Milli-mədəni irsimizə misilsiz qayğı nümunəsi
Xalqımız YUNESKO-nun xoşməramlı səfiri, “2005-ci ilin adamı” seçilmiş Mehriban xanım Əliyevanın fəaliyyətini məhz belə qiymətləndirir
Fevralın ilk günü Heydər Əliyev Fonduna Rusiyanın “Puşkin kitabxanası” Fondundan çoxsaylı kitabların təqdim olunması hamının yadındadır. Həmin mərasimdən sonra Azərbaycanın kütləvi informasiya vasitələrinə müsahibə verən Moskva Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, professor Tatyana Alekseyeva Heydər Əliyev Fondu, fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti barədə maraqlı fikirlər söyləmişdi: “Bu fond böyük bir siyasətçinin adını yaşatdığına görə quruma məhz Heydər Əliyevin, Azərbaycanın adına layiq şəxsin rəhbərlik etməsi çox mühüm bir faktdır. Xanım Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan qadınının böyük keyfiyyətlərini nümayiş etdirir, bu xalqın tarixi ənənələrini yaşadır, qoruyur, inkişaf etdirir”. Rusiyalı alimin həmin fikirləri Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmiş, qədirşünaslıq nümunəsi kimi qəbul edilmişdir. Elə Azərbaycan xalqının özü də Heydər Əliyev Fondunun ildən-ilə genişlənən fəaliyyətini alqışlayır, fondun rəhbərliyinin həyata keçirdiyi istənilən addımı böyük məmnunluqla qarşılayır.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu özünün ənənəvi “İlin adamı” nominasiyası üzrə çoxsaylı sorğu və tədqiqatlarının 2005-ci il üçün olan nəticələrini elan edəndə ölkə ictimaiyyəti bu nəticəni çox böyük məmnunluqla qarşıladı. Tədbirin təşkilatçıları “İlin adamı”nı müəyyənləşdirmək üçün ölkə, xalq, müstəqil dövlət qarşısında xidməti olan çoxsaylı soydaşlarımızın fəaliyyətini götür-qoy etmiş (çox şadıq ki, belə soydaşlarımız həqiqətən çoxsaylıdır) və konkret nəticəyə gəlmişlər: “Ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli-mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ”2005-ci ilin adamı" elan edilir". İctimai həvəsləndirmə və təşviqetmənin ciddi atributuna çevrilən “İlin adamı” mükafatının Mehriban Əliyevaya təqdim edilməsi (tədbir yanvarın 31-də “Park İnn” mehmanxanasının böyük mərasim salonunda keçirilmişdir) barədə televiziya süjetləri ölkənin pedaqoji kollektivləri, mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, qaçqın və məcburi-köçkünlər, şəhid ailələri, Qarabağ əlilləri, idmançılar, gənc nəslin bütün nümayəndələri — deməli, ölkə ictimaiyyəti tərəfindən sevinclə qarşılandı.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev təqdimetmə mərasimindəki çıxışına çox orijinal bir şəkildə, orijinal olduğu qədər də rəmzi məna kəsb edən formada başladı. O, tədbir iştirakçılarına məhz “2005-ci ilin adamının” - Mehriban xanım Əliyevanın bir müddət əvvəl söylədiyi fikirlərlə müraciət etdi: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”. Çox maraqlı fikirdir. Hər kəs öz həyat kitabını yazır. Bu kitab müstəqim mənada (yəni çap məhsulu kimi) da ola bilər, qələmə alınmamış böyük fəaliyyət proqramı şəklində də. Mehriban Əliyevanın həyat kitabı barədə çoxsaylı kitablar, qəzet-jurnal məqalələri qələmə alınsa da, o, öz kitabını yeniləşən Azərbaycanın sabahına elm, təhsil, mədəniyyət körpüsü salan fəaliyyəti ilə yazır. O kitabın səhifələrində nələr var? Gəlin, baxaq.
Ölkənin birinci xanımının diqqət yetirdiyi sahələrin siyahısına fikir verəndə, Heydər Əliyev Fondunun Vətən və millət yolunda müqəddəs bir mücadiləsinin şahidi oluruq.
