublika hökumətinin, xarici ölkələrin səfirliklərinin, beynəlxalq humanitar təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbiri Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva açdı.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı

- Hörmətli xanımlar və cənablar!

İlk növbədə, sizi Heydər Əliyev Fondunda salamlayıram. Bugünkü "dəyirmi masa"mıza xoş gəlmisiniz.

Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə də Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir. Əgər xatırlayırsınızsa, ötən ilin iyun ayında Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində hazırlanmış ən iri layihə olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının təqdimat mərasimində iştirak etmişdik.

Bizim məqsədimiz yeniləşən təhsil sisteminə yardım etmək, müasir təhsil komplekslərinin yaradılması, ölkəmizin hər bir yerində, ən ucqar kəndində də məktəbə gedən hər bir şagird üçün normal, gözəl şərait yaradılması idi. Bununla yanaşı, biz təhsildə olan problemlərə bütün cəmiyyətimizin diqqətini cəlb etməklə, bunların həllində fəal iştiraka dəvət edirdik. Həmin görüşdə biz belə təklif səsləndirdik və ölkəmizdə fəaliyyət göstərən iş adamlarına, sahibkarlara, yerli və xarici şirkətlərə, qeyri-hökumət təşkilatlarına, diplomatik korpusa müraciət etdik və onları bu layihədə fəal iştiraka dəvət etdik. Ondan çox az bir vaxt keçdi və bu təklif ölkədə böyük əks-səda, rezonans yaratdı. Bizi dəstəkləyən, təşəbbüsümüzə qoşulan insanların və Heydər Əliyev Fondunun birgə səyləri nəticəsində "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ilk mərhələsi çox böyük uğurla başa çatdı. Ötən il ərzində ölkəmizin 52 rayonunda 132 yeni məktəb inşa olunub istifadəyə verildi, ən müasir avadanlıqla təmin edildi. 22 mindən artıq yeni şagird yeri açıldı.

Mən bu gün fürsətdən istifadə edərək həmin layihədə iştirak edən, bizi dəstəkləyən, bizə yardım edən, bu gözəl işə qatılan hər bir insana, hər bir təşkilata öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Heydər Əliyev Fondunun prezidenti kimi mən ölkəmizin müxtəlif rayonlarında inşaat işlərinin gedişi ilə tanış olurdum. Mütəxəssislərin, yerli camaatın - şagirdlərin, müəllimlərin fikirlərini və təkliflərini dinləyirdim. Bir sıra məktəblərin açılışında iştirak etdim. Hesab edirəm ki, il ərzində 132 məktəbin tikintisi bütün Azərbaycanın, bütün cəmiyyətin uğurudur, qazancıdır. Belə böyük nailiyyətlə yanaşı, bu mühüm layihəni həyata keçirərkən biz böyük təcrübə də qazandıq. İnanıram ki, gələcəkdə Heydər Əliyev Fondu tərəfindən hazırlanıb həyata keçiriləcək başqa proqramlarda, layihələrdə də bu təcrübədən səmərəli istifadə olunacaqdır.

Hazırda ölkəmizdə yeni tədris binasına, müasir avadanlığa ehtiyacı olan yüzlərlə məktəb mövcuddur. İstilik sistemi olmayan, dam örtüyü axan, qış zamanı bağlanan, tədrisə yararsız olan məktəblərdə, əlbəttə ki, təhsilin də səviyyəsi bizi qane etməz. Ona görə Heydər Əliyev Fondu bu istiqamətdə işləri davam etdirməyi qərara alıb və biz "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinə başlayırıq.

Fond tərəfdən hazırlanmış işçi qrupu artıq fəaliyyətə başlayıb və 100 məktəbdən ibarət olan yeni siyahı hazırlanıbdır. Bu siyahıya Bakıda, Abşeronda və respublikamızın müxtəlif rayonlarında yerləşən məktəblər daxil edilmişdir. Həmin məktəblərin yeni tədris ilinin başlanmasına qədər istifadəyə verilməsi nəzərdə tutulur.

Xüsusi vurğulamaq istərdim ki, bu siyahıda olan məktəblərin çoxu Bakı ətrafı qəsəbələrdə yerləşən, 500 və daha çox şagirdlik məktəblərdir. Təbii ki, belə böyük məktəblərdə idman kompleksi, kitabxana, yeməkxana da nəzərdə tutulmalıdır.

