Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

“Muğam televiziya müsabiqəsi-2007” qaliblərinin qala konserti olub


Fevralın 1-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi və üç aydan çox davam etmiş “Muğam televiziya müsabiqəsi–2007” qaliblərinin qala-konserti olmuşdur.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətli alqışlarla qarşıladılar.

Əvvəlcə müsabiqə ilə bağlı hazırlanmış sənədli film göstərildi. Film Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müsabiqənin qalibləri və münsiflər heyətinin üzvləri ilə görüşündə dediyi “Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur” - sözləri ilə başlayır. Filmdə muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, “Muğam televiziya müsabiqəsi-2007” layihəsinin icraçısı, əməkdar incəsənət xadimi Nadir Axundov, eləcə də xalq artisti Alim Qasımov ölkəmizdə xalqımızın milli sərvəti olan muğam sənətinin yaşadılmasına, inkişafına, beynəlxalq aləmdə təbliğinə, muğam ifaçılarının yeni nəslinin yetişdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açırlar. Onlar musiqimizin şahı sayılan muğama qayğının bu səviyyəyə çatmasında Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini yüksək qiymətləndirirlər.

Bildirilir ki, Azərbaycan mədəniyyəti və incəsənətinin böyük hamisi ümummilli lider Heydər Əliyevin arzu və istəklərinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyan “Muğam irs”, “Muğam dəstgah”, “Muğam ensiklopediya”, “Muğam antologiyası”, “Muğam aləmi” və “Muğam Mərkəzi” və sair layihələr milli musiqi tariximizə yeni səhifələr kimi daxil olacaqdır.

Filmdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə buraxılmış “Qarabağ xanəndələri” musiqi albomu barədə ətraflı danışılır, onun təqdimat mərasimindən fraqmentlər göstərilir.

Tamaşaçılar bu filmdə 2005-ci ildə keçirilmiş ilk televiziya muğam müsabiqəsi, Prezident İlham Əliyevin həmin müsabiqənin finalçıları ilə görüşü, dövlətimizin başçısının və YUNESKO-nun baş direktorunun iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma mərasimi, muğam ifaçılarının iştirakı ilə Parisdə, Vaşinqtonda, Rusiyada keçirilmiş konsertlər, muğam haqqında yeni jurnalın nəşri barədə bir daha məlumat alırlar.

Sonra səhnə gənc ifaçıların ixtiyarına verildi. Müsabiqənin qalibləri - Ehtiram Hüseynov “Sarı gəlin” xalq mahnısını, Rəvanə Ərəbova “Şüştər” təsnifini, Nasir Ətəpur “Vilayəti” muğamını, Abgül Mirzəliyev “Şirvan şikəstəsi”ni, Güllü Muradova “Mirzə Hüseyn segahı”nı, Elməddin İbrahimov “Qatar” təsnifini məharətlə ifa etdilər. Onların və musiqiçilərin ifaları hərarətli alqışlarla qarşılandı.

Bu qeyri-adi konsert müsabiqə qaliblərinin ifasında “Qarabağ şikəstəsi” ilə başa çatdı.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV konsertdən sonra səhnə arxasına gələrək gənc ifaçılarla görüşdü və onlara müraciətlə dedi:

- Sizi təbrik edirəm, muğam müsabiqəsinin qaliblərisiniz. Üç ay ərzində Azərbaycan xalqı bu müsabiqəyə baxırdı, onu izləyirdi və siz çox gərgin mübarizə şəraitində ən qabaqcıl yerləri tuta bilmisiniz. Bu, böyük nailiyyətdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də öz istedadınızla Azərbaycan xalqını sevindirəcək, peşəkarlıq səviyyənizi daha da yüksəklərə qaldıracaqsınız.

Muğam bizim milli sərvətimizdir. Azərbaycan xalqının sərvətidir. Bu aylar ərzində bütün Azərbaycan xalqı muğam sənətini daha da dərindən dərk edə bilmişdir. Artıq bu müsabiqə ənənəvi xarakter daşıyır. Əminəm ki, bundan sonrakı illərdə də bu müsabiqə keçiriləcəkdir və beləliklə, muğam yaşayacaq, inkişaf edəcəkdir. Biz də öz tərəfimizdən hər şey etməliyik ki, bu gözəl sənəti qoruyaq, möhkəmləndirək. Bundan sonrakı nəsillər də muğamın inkişafında öz rolunu oynayacaqlar.

Bu müsabiqə Heydər Əliyev Fondunun və Azərbaycan televiziyasının təşəbbüsü ilə həyata keçirilmişdir. Mən bu təşəbbüsü alqışlayıram. Hesab edirəm ki, çox dəyərli təşəbbüsdür. İndi burada yoxdurlar, amma qiyabi də olsa, münsiflər heyətini də xüsusi qeyd etmək istəyirəm. Onların fəaliyyəti, onların verdikləri şərhlər, sizə məsləhətləri həm sizin üçün, həm də bütün muğamsevərlər üçün çox dəyərli olmuşdur.

Siz də yaxşı bilirsiniz ki, bu aylar ərzində müsabiqəyə demək olar, vətəndaşlarımızın əksəriyyəti baxmışdır. Nəinki Azərbaycanda, bütün başqa ölkələrdə də baxıblar. İndi peyk vasitəsilə Azərbaycan televiziyası başqa ölkələrdə yayımlanır və bilirəm ki, bütün dünya azərbaycanlıları da bu müsabiqəyə böyük maraqla baxmışlar. Həm də onu demək istəyirəm ki, mənim internet saytıma da bununla bağlı çoxlu sayda məktublar daxil olmuşdur. Xaricdə yaşayan azərbaycanlılar öz sevincini, bu müsabiqənin keçirilməsi işində əməyi olan insanların fəaliyyətini xüsusilə qeyd etmişlər.

Bir sözlə, mən bir daha qeyd etmək istəyirəm ki, siz bu aylar ərzində Azərbaycan xalqına sevinc bəxş etmisiniz. Bu müddət ərzində siz artıq tanınan insanlar olmusunuz. Yəqin ki, sizi küçədə görənlər, ictimai yerlərdə görənlər yaxınlaşırlar, danışırlar, öz münasibətlərini bildirirlər. Əminəm ki, siz bundan sonra da bu yüksək səviyyəni saxlayacaq, sözün əsl mənasında, milli ulduzlara çevriləcəksiniz.

İndi Azərbaycanın musiqi sənətində müxtəlif janrlarda ulduzlar var. Bu, təbiidir. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bu olmalıdır və var. Amma mən çox şadam ki, bizim milli musiqi sənətinin ulduzları artıq yaranıblar, işləyirlər, fəaliyyət göstərirlər və Azərbaycan xalqının milli sərvəti olan, bizim musiqi sənətimizin əsası olan muğam sənətini siz belə gözəl təbliğ edirsiniz.

Mən sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram. Əminəm ki, siz bundan sonra, hələ uzun illər ərzində Azərbaycan xalqını öz sənətinizlə sevindirəcəksiniz. Sizi bir daha təbrik edirəm.

Prezident İlham Əliyevin təbrik sözünü diqqətlə dinləyən və alqışlarla qarşılayan muğam ifaçıları, incəsənət ustaları Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Prezident İlham Əliyev və xanımı gənc ifaçılarla xatirə şəkli çəkdirdilər.


Xalq qəzeti.- 2008.- 2 fevral.- №24.- S. 1.