Birinci. Milli genefondumuz olan uşaqlara qayğı. Xanım Əliyeva elə bir ay olmur ki, xəstə, əlil, valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı internat məktəblərinə getməsin və həmin kövrək ünvanlara yardım etməsin. Bir qələm sahibi kimi həmin ünvanlara bizim də yolumuz dəfələrlə düşüb və üç il, beş il əvvəlki internatlarla indiki analoji müəssisələri müqayisə edəndə insanın ürəyindən ancaq və ancaq bir hiss keçir — minnətdarlıq. Yaxud, diabetli və talassemiyalı uşaqlara qayğı ilə bağlı olan proqramların reallaşdırılmasını yada salaq. Birbaşa Səhiyyə Nazirliyinin vəzifəsi olan bu məsələ uzun müddət nazirliyin “yadından çıxmışdı”. Heydər Əliyev Fondu bu məsələni günün ən ümdə məsələlərindən birinə çevirdi. Hər günü, hər saatı dərman və preparatlar tələb edən həmin xəstə uşaqların valideynlərinin ürəyini oxumaq olsaydı, yəqin ki, həyatda ən böyük minnətdarlıq ifadələri ilə rastlaşardıq. Uşaqlarla bağlı daha möhtəşəm proqram isə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsidir. Bu proqram əsasında təkcə məktəblər deyil, uşaq evləri və internat məktəbləri də tikilir və ya bərpa edilir. Prezident İlham Əliyevin bölgələrə istənilən səfəri zamanı rayonlarda yeni məktəblər açılır və həmin tədbirlərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəxsən iştirak edir. Məsələn, dövlət başçısının ölkənin cənub bölgəsinə sonuncu səfəri zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi üzrə Astara və Lənkəran rayonlarında inşa edilən məktəblərdə olmuşdur. Astaranın Təngərüd, Lənkəranın isə Şağlaküçə kəndlərinə gələn Mehriban Əliyeva müəllim və şagirdlərlə görüşmüş, gələcəkdə də bu qəbildən olan tədbirlərin davam etdiriləcəyini söyləmişdir. Bu istiqamətdə atılan addımlardan bəhs edən xanım Əliyeva dedi ki, artıq adı çəkilən layihə üzrə Azərbaycanda 22 min şagird yeri olan 132 yeni məktəb tikilmişdir.
İkinci. Azərbaycanın mədəni-tarixi irsinə qayğı və ehtiram. 2005-ci ildə işıq üzü görmüş “Qarabağ xanəndələri” və “Qarabağ həqiqətləri” albomlarını yada salaq. Respublikanın xalq artisti, tanınmış muğam ustası Habil Əliyev “Qarabağ xanəndələri” albomunun təqdimatı zamanı demişdir: “Azərbaycan musiqi mədəniyyəti tarixində ilk böyük hadisə olan bu albomu ərsəyə gətirənlər Cabbara, Seyidə, Xana, Zülfiyə ehtiramla yanaşmaq nümunəsi göstərdilər. Bu albom Azərbaycan xalqına xidmətin, mənəvi abidələrimizə qayğının misilsiz nümunəsidir. Bu nümunələrə görə xalq Heydər Əliyev Fonduna, onun rəhbərliyinə daim minnətdar olacaqdır”. Üçüncü. Azərbaycanı beynəlxalq aləmdə ölkəmizin və xalqımızın adına layiq təmsil etmək. YUNESKO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyevanın Parisdə, bu mötəbər beynəlxalq təşkilatın toplantısında iştirakı, oradakı çıxışları, Azərbaycan həqiqətlərini söyləməsi, xalqımızın maddi mədəniyyət nümunələrinin YUNESKO-nun “mədəni irs” siyahısına salınması üçün həyata keçirdiyi tədbirlər heç kəsin yadından çıxmayıb. Maddi-mədəniyyət nümunələrimizin bərpası və mühafizəsi ilə məşğul olan mütəxəssislər Mehriban Əliyevanın həmin fəaliyyətini “Azərbaycan abidələrinə azərbaycanlı qadının, xanımın göstərdiyi analıq qayğısı” kimi qiymətləndirdilər.
Nəhayət, Heydər Əliyev Fondunun prezidenti eyni zamanda ölkəmizin qanunverici orqanı olan Milli Məclisin deputatıdır. Bakının Əzizbəyov rayonundan deputat seçilmiş Mehriban Əliyevanın seçicilərində belə bir inam var idi: “Onun indiyədək həyata keçirdiyi tədbirlər sübut edir ki, parlamentdə xalqın sabahı, dövlətin gələcəyi üçün gərəkli olan qanunların qəbul edilməsinə çalışacaq”. Əzizbəyov rayon 14 saylı seçki dairəsinin Zirə qəsəbəsində yerləşən 23, 24, 25 və 26 saylı seçki məntəqələrində səs vermiş seçicilərin adından “Xalq qəzeti”nə məktub ünvanlamış qəsəbə ağsaqqallarından – S.Əmirov, Ə.Babayev, R.Rzayev, A.Mövsümov, T.Əliyev, H.İsayev, E.Quliyev, E.Haşımov, Ə.Kərimov, M.Rüstəmov, A.Məmmədov, M.İlyai və başqaları Mehriban xanım Əliyevanı təbrik edərək əmin olduqlarını bildirirlər ki, o, ölkəmizdə demokratikləşmə prosesinin dərinləşməsinə, sosial-iqtisadi problemlərin həllinə bundan sonra da misilsiz töhfələr verəcəkdir. Bir sözlə, ölkə ictimaiyyəti və xarici müşahidəçilər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı yeniləşən Azərbaycanın sabahına elm, təhsil, mədəniyyət körpüsü salan siyasətçi kimi qiymətləndirirlər. El həmişə həqiqəti söyləyib, elin gözü tərəzidir. Çingiz Mustafayev Fondunun və ANS Şirkətlər Qrupunun təqdim etdiyi “2005-ci ilin adamı” mükafatı da məhz elin, xalqın Vətən üçün, xalq üçün iş görən adama verdiyi qiymətin təzahürüdür. Heydər Əliyev Fondu və fondun rəhbərliyi xalq adından verilən bütün mükafatlara layiq olduğunu çoxdan sübut edib.
İttifaq Mirzəbəyli
Xalq qəzeti.- 2006.- 8 fevral.- № 27.- S. 2.