Mən inanıram ki, biz bu proqramın ikinci mərhələsini də birlikdə uğurla həyata keçirəcəyik. İndi isə ölkəmizdə 2005-ci il ərzində orta ümumtəhsil məktəblərində inkişaf barədə çıxış üçün söz verilir təhsil naziri cənab Misir Mərdanova.

Təhsil naziri Misir Mərdanovun çıxışı

- Hörmətli tədbir iştirakçıları!

Xanımlar və cənablar!

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bərqərar olmuş siyasi sabitlik və yüksək iqtisadi inkişaf sürəti bütün sahələrdəki kimi, təhsil sahəsində də ciddi irəliləyişlərə səbəb olmuşdur.

2005-ci ildə təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş inkişaf proqramları üzrə işlər aparılmışdır.

Ölkə rəhbərliyinin və şəxsən möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində 2005-ci ildə müxtəlif mənbələr hesabına ümumilikdə 49 min 732 yerlik 328 yeni məktəb və əlavə korpuslar, o cümlədən 36016 şagird yerlik 194 yeni məktəb, 134 məktəbdə 13 min 716 yerlik əlavə korpuslar inşa edilmişdir. İstifadəyə verilmiş 194 yeni məktəbdən 3 min 836 şagird yerlik 20 məktəb Dövlət Proqramına əsasən, 10 min 120 yerlik 42 məktəb ayrı-ayrı nazirliklər, beynəlxalq və yerli təşkilatlar, bələdiyyələr, iş adamları tərəfindən tikilmişdir. Yeni məktəblərdən 22060 yerlik 132 məktəb, yəni məktəblərin 70 faizi bilavasitə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir. Bu, təhsil tariximizdə analoqu olmayan bir hadisədir və bütün ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Keçən ilin iyununda buraya toplaşıb bu proqramı elan edəndə, sözün düzü, qısa müddət ərzində bu qədər işin görüləcəyinə məndə inam az idi. Çünki, nəzərə alsaq ki, bu məktəblərin əksəriyyəti dağlıq yerlərdə tikilirdi, yağış yağanda, havalar pis olanda oralara getmək belə çətin olur. Bir neçə ayda bu qədər işin görülməsi Azərbaycan tarixində həmişə yadda qalacaqdır.

Şübhəsiz ki, ölkəmizdə məktəb tikintisinin belə geniş vüsət almasında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Məhz Fond tərəfindən hazırlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı öz coğrafiyasına görə bütün ölkəni əhatə etmişdir. Ən əhəmiyyətlisi isə budur ki, on illərlə təmir edilməmiş, tam yararsız və qəza vəziyyətində olan, təlim-tərbiyə üçün heç bir şəraiti olmayan məktəblərin yerində müasir standartlara uyğun yeni binalar tikilmiş, keyfiyyətli avadanlıqla təmin edilmiş və şagirdlərin istifadəsinə verilmişdir.

Proqrama əsasən Naxçıvan MR-də 6, Quba rayonunda 14, Yardımlı rayonunda 6, Ağcabədi rayonunda 5, Cəlilabad, Şəmkir, Şamaxı, Qusar, Oğuz rayonlarının hər birində 4, Goranboy, Xaçmaz, Şəki, Tovuz, Ağstafa, İsmayıllı, Kürdəmir, Xanlar, Dəvəçi, Samux, Biləsuvar, Bərdə, Siyəzən, Astara rayonlarının hər birində 3, Qəbələ, Qazax, Sabirabad, Hacıqabul, Beyləqan, Tərtər, Lənkəran, İmişli, Yevlax, Salyan, Masallı, Ağsu, Lerik, Qobustan rayonlarının hər birində 2, Gədəbəy, Neftçala, Saatlı, Daşkəsən, Göyçay, Ağdaş, Zərdab, Zaqatala, Qax, Balakən, Ucar rayonlarının hərəsində 1 məktəb üçün yeni binalar inşa edilmişdir. Eyni zamanda, 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Şahtaxtı kənd məktəbi əsaslı təmir edilmiş, Sabunçu rayonundakı 112 nömrəli məktəb üçün 350 yerlik əlavə korpus tikilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, məktəblərin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binalarının inşası ölkəmizdə yoxsulluğun azaldılmasına və iqtisadi inkişafa da müsbət təsir göstərmiş, ölkənin müxtəlif regionlarında kasıb ailələrdən olan uşaqlar üçün bərabər təhsil imkanlarının yaradılmasına səbəb olmuşdur.

Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü işlər görülmüşdür.

Belə ki, 2004-2005-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisədə (3 xüsusi məktəb, 16 xüsusi və ümumtəhsil internat məktəbi, 4 uşaq evi) müasir standartlara uyğun əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılmışdır. Həmin müəssisələr avadanlıqla təmin edilmiş, burada tərbiyə və təhsil alan 6759 uşaq yüksək diqqət və qayğı ilə əhatə olunmuş, onlar üçün bərabər imkanlar yaradılmışdır.

Fond tərəfindən hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişaf proqramı"nın birinci mərhələsi başa çatmış, ikinci mərhələ üzrə işlər davam etdirilir. Bu mərhələdə respublikanın bölgələrindəki uşaq evləri və internat məktəblərində müvafiq işlər görüləcəkdir.

Heydər Əliyev Fondu Azərbaycan təhsili üçün yeni olan inklüziv layihələrin həyata keçirilməsinə də yaxından kömək edir. İnklüziv təhsil zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqlar kütləvi məktəblərdə və uşaq bağçalarında sağlam uşaqlarla birlikdə təhsil alırlar. Təhsilin belə bir formada təşkili xüsusi qayğıya ehtiyacı olan - əqli və ya fiziki cəhətdən qüsurlu uşaqları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onların adi həyata inteqrasiyasına, inkişafına və hüquqlarının təmin olunmasına kömək edir. Sağlam uşaqlarda isə bu qəbil həmyaşıdlarına qarşı mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Bu səbəbdən Azərbaycan təhsil sistemində də inklüziv təhsilin təşkili üzrə pilot layihələrinin həyata keçirilməsinə başlanmışdır.

Hazırda beynəlxalq təşkilatlarla birlikdə 3 inklüziv təhsil layihəsi həyata keçirilir. Bu layihələr çərçivəsində ümumilikdə 30-dək təhsil müəssisəsində xüsusi qayğıya ehtiyacı olan 100-dən artıq məktəbəqədər və məktəbyaşlı uşaq sağlam həmyaşıdları ilə birlikdə inklüziv təhsilə cəlb edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri nəticəsində son zamanlar Təhsil Nazirliyinin YUNESKO ilə əməkdaşlığı xeyli genişlənmişdir. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan təhsilinin inkişafına həsr olunmuş iki konfransdan birincisi Parisdə, ikincisi isə YUNESKO-nun baş direktorunun iştirakı ilə Azərbaycanda təşkil edilmiş, YUNESKO və Təhsil Nazirliyi arasında memorandum imzalanmışdır. Memorandumda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar YUNESKO-nun nümayəndə heyəti 2005-ci il dekabrın 13-17-də Azərbaycanda səfərdə olmuş, texniki peşə təhsili, müəllim hazırlığı və ixtisasartırma təhsilinin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün fəaliyyət planı tərtib edilmişdir.

Ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2006-cı ildə də məktəb tikintisi sahəsində ciddi işlər görüləcəkdir. Belə ki, məktəb tikintisi sahəsində dövlət proqramlarına, Heydər Əliyev Fondunun və Səudiyyə İnkişaf Fondunun layihələrinə əsasən 91 min 572 yerlik 230 yeni məktəbin və əlavə korpusun (163+67) inşasına başlanacaq, onlardan 44 min 438 yerlik 167 yeni məktəb və əlavə korpus (118+49) təhvil veriləcəkdir. 69 məktəbin əsaslı təmirinə başlanacaq, cari ildə 59 məktəb əsaslı təmir ediləcəkdir. Əvvəlki illərdən fərqli olaraq, 2006-cı ildə Təhsil Nazirliyinin xətti ilə əsaslı təmir işləri aparılacaqdır. Plana əsasən, ölkənin 32 regionunda 46 təhsil müəssisəsi, o cümlədən 44 məktəb və 2 uşaq bağçası əsaslı təmir ediləcəkdir. Heydər Əliyev Fondu tərəfindən cari ildə də məktəb tikintisi və təmiri üzrə xüsusi proqram hazırlanmışdır. Proqrama ölkənin qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların inşası, bir sıra məktəblərin yanında əlavə korpusların tikintisi, bəzi məktəblərin əsaslı təmiri daxil edilmişdir. Proqramda 2006-cı ildə 16 min 277 yerlik 78 yeni məktəb binasının, 12 məktəbin yanında 2460 yerlik əlavə korpusların inşası, 12 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Bu proqram da ölkənin bütün regionlarını əhatə etmişdir. Nəzərdə tutulur ki, Naxçıvan MR-də 4, Şəki rayonunda 3, Salyan, Biləsuvar, Yardımlı, Masallı, Daşkəsən, Quba, Qobustan, Qusar, Xızı, İsmayıllı, Şamaxı, Qazax, Tərtər, Goranboy, Tovuz, Oğuz, Zərdab, Göyçay, Ağsu, Ağstafa, Qax, Abşeron rayonlarının hər birində 2, Yevlax, Bərdə, Beyləqan, İmişli, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Ağcabədi, Kürdəmir, Ağdaş, Astara, Cəlilabad, Lerik, Lənkəran, Xanlar, Samux, Xaçmaz, Dəvəçi, Siyəzən, Gədəbəy, Ucar, Şəmkir, Zaqatala, Balakən, Qəbələ rayonlarının hərəsində və Bakı şəhərinin Əzizbəyov rayonunda bir məktəb binası inşa ediləcəkdir.

Eyni zamanda, proqram çərçivəsində Abşeron rayonunda, Bakı şəhərinin Binəqədi, Sabunçu, Əzizbəyov, Suraxanı və Qaradağ rayonlarında ümumilikdə 12 məktəbin yanında əlavə korpuslar inşa olunacaq və 12 məktəb əsaslı təmir ediləcəkdir. Bütün bunlar Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərin yalnız bir hissəsidir. Fond tərəfindən milli bayramlar, əlamətdar günlərdə təşkil edilən xeyriyyə tədbirləri, uşaqlar arasında keçirilən müxtəlif müsabiqələr, təhsil müəssisələrinə göstərilən gündəlik qayğı bütün təhsil ictimaiyyətinin yaxşı yadındadır.

Bütün təhsil işçilərinin arzusunu ifadə edərək Heydər Əliyev Fonduna, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, şərəfli fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

Mehriban ƏLİYEVA: Çox sağ olun, Misir müəllim, çox ətraflı məlumat verdiniz. Fondun fəaliyyəti barədə çox gözəl sözlər dediniz, təşəkkür edirəm. Biz "Yeniləşən Azərbaycana yeni məktəb" proqramını həyata keçirərkən həm birinci və inanıram ki, həm də ikinci mərhələdə dövlət qurumları ilə sıx, çox səmərəli əməkdaşlıq qurmuşuq. Hər iki mərhələdə biz məktəblərin layihələrinin hazırlanması zamanı bir sıra dövlət layihə institutları ilə birlikdə çalışmışıq. İndi bu barədə daha geniş məlumat üçün Baş nazirin müavini cənab Abid Şərifova söz verilir. Buyurun.

Baş nazirin müavini Abid Şərifovun çıxışı

- Hörmətli Mehriban xanım!

Hörmətli xanımlar, cənablar!

Əgər yadınızdadırsa, burada oturanların əksəriyyəti 2005-ci il iyunun əvvəlində toplantıda iştirak etmişdi. O zaman Mehriban xanım tərəfindən, Fond tərəfindən deyərdim ki, birinci dəfə olaraq dövlət əhəmiyyətli, Azərbaycanın bütün bölgələri üçün çox əhəmiyyətli bir layihə burada müzakirəyə çıxarılmışdı. Sözün doğrusu, o vaxt bəlkə də bu masa arxasında oturanların əksəriyyəti bu layihənin gerçəkləşəcəyinə inanmırdı. Əgər yadınızdadırsa, o zaman mən də məlumat verdim, ancaq özümdə də şübhə var idi. Ancaq tam səmimi deyirəm, Mehriban xanımın istər layihələşdirmə mərhələsində, istər tikinti mərhələsində işlərin gedişi ilə maraqlanması, bilavasitə həmin obyektlərə getməsi, bir sözlə, inadkarlığı sayəsində haradasa, 4-5 ay ərzində 132 məktəb tikildi. Burada qeyd olunduğu kimi məktəblərin də tam əksəriyyəti dağlıq yerlərdə tikilir, bu, işləri daha da çətinləşdirirdi. Amma buna baxmayaraq, ilin axırına qədər bu məktəblərin hamısı hazır oldu.

