Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsi təşəbbüsünə Türkiyədə yaşayan həmvətənlərimiz də qoşulmuşlar
Türkiyədə yaşayan həmyerlimiz Samir Cəfərov da Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının reallaşmasına öz töhfəsini verir. Şəxsi vəsaiti ilə Əzizbəyov rayonunun Qışlaq kəndində ümumi sahəsi 450 kvadratmetr olan məktəb binası tikdirən Samir bu təhsil ocağının sentyabrın 15-dək istifadəyə veiləcəyini, müasir avadanlıqla, kompüterlərlə təmin ediləcəyini bildirir. Həmyerlimiz qardaş ölkədəki məşhur Bursa Uludağ Universitetinin beynəlxalq hüquq fakültəsini bu təhsil ocağı üzrə ən yüksək balla bitirmiş, İstanbuldakı Hacəttəpə Universitetində alimlik dərəcəsi almışdır. Onun Türkiyədə nəşr edilən elmi əsərləri, məqalələri maraqla qarşılanır. Həm də Moskva Dövlət Universitetinin siyasət elmləri üzrə məzunu olan 31 yaşlı azərbaycanlı alimin bu günlərdə Rusiya paytaxtındakı “Paleotip” nəşriyyatında çapdan çıxmış Rusiya– NATO əlaqələrinin tarixi təhlilinə və perspektivlərinə həsr olunmuş monoqrafiyası görkəmli politoloqlar, nüfuzlu mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Hazırda Rusiya və Türkiyədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Samir Heydər Əliyev Fondunda və AzərTAc-da olmuş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinin bu ölkələrdə də geniş əks-səda yaratdığını faktlarla açıqlamışdır. Özünün də Mehriban xanımın televiziya ilə çıxışına baxandan sonra onun xalqımızın işıqlı gələcəyinə yönəlmiş xeyirxah, nəcib təşəbbüsünə qoşulmaq qərarına gəldiyini bildirmişdir.
Qeyd edək ki, hazırda Türkiyə universitetlərində təhsil alan 9 azərbaycanlı tələbəyə himayədarlıq edən Samir Cəfərovun babası mərhum Cəlal Musayev 50 il Gürcüstanın Dmanisi (Başkeçid) rayonunun Yuxarı Oruzman kənd orta məktəbinin direktoru işləmiş, əməkdar müəllim, İttifaq əhəmiyyətli təqaüdçü olmuş, nüfuzlu, ləyaqətli el ağsaqqalı, xeyirxah ziyalı kimi tanınmışdır. Keçmiş Sov.İKP.MK-nın Baş katibi Nikita Xruşşov, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bu məktəbdə olmuş, Cəlal müəllimin rəhbərlik etdiyi təhsil ocağının təcrübəsinin yayılmasının vacibliyini bildirmişlər.
Gənc hüquqşünas və politoloq alim, iş adamı Samir Cəfərov da bu fikirdədir ki, indi ölkəmizdə təhsilin maddi-texniki bazasının yeniləşməsi, müasir təhsil islahatlarının reallaşması üçün aparılan məqsədyönlü işlər Azərbaycanın gələcək inkişafının sağlam təməl üzərində qurulduğuna əyani sübutdur və imkanı olan hər kəs bu xeyirxah işə dəstək verməlidir.
Xalq qəzeti.- 2006.- 7 iyul.- № 149.- S. 6.