Azərbaycan Prezidenti Heydər Əliyev “Vivaldi-Orkestr”in xeyriyyə konsertində olmuşdur
Dekabrın 20-də Bakıda, Akademik Opera və Balet Teatrında Rusiya Dövlət Akademik Kamera Orkestrinin - «Vivaldi-orkestr»in xeyriyyə konserti olmuşdur. Konserti Azərbaycan Mədəniyyətinin Dostları Fondu və «Most-bank» təşkil etmişlər.
Salona toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə qarşıladılar.
«Most-bank»ın prezidenti Vladimir Qusinski konsertin başlanmasından əvvəl çıxış edərək dedi ki, bu konsert «Most-bank»ın törəmə bankı olan «Most-bank Azərbaycan»ın fəaliyyətinin bir illiyinə həsr olunmuşdur. O, bu bankin ölkəmizdə uğurla fəaliyyət göstərməsinə imkan yaradıldığına görə Azərbaycan Prezidenti Heydər Əliyevə təşəkkür etdi.
Sonra Azərbaycan Mədəniyyətinin Dostları Fondunun İdarə Heyətinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək bədii rəhbəri, dirijoru və solisti Rusiyanın xalq artisti Svetlana Bezrodnaya olan orkestri yenidən dinləmək üçün yaradılmış gözəl imkana görə «Most-bank»a Fondun adından və ilk növbədə onun həmsədrləri adından minnətdarlığını bildirdi. F. Bədəlbəyli Azərbaycan mədəniyyətinin inkişafına Fondun töhfəsindən danışdi.
Sonra «Vivaldi-orkestr»in konserti başlandı. Vivaldinin, Motsartin, Ştrausun, Sibeliusun, Şostakoviçin, Qara Qarayevin, Korellinin, Dvorjakın, Andersonun əsərləri səsləndi. SSRİ xalq artisti, Rusiyanın dövlət mükafatı laureatı pianoçu Nikolay Petrov və beynəlxalq müsabiqələr laureati, P.İ. Çaykovski adına X beynəlxalq müsabiqənin Qran-pri mükafatına layiq görülmüş müğənni Xiblı Gerzmava Baxın, Verdinin və Koççinin əsərlərini ifa etdilər.
Tamaşaçılar Rusiyanın məşhur teatr və kino aktyoru, «Donuzabaxan qız və çoban» filmindən tanış olan SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Vladimir Zeldini səmimi qarşıladılar. O, həmin filmdən monoloqu və mahnını ifa etdi. V. Zeldin 1983-cu ildə Bakıya qastrol səfərini xatırlayaraq konsertlərin birindən sonra Heydər Əliyevlə görüşündən danışdı və onun son dərəcə ağıllı və olduqca cəzbedici insan olduğunu bildirdi. Aktyor dedi ki, Azərbaycanın bəxti çox gətirmişdir ki, onun Heydər Əliyev kimi rəhbəri var. Svetlana Bezrodnaya da səmimi qarşılandıqlarına görə dövlətimizin başçısına, habelə tamaşaçılara minnətdarlığını ifadə etdi. O dedi ki, Bakı artistlər üçün xoşbəxt şəhərdir, vaxtılə məşhur olan «Bakının musiqili payızı» festivalında iştirak etmək üçün «Vivaldi-orkestr» də 1989-cu ildə, yarandığından cəmi yarım il sonra buraya dəvət olunmuşdur. S. Bezrodnayanın dediyi kimi, orkestrin öz həyatında ilk iki konsertin məhz Bakıda verməsi kollektivin sonrakı fəaliyyəti üçün vizit vəsiqəsi olmuşdur. О zaman konsertin Bakıda çəkilmiş lenti dünyanın bütün ölkələrini dolaşmışdır. S. Bezrodnaya V. Zeldinin Azərbaycan Prezidenti Heydər Əliyev haqqında dediyi sözlərə şərik çıxaraq vurğuladı ki, dövlət başçısının müdrikliyi və təmkini, daxili və zahiri gözəlliyi bütünlükdə Azərbaycanın simasını müəyyən edir. О, dövlətimizin başçısına uğurlar və cansağlığı dilədi.
* * *
Prezident Heydər Əliyev konsertdən sonra orkestrin musiqiçiləri ilə görüşdü. Dövlətimizin başçısı «Vivaldi-orkestr»in yüksək peşəkarlığını vurğulamaqla yanaşı Azərbaycan incəsənətinin də yüksək səviyyəsini qeyd etdi. Ölkəmizin rəhbəri «Vivaldi-orkestr»in kollektivinə gələcək fəaliyyətində uğurlar, xoş günlər arzuladı, onu qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etdi və Bakıya bir daha gəlməyə dəvət etdi.
Konsertdə baş nazir Artur Rəsizadə, xarici işlər naziri Həsən Həsənov, mədəniyyət naziri Polad Bülbüloğlu, xarici ölkələrin Bakıdakı səfirliklərinin başçıları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, digər rəsmi şəxsi şəxslər də olmuşlar.
Azərbaycan.- 1996.- 21 dekabr.- № 245.-S. 1.