Heydər Əliyev Fondu ilk tədbirini keçirdi
S. Bəhlulzadə adına sərgi salonunda uşaq evləri və internat məktəbləri şagirdlərinin “Mən Azərbaycanı sevirəm” mövzusunda rəsm əsərlərinin sərgisi keçirildi.
Buraya ölkəmizin müxtəlif guşələrinin uşaq evlərindən və internat məktəblərindən uşaqlar toplaşmışdı. Hamısının da əynində üzərində “Heydər Əliyev Fondu” yazılmış paltar vardı. Onlar dəstə-dəstə sərgidəki əsərlərin qarşısından ötür, müzakirə aparırlar. Hiss olunur ki, uşaqlar bu gün özlərini olduqca xoşbəxt hiss edirlər.
Bir azdan Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva sərgiyə təşrif buyurur. Mehriban xanım uşaqlarla görüşür, sonra sərgi ilə tanış olur. Sərgi ilə tanışlıq başa çatdıqdan sonra rəsmi mərasim başladı. Söz Heydər Əliyev Fondunun prezidentinə verildi. Mehriban xanım sərgi iştirakçılarına müraciətlə dedi:
- Əziz dostlar! Hər şeydən əvvəl mən bu gözəl uşaqlara “çox sağ olun” demək istəyirəm. Mən sərgini gəzdim, onların işləri ilə tanış oldum. Sözün doğrusu, o qədər gözəl rəsm əsərləri gördüm ki, onlar haqqında danışmaq mənim üçün çox çətindir. Mən uşaqlara üzümü tutub “Heydər Əliyev Fonduna xoş gəlmisiniz” deyirəm.
Bu gün siz məni öz məktəblərinizə dəvət etdiniz. Mən hamınızın yanına gələcəyəm. Bildiyiniz kimi, bu il mayın 10-da Heydər Əliyev Fondunun təqdimat mərasimi keçirildi və fond öz işinə başladı. Heydər Əliyev Fondunun çox böyük planları var. Bir tərəfdən bu fondda çox geniş miqyaslı layihələr hazırlanıb həyata keçiriləcək, Azərbaycanı dünyada tanıtmaqda bu fondun xüsusi xidmətləri olacaq, Azərbaycanda mövcud olan problemlərin həllində fond yaxından iştirak edəcəkdir. Bu problemlərin arasında ən vacibi uşaqlarla bağlı məsələlərdir. Ona görə də təsadüfi deyil ki, fondun ilk aksiyası kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqların rəsm əsərlərinin sərgisinin keçirilməsi oldu. Azərbaycanda 65 uşaq evi və internat məktəb vardır. Bunlarda 20 minə yaxın uşaq tərbiyə alır. Kiminin valideynləri tamamilə yoxdur, bəzilərinin ya atası, ya da anası var. Elə uşaqlar da var ki, valideynləri var, ancaq uşaq onlarla yaşamır. Burada olan uşaqların bəziləri ağır xəstəlikdən əzab çəkirlər. Digər tərəfdən, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var, onların da uşaqları çox ağır vəziyyətdə yaşayırlar. Bəzən məktəbə getməyə, təhsil almağa imkanları olmur. Lazımi tibbi yardım ala bilmirlər. Mən inanıram ki, bu problemlər çox yaxın gələcəkdə öz həllini tapacaq.
Bugünkü tədbirlə mən istəyirdim ki, biz hamımız diqqətimizi bu uşaqlara yönəldək, onlarla birlikdə olaq. Onlara kömək etmək lazımdır. Sabah gec ola bilər. Mən çox şadam ki, bu tədbirin təşəbbüsçüsü Heydər Əliyevin nəvəsi Leyla Əliyevadır. O özünün dostları ilə gözəl, işgüzar bir komanda yaratmışdır. Onlar iki ay ərzində Bakının bütün uşaq evlərinə, internat məktəblərinə gedib, uşaqlarla tanış olublar, onlara hədiyyələr aparıblar. Sərgi haqqında da orada uşaqlara məlumat veriblər. İnanıram ki, gələcəkdə də bu cür görüşləri davam etdirəcəklər. Mən burada çoxlu gənclər görürəm və inanıram ki, onlar da bu hərəkata qatılacaqlar. Heydər Əliyev Fondu çətin şəraitdə yaşayan kimsəsiz və əlil uşaqlara kömək üçün gələcəkdə xüsusi proqramlar hazırlayıb həyata keçirəcəkdir. Hesab edirəm ki, bu, çox gözəl bir başlanğıcdır və sizin hamınızı bu yolda bizimlə bir yerdə olmağa çağırıram.
