Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

“Bu səfər ölkə üçün olduqca böyük əhəmiyyətli siyasi nailiyyət oldu”


Amerikada çıxan nüfuzlu “Washington Times” qəzeti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ABŞ-a səfərini belə qiymətləndirib.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin bütün sahələr üzrə inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması ümummilli lider Heydər Əliyevin müdrikliyinin, idarəetmədə zəngin təcrübəsinin bəhrəsi idi. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən, ideyalarını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycanı dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşmaqdadır. Bunu dünyanın tanınmış ictimai-siyasi xadimləri, beynəlxalq qurumların ekspertləri, həmçinin nüfuzlu kütləvi informasiya vasitələri də qeyd edirlər.

Hələ cənab İlham Əliyev Azərbaycan parlamentarilərinin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edərkən tutduğu uğurlu siyasi xətt Amerikada çıxan qəzetlərdə “Azərbaycan nümayəndə heyəti ona görə uğur qazanır ki, onlar avropalılar üçün ali olan dəyərlər müstəvisində mübarizə aparırlar” sərlövhəsi altında dərc olunmuşdu.

Bu gün dövlət başçımızın apardığı uğurlu islahatlar yenə də dünya mətbuatının diqqət mərkəzindədir. Amerikada çıxan “Washington Post” və İngiltərədə çıxan “Daily Telegraph” və digər aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın bütün sahələr üzrə inkişafını yüksək qiymətləndirərək “artıq nəinki Rusiya, bütün dünya başa düşür ki, Azərbaycanın rəyi ilə hesablaşır, onu nəzərə alırlar, Azərbaycanla təzyiq yolu ilə danışmaq olmaz, Azərbaycan heç kimdən asılı deyil, özünü təmin edən ölkədir” kimi fikirlər dərc etmişlər. Təbii ki, bütün bunlar ölkənin müxtəlif sahələr üzrə qazandığı uğurlardan irəli gəlmişdir.

Amerikada çıxan nüfuzlu “Washington Times” qəzeti də bu günlərdə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasından, Cənubi Qafqazda lider dövlət olmasından, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlarından, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu yaxınlarda ABŞ-a səfərindən, orada keçirdiyi görüşlərdən bəhs edən məqalə dərc edib. “Qafqazda ümid işığı” adlı həmin məqalədə yazılıb: “Azərbaycan ABŞ-ın terrorla mübarizəsində hər cür təqdirə layiqdir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra bu ölkə Amerika təyyarələrinə öz hava məkanı üzərindən qeyri-məhdud uçuş hüququ verib”.

“Washington Times” qəzetinin bu fikirləri dərc etməsi heç də təsadüfi deyildi. ABŞ-da baş vermiş məlum terror hadisəsi zamanı Azərbaycan öz etiraz səsini qaldıran ilk müstəqil dövlət oldu. 2001-ci ildə AŞPA-ın sessiyasında çıxış edən Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev demişdir: “Azərbaycan terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlarla alyansdadır. Biz bütün demokratik dünya ilə birik və dünyada terrorizmə son qoymaq üçün əlimizdən gələn töhfəni verməyə hazırıq. Azərbaycan Prezidenti cənab Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına qarşı yönəldilmiş hücumlardan sonra etdiyi çıxışında Azərbaycanın Birləşmiş Ştatlara tam dəstəyini ifadə etmişdir. Azərbaycan özünün hava məkanını Birləşmiş Ştatlar üçün tam açmışdır və Birləşmiş Ştatlarda terror aktları törədənlərin ədalət məhkəməsi qarşısında məsuliyyət daşıması üçün lazım ola biləcək infrastrukturları və kommunikasiyaları ABŞ-ın istifadəsinə verməyə hazırdır. Beynəlxalq birlik terrora qarşı mübarizədə çox vaxt itirmişdir. Lakin bu işə heç başlamamaqdansa, gec başlamaq yaxşıdır”.

Cənab İlham Əliyevin çıxışı çox yaxşı qarşılanmış və xüsusi əhəmiyyət kəsb etdiyindən ABŞ administrasiyasının marağına səbəb olmuşdur. Bir qədər sonra çıxışın mətnini Amerikadan istəyiblər. Sonradan məlum olub ki, Amerika Birləşmiş Ştatlarının mövqeyini yüksək səviyyədə müdafiə edən çıxışların mətnləri toplanır. Demək, cənab İlham Əliyevin də çıxışı Amerika hökuməti tərəfindən yüksək qiymətləndirilmişdi. “Washington Times” qəzetində dərc olunan məqalə də bunu təsdiqləyir.

