Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

«İlin qadını»

Mehriban Əliyeva qadın hərəkatındakı fəal iştirakına görə bu fəxri ada layiq görülüb


Narahat dünyamızın narahat adamıdır Mehriban Əliyeva. Onun ictimai-siyasi fəaliyyəti hərtərəflidir. Doğma yurd yerlərini itirmiş nisgilli insanlar, məcburi köçkünlər, qaçqınlar... Və hər dəfə onları dinləyib problemlərə yaşıl işıq yandırmaq, dərdlilərin dərdinə dayaq durmaq, kimsəsizlərin, işsizlərin həyanı olmaq da Mehriban xanımın taleyinə yazılıb. Hər dəfə qaçqın şəhərciklərində, onların daşdan hörülmüş evlərində keçirilən görüşlərdə zavallı insanlarla birgə olmaq onu göstərir ki, Mehriban xanım xalqın adamıdır, elin Tomris, Məhsəti, Tuti Bikə, Sara Xatun, Nigar, Həcər, Natəvan kimi ər qeyrətli, dəyanətli el qızıdır.

Son dövrlər Azərbaycan qadın hərəkatında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın öz yeri, öz mövqeyi var. Bir deputat, ictimai-siyasi xadim, ən başlıcası isə xeyirxah və nəcib bir qadın kimi qadınların sosial problemlərinin həllinə kömək göstərir. Azərbaycan vətəndaşlarının rifahı naminə istər ölkədaxili, istərsə də beynəlxalq tədbirlərdə həvəslə, gənclik coşqunluğu ilə iştirak edir, insanların hüquq və azadlıqlarına önəm verir. Sadaladıqlarımız keyfiyyətlər və məsul vəzifələr bizə əsas verir deyək ki, Mehriban xanım Əliyeva cəmiyyətdə, sözün əsl mənasında, gözəl, nəcib bir ailədə xeyirxahlıq suyu içmiş, onlardan yaxşı keyfiyyətləri əxz etmiş bir qadındır və bu xeyirxahlığın davamçısı kimi həmin müqəddəs və nurlu ocaqdan qidalanaraq dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin ailəsində yetişib, Azərbaycan cəmiyyətinə xeyirli və səmərəli fəaliyyət göstərə bilmək qabiliyyətini öyrənib.

Azərbaycanın hünərli, təpərli, təpədən dırnağa ziyalı qadınlarından söz düşəndə bu gün Mehriban xanımın adı qeyd-şərtsiz birinci çəkilir. Azərbaycanın tərəqqisi, inkişafı üçün yorulmadan çalışmış qadınların cərgəsində Mehriban xanımın adı bir də ona görə çəkilir ki, o, cəmiyyətdəki mövqeyi, ictimai-siyasi aləmə verdiyi töhfələri, tarixi xidmətləri ilə də insanların yadında qalır.

Mehriban xanımın həyat fəlsəfəsi daim çalışmaq, cəmiyyətdə yaradıcılıq, quruculuq işlərinin bünövrəsini qoymaq və onları fəxarətlə davam etdirməkdir. Bu nurlu xanım dərk edir ki, insanlar həm sağlıqlarında, həm də özlərindən sonra yaratdıqları, qurduqları ilə xatirələrdə yaşayırlar. Ona görə də belə insanların xeyirxahlıqlarını görənlər onları günəşin bir zərrəsi sayıblar. Günəşin bir zərrəsi olan M. Əliyeva həmişə insanlara, xüsusilə də gənclərə xüsusi qayğı bəsləyir. Onu əhatə edən ab-havada həyat eşqi, insanlara məhəbbət öz əksini tapıb.

Günəş də, işıq da Mehriban xanım üçün xeyrin təcəssümüdür. Onun xeyirxahlığını dadanlar özlərinin şəxsi problemlərini sanki unudurlar. Çünki onun işığı hər an onlarladır, o nur həmin insanlara yol göstərir. Əlləri hər yerdən üzülmüş bu insanlar onun şöləsinə üz tutur, istisinə isinirlər. Mehriban xanımın ziyası qəlblərə xoş bir ovqat gətirir. Əslində bu işıq onun yenidən günəşi görmək imkanını qaytardığı adamlarda, onunla bağlı kövrək xatirələrdə əbədiləşir, onun övladlarında, nəvələrində yaşayır. Bu işıq onun öz həyatından daha çox sevdiyi bir insanlarda yaşayır.