Azərbaycanın bölgələrində olan adamlar bilir ki, əksər məktəblərdə, hətta rayon mərkəzlərindəki məktəblərdə istilik sistemi yoxdur.

Mehriban xanım, o zaman siz inadkarlıqla hamıya - layihəçilərə, inşaatçılara tapşırdınız ki, bütün məktəblərdə istilik sistemi olmalıdır. Sonra, Azərbaycanda uzun müddət ərzində tikilən məktəblərin tam əksəriyyətinin damı şiferlə örtülübdür. Şifer heç bir standarta uyğun gəlməyən istər Avropada, istər başqa qitələrdə ümumiyyətlə, qadağan olunmuş bir tikinti materialıdır. Biz Mehriban xanımdan göstəriş aldıq ki, o materialın işlədilməsi qəti qadağandır. Yalnız metal və keramika - yəni ekoloji baxımdan zərərsiz material işlədilməlidir. Mən deyərdim, birinci dəfədir ki, Azərbaycanda 132 məktəbin dam örtüyü də, konstruktiv elementləri də bütün müasir tələblərə uyğundur. Düzdür, - Mehriban xanım, bunu siz mənə demisiniz, - bəzi çatışmazlıqlar olub, bunu bilirik. Çalışmışıq və çalışacağıq ki, bunları da aradan qaldıraq. Onu deyim ki, məktəblərin tam əksəriyyəti mərkəzləşdirilmiş qaydada yox, sobalar vasitəsilə qızdırılır. Ancaq bu dəfə Mehriban xanım tərəfindən belə bir məsləhət verildi ki, bütün məktəblərdə istilik sistemi olmalıdır, yəni siniflərdə soba qoyulması qəti qadağandır. İstər dağ kəndi, istər aran kəndi olsun, fərqi yoxdur, bütün məktəblərdə mərkəzləşdirilmiş istilik sistemi olmalıdır.

Mehriban xanım burada dedi - idman salonu məsələsi. Biz hələlik keçmiş normativlərlə işləyən adamlarıq, 240 yerlikdən aşağı məktəblərdə belə şeylər nəzərdə tutulmurdu. Amma biz bu normativləri bir kənara qoyduq. Həmin məktəblərin tam əksəriyyətində idman salonları və digər lazımi əlavə otaqlar nəzərdə tutulmuşdur. Bir məsələni də diqqətinizə çatdırmaq istərdim. 40 ildən çox inşaatda işləyən, sovet vaxtında onlarca məktəbin tikintisində iştirak edən adam kimi deyirəm ki, ən böyük problem avadanlıq təchizatı ilə əlaqədar idi. O vaxtlar Baltikyanı ölkələrdən gətirilən partalar hələ ən yaxşı avadanlıq sayılırdı, lakin onlar da elə bir şey deyildi. Ancaq xüsusi olaraq Fond tərəfindən alınan avadanlıq, deyərdim ki, ən müasir standartlara uyğundur.

Mehriban xanım, mən sizə bu barədə məlumat vermişdim, yenə demək istəyirəm.

On illərlə qeyri-münasib şəraitdə dərs deyən müəllimlər, habelə şagirdlər, sakinlər də inanmırdılar ki, belə qısa bir müddətdə kəndlərində bu cür gözəl məktəblər olacaqdır. Amma o proqram həyata keçirildikcə mən bu insanların, o cümlədən uşaqların sevincinin şahidi olmuşam. Mehriban xanım, hansısa məktəbin tikintisi ilə əlaqədar rayonlara gedəndə hamı sizə minnətdarlıq edirdi. Özünüz dəfələrlə bunun şahidisiniz, çünki istər tikinti vaxtı, istərsə də sonra məktəblərin çoxunda olmusunuz və bu insanlarda sizə qarşı olan məhəbbəti görmüsünüz. İndi də mütəxəssislər layihə işlərinə başlamaq üçün sizin tapşırığınızla rayonlara gedəndə bunun şahidi olurlar. Siz dediniz ki, bu mərhələdə 100-dən artıq məktəbin tikilməsi nəzərdə tutulur və sentyabrın 1-dək işlər başa çatmalıdır. İstər inşaatçılar, istər layihəçilər, istərsə də bizə kömək edən adamlar - hamımız çalışacağıq ki, məktəb binaları əvvəlkindən daha keyfiyyətli təhvil verilsin. Əvvəlkilərlə müqayisədə layihələrdə yeniliklər də nəzərdə tutulmuşdur.

