Çap etmək   ⁞     ⁞   Millət vəkili

Mehriban Əliyeva: "Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir"

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müraciəti əsasında Milli Məclisdə amnistiya ilə bağlı qərarın qəbulu Fondun humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir


Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsinə həsr olunan xüsusi iclasda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik”.

Humanizm demokratiyanın vacib amillərindəndir. İlk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil dövlətimiz bu istiqamətdə bütün maneələri dəf edərək, həyata keçirdiyi uğurlu islahatları ilə dünyanın diqqətində dayandı. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini dünyaya nümayiş etdirdi. Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün ölkəmizin normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir. İnsan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planının təsdiq olunmasından ötən dövr ərzində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan dövlətinin siyasətində insan amilinə yüksək dəyər verilməsi təqdir olunan hal kimi önə çəkilir.

Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib. 2009-cu ilin martında keçirilən referendumda Konstitusiyamızın 29 maddəsinə edilən 40-dan çox əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir.

Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəklənir. İqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın. Milli Fəaliyyət Planında da qarşıya qoyulan vəzifələr insanların təmsil olunduqları təbəqələr, struktur, sahələr, təşkilatlar üzrə müəyyənləşdirilmişdir. Ana və uşaqların qorunmasını, valideyn məsuliyyətini, işsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutan bəndlərin icrasına diqqət Proqramda əksini tapır. Azərbaycanın son illərdə sürətlənən iqtisadi inkişafı, maddi, maliyyə potensialımızın artması, dünya birliyində mövqelərimizin yüksəlməsi qeyd edilən sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi imkanlarını artırır. Son illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, əmək haqqı və pensiyaların bir neçə dəfə artması, işsizliyin və yoxsulluğun 5 faizə endirilməsi Milli Fəaliyyət Planında müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsi üçün etibarlı bazadır. İqtisadi uğurların bərabərlik prinsipi baxımından tənzimlənməsini nəzərdə tutan bu sənəddə göstərilən müddəaların verilmiş vaxt müddətində yerinə yetirilməsi insanların həyat tərzinə müsbət təsir etməklə, ölkədə daim diqqətdə saxlanılan ədalət prinsipinin qorunması imkanlarını da səfərbər edir.

Demokratiyanın başlıca şərtlərindən olan qeyri-hökumət təşkilatlarına dəstəyin artırılması, söz, mətbuat, vicdan azadlığının təminatı, informasiya əldə etmək imkanlarının genişləndirilməsi üçün mükəmməl konsepsiyaların qəbulu, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, insanlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi, mənsubiyyətindən asılı olmayaraq Azərbaycan xalqının tərkib hissəsi olan etnik azlıqların, təcridxanalarda saxlanılanların hüquqlarının müdafiəsi kimi mühüm amillər Prezident İlham Əliyevin daim diqqət yetirdiyi istiqamətlər olmaqla insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planında da önəm verilən əsas məqamlardır. Bu kimi addımlar ölkə əhalisinə, bütünlükdə Azərbaycan xalqına qayğının, haqqın, ədalətin nümunəsi olmaqla qanunun aliliyinə xidmət və hörmətdən, demokratik dəyərlərə sadiqlikdən irəli gəlir.

1995-ci ildən bu günədək ölkəmizdə 61 əfv Sərəncamı, 10 amnistiya aktı həyata keçirilib. Bu addımlar təsdiqləyir ki, xeyirxah niyyətlərin əsasını məhz demokratik islahatlar, insan hüquq və azadlıqlarının qorunması təşkil edir. Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dördüncü amnistiya aktı ilə bağlı Milli Məclisə müraciəti dövlətin humanizm siyasətinin davamlı proses olduğunu göstərir. Ümummilli lider Heydər Əliyevin ədalət və insanpərvərlik ideyalarını davam və təbliğ etdirən Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları sayəsində yenidən cəmiyyətə qayıdan insanlar bu xeyirxahlığı humanizm prinsiplərinin qələbəsi kimi dəyərləndirirlər. Amnistiya aktları, əfv sərəncamları insanlara yeni şans verməklə, onları cəmiyyətimizə qaytarmaqla yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edir. Mehriban xanım Əliyeva bir daha bu əminliyi ifadə edir ki, amnistiya aktı Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək. Amnistiyanın şamil olunacağı şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarını istifadə edəcəklər: “Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir.”


Yeganə Əliyeva

İki sahil.- 2016.- 28 may.- № 98.- S. 6.