Sonra söz İtaliyanın Azərbaycandakı səfirinə verildi. Rus dilində çıxış edən Marqarita Kosta dedi: “Hörmətli Mehriban xanım, bu əlamətdar sərgidə iştirak etmək mənim üçün çox şərəflidir. Bu sərgi bizə bir daha göstərdi ki, Azərbaycan uşaqları həqiqətən çox istedadlıdırlar. Mən bundan əvvəl ”Azərbaycan uşaqların gözü ilə" sərgisində də iştirak etmişəm. O sərgi də məni valeh etmişdi. Mən Azərbaycan uşaqlarını həqiqətən çox sevirəm. Bu gün mən fəxr edirəm ki, bir azərbaycanlı oğlanın anasıyam. Mən onu övladlığa götürəndə bu uşaq nə yeriyə, nə danışa bilirdi. İndi o həm gözəl yeriyir, gözəl də danışır. Hətta futbol da oynayır. Yəqin ki, gələcəkdə çempion olacaq. Mən Heydər Əliyev Fondunun yaradılmasını alqışlayıram. Sevinirəm ki, bu fondun prezidenti, bizim sevimlimiz xanım Mehriban Əliyevadır. Biz birlikdə bu uşaqlara belə gözəl günlər, xoş anlar bəxş edə bilərik. Mən bütün yer üzünün uşaqlarına xoşbəxtlik arzulayıram. Qoy bu körpə rəssamların əsərləri onların daxili aləmləri kimi gözəl və işıqlı olsun.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov isə öz çıxışında bu sərginin təşkilini mühüm hadisə adlandırdı. Qeyd etdi ki, ilk dəfə Heydər Əliyev Fondu belə bir sərgi təşkil edib. Bu sərgi “Mən Azərbaycanı sevirəm” adlanır. Ümummilli liderimiz Vətənimiz Azərbaycanı, onun uşaqlarını həqiqətən çox sevirdi. Və mən şadam ki, bu böyük şəxsiyyətin adını daşıyan fond bu gün ilk tədbirini uşaqlara həsr edib. Biz çox yaxşı bilirik ki, Mehriban xanım neçə illərdir Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə xüsusi diqqət göstərir və bu yöndə ciddi işlər görür. Bu haqda çox danışmaq olar. Ancaq onu demək istəyirəm ki, son vaxtlar sənətkarlarımız haqqında kitablar buraxılır, onların yubileyləri qeyd olunur, rəssamlarımızın sərgiləri keçirilir. Heydər Əliyev Fondu bu istiqamətdə daha böyük işlər görməyi nəzərdə tutub. Mən inanıram ki, Fondun həyata keçirdiyi tədbirlər böyük öndərimizin adına layiq olacaqdır.
Bugünkü sərgi çox vacibdir. Bu, kimsəsiz, bizim qayğımıza möhtac olan uşaqların sərgisidir. Biz bu işi bu gün görməsək, sabah gec ola bilər.
Fərhad müəllim onu da bildirdi ki, Rəssamlar İttifaqı Fondun bu istiqamətdə keçirdiyi tədbirlərə həmişə yardımçı olmağa hazırdır.
Sonra gənclər qrupunun uşaq evlərində və internat məktəblərdə görüşlərini əks etdirən sənədli film nümayiş etdirildi.
Mehdi Mükərrəmoğlu
Xalq qəzeti.- 2004.- 4 sentyabr.- № 205.- S. 7.