Güclü iradəyə malik bu qadın Azərbaycanın tarixinə öz işini, xidmətlərini yazmaqla bərabər, aydın məqsədi, səmərəli fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin ən yüksək pilləsinə qalxır. Məqsədyönlü ictimai-siyasi fəaliyyəti sayəsində Azərbaycan təhsilinə, mədəniyyətinə layiqli töhfələr bəxş edir. Cəmiyyətdə öz fəlsəfi dünyagörüşü və hadisələrə ciddi praqmatist baxışları ilə nüfuz və mövqe sahibi kimi də bu gün qadınlarımızın ön cərgəsindədir. Təsadüfi deyil ki, Mehriban xanımın bu xidmətlərini, əhatəli fəaliyyətini müşahidə edənlər ona qiymətlərini də veriblər: "Mehriban xanım Əliyeva dünyada bəlkə də yeganə birinci xanımdır ki, ölkə başçısı ilə bərabər işlər görür, cəmiyyətin, dövlətin inkişafına onunla yanaşı köməklik göstərir."

Bu qiymətli ifadələrin arxasında həqiqət, aydın məntiq dayanır ki, onu da Mehriban xanımın az müddətdə adını çəkdiyim sahələrə qayğısı ilə izah etmək olar. Təsadüfi deyil ki, Mehriban Əliyeva səmərəli və məqsədyönlü fəaliyyətinə görə bu yaxınlarda "XXI əsrin böyük qadını" adına layiq görülməsi üçün nominat kimi irəli sürülüb. Elə dünyanın nəzərində olan bu ucalıq məni də bu qeydləri etməyə vadar etdi. Bu gün doğrudan da Mehriban Əliyeva heç kimə bənzəmir, cəsarəti, savadı, xeyirxah işləri, intellekti, məntiqli nitqi ilə hamını heyrətləndirir. O bütün gənc qadınlar üçün "qadın lideri"ni əks etdirən gözəl bir modeldir.

Mehriban xanımın hər çıxışı, hər nitqi tərəqqiyə, dirçəlişə çağırış kimi səslənir. Öz gücünə, ağlına, yenilməzliyinə möhkəm əmin olan bu mübariz qadın optimistdir və hara qədəm qoyduğunu, nə etmək istədiyini yaxşı bilir. Əqidəsində düzgünlüyü, işində ardıcıllığı və vicdanlı olması onun seçicilərini də ruhlandırır. Əzizbəyov rayonunun seçiciləri qarşısında dediyi aydın və qətiyyətli sözlərinin üstündə duraraq hər birini yerinə yetirməyə çalışır. Mehriban xanım nəinki öz seçiciləri, cəsarətlə deyərdim ki, yurdumuzun hər bir bölgəsi, hətta ucqarlarda yaşayan insanlar üçün də səmərəli surətdə fəaliyyət göstərir, enerjisini, gücünü, qabiliyyətini bu xalqın, onun hər bir vətəndaşının yolunda sərf edir. Zaman-zaman xalq dərk edir ki, ölkəmizin birinci ledisinin etdikləri ən çox sevdiyi Azərbaycan milləti, Azərbaycan dövləti, Azərbaycan Vətəni üçündür. Millət, dövlət, Vətən belə insanları heç vaxt unutmur.

Azərbaycan təfəkkür tərzinə yenilik və cəsarət gətirən birinci xanım işgüzar qadın kimi də cəmiyyətdə öz sözünü deyir. Mehriban xanım sivil dünyanın demokratik dövləti olan Azərbaycanı, vətəni, xalqı üçün az müddətdə böyük işlər görüb. O, yaradıcı təxəyyülün, elmin, siyasi biliyin, coşqun fəaliyyətin, eləcə də qadın ağlının, idrakının və işgüzarlığının nəyə qadir olduğunu az qala bütün dünyaya sübut edir.


Daşdəmir Əjdəroğlu

Qarabağ.- 2009.- 18-30 sentyabr.- № 18.- S. 3.