Qəzet Prezident İlham Əliyevin demokratiyanın inkişafına və həmçinin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm yetirməsini yüksək qiymətləndirərək yazır: “Azərbaycan Respublikası, həmçinin demokratiya və azadlığa olan dəyişməz sədaqəti ilə yüksək qiymətə layiqdir. Bu vəziyyət ölkənin indiki Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə daha da inkişaf edir. Bu yaxınlarda İlham Əliyevin həyat yoldaşı ABŞ-a olduqca müsbət əhəmiyyətli nəticələrlə yadda qalan səfər edib və ABŞ-ın birinci xanımı Lora Buş və Dövlət Departamentinin rəsmiləri ilə görüşüb. Burada Mehriban xanımın gözəlliyi, onun yüksək ağlı və humanitar sahədəki səyləri layiqincə qiymətləndirilib. Bu səfər ölkə üçün olduqca böyük əhəmiyyətli siyasi nailiyyət oldu”.

Xəbər verildiyi kimi, ötən ilin sonunda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ABŞ-da rəsmi səfərdə olmuş, səfər zamanı belə bir qüdrətli ölkənin siyasi elitasının təmsilçiləri ilə görüşmüşdür. Xanım Mehriban Əliyevanın görüşdüyü siyasi xadimlər arasında Ağ evin, Dövlət Departamentinin və Konqresin hər iki palatasının nümayəndələri ilə yanaşı, ABŞ-ın hər iki partiyasının — həm respublikaçıların, həm də demokratların təmsilçiləri olub.

Azərbaycan — ABŞ parlamentlərarası əlaqələr işçi qrupunun rəhbəri kimi, Mehriban xanım Əliyeva ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri, konqresmenlər demokrat Solomon Ortil, respublikaçı Bill Şuster, həmçinin Ed Uildfild və Visente Foksla görüşləri zamanı ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunmuşdur. Belə görüşlərdə Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvinin iki ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəyi diqqətə çatdırılmışdır. Mehriban Əliyevanın apardığı uğurlu siyasət, humanitar sahəyə xüsusi önəm yetirməsi yüksək qiymətləndirilmiş və o, ABŞ–Azərbaycan Ticarət Palatasının “2006-cı ilin xoşməramlı səfiri” mükafatına layiq görülmüşdür.

Ağ evdə ABŞ-ın birinci xanımı Lora Buşla Mehriban xanım Əliyevanın görüşü də böyük əhəmiyyət kəsb etmişdir. İki ölkənin birinci xanımlarının görüşündə dövlətlərarası münasibətlərin inkişafında təhsil, səhiyyə və mədəniyyət sahəsində əməkdaşlığın xüsusi rol oynadığı qeyd edilib. Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Riçard Luqar geniş nitq söyləyərək bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirəcəyini bildirmişdir.

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ABŞ-a səfəri çox əhəmiyyətli olmuş, böyük maraqla qarşılanmış, ABŞ — Azərbaycan münasibətlərinin, iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdiriləcəyinə böyük töhfə verəcəyi qeyd olunmuşdur. “Washington Times” qəzeti də bütün bunları nəzərə alaraq Mehriban xanım Əliyevanın ABŞ-a səfərini yüksək qiymətləndirərək, “bu səfər ölkə üçün olduqca böyük əhəmiyyətli siyasi nailiyyət oldu” qənaətinə gəlib.

Qəzetdə dərc olunan məqalədə Prezident İlham Əliyevin məntiqli daxili və xarici siyasəti nəticəsində Azərbaycan diplomatiyasının qazandığı uğurlardan bəhs olunaraq yazılır: “Cənab İlham Əliyev əsl qəhrəmandır. ABŞ-ı tam dəstəkləməklə o, öz ölkəsinin gələcək diplomatik istiqamətini bəyan edir. O, uğurlu şəkildə dinc seçkilər keçirməklə özünü əsl dövlət rəhbəri kimi göstərib. Azərbaycanda qanunverici və məhkəmə hakimiyyətləri və çoxpartiyalı sistem uğurla fəaliyyət göstərir. Azərbaycanın perspektivi ilk növbədə nəhəng neft ehtiyatları ilə bağlıdır. Bu ölkənin çoxlu nefti var: aşkar olunmuş neft ehtiyatları 1,2 milyard barreldir. (Xəzər dənizi yataqlarından başqa). Hesablamalara görə 2010-cu ildə Azərbaycan neftinin ixracı sutkada 1 milyon barreldən artıq ola bilər. Azərbaycan dinamik inkişaf edən bazar iqtisadiyyatına malik ölkədir. Cəmi 15 il ərzində bu ölkə həyati əhəmiyyətli demokratiya qurmağa nail ola bildi. Azərbaycanın rəhbəri insan hüquq və azadlıqlarının əsas qarantıdır”.

Göründüyü kimi, Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolu seçməsi, xüsusilə demokratik proseslərə böyük üstünlük verməsi, beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və qüdrətli dövlətə çevrilməsi dünyanın aparıcı kütləvi informasiya vasitələrinin də diqqətini cəlb edib.


Cavid Bədəlov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının aspirantı

Xalq qəzeti.- 2007.- 12 yanvar.- № 5.- S. 3.