Mehriban xanım, layihələri burada stenddə düzmüşük. Bunlar Azərbaycan Dövlət Layihə İnstitutunda işlənmişdir. Lazım olarsa, institutun direktoru Yaşar Mirzəzadə qısa məlumat verər. Ancaq onu deyə bilərəm ki, sizin tapşırığınıza əsasən, layihələrin hamısı aprelin sonuna qədər Təhsil Nazirliyinə veriləcəkdir.

Misir müəllim dedi, uzun müddət inşaatda işləyən adam kimi mən də təkrar edirəm ki, bir ildə Azərbaycanda 132 məktəbin tikilməsi möcüzəyə bənzəyən bir işdir. İnşaatçı yox, bir valideyn, bir vətəndaş kimi istərdim sizə öz dərin təşəkkürümü, minnətdarlığımı bildirim. Əmin ola bilərsiniz, hər bir azərbaycanlı əlindən gələni edəcək ki, sizin təşəbbüsünüz olan bu proqram vaxtında və keyfiyyətlə həyata keçirilsin. Diqqətinizə görə çox sağ olun!

“Azərdövlətbaşlayihə” İnstitutunun direktoru Yaşar Mirzəzadənin çıxışı

- Hörmətli Mehriban xanım!

- Hörmətli xanımlar və cənablar!

Böyük qürur və fəxr hissi ilə bu şərəfli işin - məktəb binalarının tikilməsinə dair layihələrin respublikanın aparıcı institutlarına tapşırıldığı üçün hörmətli Mehriban xanıma əvvəlcədən bütün kollektivlər adından öz minnətdarlığımı bildirmək istəyirəm.

Respublikamızın rayon və kəndlərinə ezam olunaraq topoqrafik və geoloji axtarış işlərinə başlayarkən kənd əhalisi - müəllimlər, şagirdlər gəlişimizin məqsədini, yəni Heydər Əliyev Fondu hesabına yeni məktəb binasının tikiləcəyini biləndə sevinclərini, minnətdarlıqlarını sizə çatdırmağı bizdən xahiş edirdilər. On illərlə məktəblər tikilmirdi, 2005-ci ildə isə 132 məktəb 3-4 ay ərzində inşa olundu. Biz layihəçilərin də fikrincə, bu, tarixi bir hadisə idi. Kəndlərin, qəsəbələrin sakinləri də bu işlərdə təmənnasız işləyir, ürəklə kömək edirdilər.

Hazırda layihələndirdiyimiz məktəblərin respublikamızın rayonlarında və Bakının ətraf qəsəbələrində tikilməsi nəzərdə tutulmuşdur. Rayon və kəndlərdə 100, 200 və 240 şagirdlik birtipli məktəblərin tikilməsi, Bakı ətrafı qəsəbələrdə isə 100, 180, 200, 240, 500 və daha artıq şagirdlik əlavə korpusların və idman salonlarının tikilməsi tapşırılmışdır. Əlavə korpusların tikiləcəyi məktəblərin əsaslı təmiri və istilik təchizatı da nəzərdə tutulmuşdur.

Keçən il kənd məktəbləri odun sobaları ilə qızdırılırdısa, bu il məktəbləri daş kömür və ya odunla işləyən qazanxanalar istiliklə təmin edəcəkdir.

Şagirdlərin sayı 240 və çox olan məktəblərdə idman salonları da layihələndirilmişdir. Məktəb binalarının tikintisində işlənilən inşaat materialları əsasən yerli materiallardan ibarətdir. Belə ki, əsas yükdaşıyan divarlar əhəngdaşıdan, arakəsmələr kərpicdən, örtüklər monolit dəmir-betondan, çardaq tipli dam örtüyü metal kirəmitdən, döşəmələr taxtadan, pəncərələr metal plastikdən, qapılar isə ağac materiallarından olacaqdır. Məktəblərin plan həllində bəzi dəyişikliklər aparılmışdır.

