Marsio Barbosa: “Mehriban Əliyeva xoşməramli səfirlər üçün örnəkdir”
“Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfirləri üçün örnəkdir”. Bunu YUNESKO Baş direktorunun müavini Marsio Barbosa Moskvada keçirilən mətbuat konfransında AzərTAc-ın müxbirinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti barədə sualına cavab verərkən bildirmişdir.
Marsio Barbosa vurğulamışdır ki, Mehriban xanımın xoşməramlı səfir qismində genişmiqyaslı fəaliyyəti çox yüksək qiymətləndirilir. Marsio Barbosa demişdir: “O, çox fəaldır və fəaliyyəti çərçivəsində çox işlər görür. Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfirlərinin bütün görüşlərində fəal iştirak edir. Bu ilin martında onunla Parisdə görüşümüzü və əməkdaşlığın müxtəlif məsələlərini müzakirə etməyimizi məmnunluqla xatırlayıram. O, təhsil sahəsində, sosial sahədə olduqca çox işlər görür və bu, YUNESKO-nun ideyalarının yayılması üçün çox vacibdir”.
Respublika.- 2007.- 1 sentyabr.- № 195.- S. 1.