Layihələndirmə artıq başa çatmaq üzrədir. Ekologiya, yanğından mühafizə məsələləri və s. müvafiq qurumlarla razılaşdırılaraq Dövlət Baş Ekspertiza İdarəsinin rəyindən sonra yaxın günlərdə sifarişçiyə təqdim ediləcəkdir. Hörmətli Mehriban xanım, bir daha sizə öz minnətdarlığımızı bildirir, respublikamızın inkişafı üçün gələcək layihələrinizdə bizim də iştirak etməyimizi arzulayaraq sizə uğurlar diləyirik.

Mehriban ƏLİYEVA: Çox sağ olun! Mən qeyd etdim ki, biz bu layihənin birinci mərhələsini həyata keçirərkən böyük təcrübə qazandıq. Abid müəllim, siz düz dediniz, artıq istifadəyə verilən məktəblərə baxanda görürük ki, bir sıra qüsurlar var. Bu da təbiidir, çünki çox irimiqyaslı bir layihədir və olduqca qısa müddətdə həyata keçirildi. Məqsəd belə qoyulmuşdu ki, çox qısa bir zamanda tikinti başa çatsın. Çünki o məktəblərdəki şəraiti buradakı tədbirdə hamımız görmüşdük. Mən hesab edirəm ki, o cür şəraitdə nəinki təhsil almaq, orada heç 5-10 dəqiqə qalmaq da çətin idi. Ona görə də tikintidə bəzi qüsurlar oldu. İkinci mərhələdə onlar təhlil edilir, öyrənilir. Siz dediniz, təbii ki, bugünkü müasir dünyada artıq o normativlər işləyə bilmir. Ona görə də biz müasir tələblərə cavab verən məktəblər inşa edəcəyik. İkinci mərhələdə istilik sistemi artıq mərkəzləşmiş olacaq, başqa səhvlər də aradan qaldırılacaqdır. Bir də qeyd edirəm ki, belə layihənin həyata keçirilməsi yalnız birgə səylərimizin nəticəsidir. Yerli insanlar da nə qədər həvəslə, canıyananlıqla inşaatçılara kömək edirdilər. Sahibkarlar, şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus - hamının birgə səyləri nəticəsində belə bir layihəni qısa zamanda reallaşdırmaq mümkün oldu.

* * *

Sonra YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Hana Singerə söz verildi.

YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Hana Singerin çıxışı

- Çox sağ olun Mehriban xanım! Mən çox fərəh hissi ilə görürəm ki, üzərinizə götürdüyünüz öhdəliklər hökumətin ən yüksək rütbəli şəxsləri tərəfindən bu cür qavranılır, ölkə rəhbərliyi buna xüsusi diqqət yetirir. Bilirəm ki, gələcək illər ərzində get-gedə iş artacaqdır. Çox şadam ki, Azərbaycanda yeni məktəblərin tikintisi üçün can yandırırsınız, buna böyük ehtiyac var. Nəzərə almalıyıq ki, böyük çətinliklər var, iş çətindir, mürəkkəbdir. Ancaq eyni zamanda, avadanlıqla təchizata xüsusi diqqət yetirilməlidir. Səhiyyə Nazirliyi də nəzər yetirməlidir ki, orada hər şey beynəlxalq standartlara uyğundur, yoxsa yox.

Burada söhbət uşaqlardan gedir. Xüsusi diqqət yetirilməlidir ki, həm tədris edənlər, həm də təhsil alanlar arasında interaktiv bir əlaqə olsun. Tədris sisteminə daha çox adi insanlar cəlb olunmalı və eyni zamanda, müəllimlər üçün də treninqlər təşkil edilməlidir. Əgər biz uğurlardan danışırıqsa, təhsilin yüksək səviyyədə həyata keçirilməsini arzulayırıqsa, onun standartlarına xüsusi nəzər yetirməliyik. Mən səmimi qəlbdən hamınıza bildirirəm ki, bu gün Azərbaycanda çox vacib bir layihənin artıq ikinci mərhələsinə başlanır. Mehriban xanım, sizə təbriklərimi yetirirəm, təhsil işçilərini təbrik edirəm.

Mehriban ƏLİYEVA: Çox sağ olun! Siz qeyd etdiyiniz problemlər çox aktualdır və həm Fondda, həm də dövlət strukturlarında onlar barədə hər zaman düşünürük. Tikinti işləri ilə yanaşı, təhsilin səviyyəsi təhsil sisteminin yeniləşməsi çox aktual problemdir. Siz bilirsiniz, proqram qəbul edilib ki, məktəblər kompyuterləşdirilməlidir. Biz yüksək texnologiyaları məktəblərə gətirməyə çalışırıq. Əlbəttə, bu baxımdan müəllimlərin treninqi çox mühüm məsələdir və dövlət tərəfindən də bununla bağlı bir sıra layihələr hazırlanır. Fond da bu istiqamətdə işlər aparır.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzenin çıxışı

- Hörmətli Mehriban xanım!

Xanımlar və cənablar!

Bir il bundan əvvəlki görüşdə iştirak edərkən mənə də çətin görünürdü ki, təhsil sahəsində belə irimiqyaslı layihə qısa müddətdə necə həyata keçirilə bilər. Biz çox şadıq və görürük ki, düşündüyümüzdən də artıq iş görmək olarmış. Mən çox şadam ki, belə şərəfli bir layihə sizin rəhbərlik etdiyiniz Fond tərəfindən uğurla həyata keçirilir, ikinci mərhələyə daha nikbinliklə başlayırsınız. Sizə və bu layiqli işlərdə sizə köməkçi olanların hamısına öz həmkarlarım adından təşəkkür edirəm. Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun Azərbaycanın inkişafı naminə gördüyü işlərdəki uğurlarına sevinirik. Biz Fondla əməkdaşlığa, sizin elan etdiyiniz xeyirxah məramlı hər bir çağırışa səs verməyə, onu dəstəkləməyə hər zaman hazırıq.

Mehriban ƏLİYEVA: Çox sağ olun! Fond hər zaman əməkdaşlığa hazır olan bir təşkilatdır. Biz bəyan etmişik ki, dövlət qurumu və ya qeyri-dövlət qurumu, yaxud diplomatik korpus tərəfindən olsun - biz hər cür əməkdaşlığa hazırıq.

Hazırda Heydər Əliyev Fondu tərəfindən proqram hazırlayırıq ki, ölkə xaricində - Rusiyada, Gürcüstanda yaşayan azərbaycanlı şagirdlər üçün də ilk mərhələdə belə məktəblər tikilsin. Bu da böyük, geniş bir proqramın ilk mərhələsidir. Gələcək görüşlərdə yəqin ki, bu haqda ətraflı danışacağıq. Təkliflərinizə görə təşəkkür edirik.

Əziz dostlar! Mən sonda inşaatçılara, layihə institutunun əməkdaşlarına, dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, iş adamlarına bir daha öz təşəkkürümü bildirmək istəyirəm ki, onlar çox böyük kömək göstərdilər, bizim birgə səyimizlə bu layihə həyata keçirildi. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin birinci mərhələsi Heydər Əliyev Fondunun cəmiyyətdə mövqeyini nümayiş etdirdi, ən əsası odur ki, böyük inam yaratdı. İradə olan, istək olan yerdə çox problemlər öz həllini tapır, çox işlər görülür. Ona görə mən inanıram ki, ikinci mərhələ də çox uğurla başa çatacaqdır. Bu istiqamətdə biz işlərimizi davam etdirəcək və gələcəkdə daha böyük uğurlar qazanacağıq. Çox sağ olun!

* * *

Sonra monitorda ötən il inşa edilən məktəblərin köhnə və yeni binaları, habelə bu il inşasına başlanacaq təhsil obyektlərinin hazırkı vəziyyəti nümayiş etdirildi, yeni layihələrə baxış oldu. "Dəyirmi masa" iştirakçıları fondun mədəniyyət, təhsil layihələri, kitablar, dərslik və məktəb ləvazimatlarından ibarət sərgi ilə də tanış oldular.


Xalq qəzeti.- 2006.- 7 aprel.- № 74.- S. 3.