Avropa Şurasında “Qeyri-hökumət təşkilatlarının sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində rolu (Heydər Əliyev Fondu)” adlı bəyanat yayılmışdır
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva “Qeyri-hökumət təşkilatlarının sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində rolu (Heydər Əliyev Fondu)” adlı bəyanatı Avropa Şurasında yaymışdır. Bəyanatda deyilir:
“Sivilizasiyalar və mədəniyyətlərarası dialoqun genişləndirilməsi məsələsinin Avropa, habelə dünya ictimaiyyətinin gündəliyində duran yüksək öncüllüyə malik məsələ olduğunu, həm mədəniyyət, həm də dinlərarası tolerantlığın bu dialoqun ayrılmaz tərkib hissəsi olduğunu, qeyri hökumət təşkilatlarının həmin prosesdəki rolunun həm milli, həm də beynəlxalq səviyyələrdə mühüm əhəmiyyət kəsb etdiyini, əsasən müsəlman ölkəsi olan və yüksək milli dəyərlərə malik Azərbaycan Respublikasının tarixən özünün etnik, dini müxtəliflik və tolerantlıq ənənələrinə görə tanındığını, Azərbaycan hökumətinin bu müxtəlifliyi inkişaf etdirmək, ksenofobiya və dini qeyri-tolerantlığın bütün formalarını rədd etmək siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınaraq təqdir olduğunu nəzərə alaraq, biz – bu bəyanatı imzalayanlar bununla Heydər Əliyev Fondunun - Azərbaycanda ən böyük və nüfuzlu QHT-nin mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki fəaliyyətini və təcrübəsini xüsusi vurğulayaraq, aşağıdakıları bəyan edirik:
-mədəniyyətlər və dinlərarası dialoqa dair çoxsaylı, o cümlədən beynəlxalq forumların və konfransların keçirilməsi;
-“Mədəniyyətlər və dinlərarası dialoqun, tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində Bakıda ortodoksal kilsəsinin bərpasına yardım göstərilməsi;
-Or Avner Beynəlxalq Fond ilə əməkdaşlıq çərçivəsində Bakıda bir yəhudi məktəbini, bir uşaq bağçasını, yəhudi tarix və mədəniyyət muzeyini özündə birləşdirən Yəhudi Mədəniyyət Kompleksinin tikintisi;
-“Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində Bakıda bir neçə məscidin bərpası;
-Azərbaycandakı gürcü məktəbləri üçün gürcü dilində dərsliklərin çap olunması;
-2008-ci ildə Bakıda YUNESKO ilə əməkdaşlıq çərçivəsində regional təhsil konfransının keçirilməsi;
-Fransanın Versal şəhərində Dünya Mədəniyyət İrsi siyahısına daxil edilmiş iki abidənin bərpası.
Biz – bu bəyanatı imzalayanlar Azərbaycanda fəaliyyət göstərən Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini yüksək səviyyədə təqdir edir və keçirilməkdə olan sivilizasiyalararası dialoqa layiqli töhfə olduğunu təsdiqləyir, daha geniş beynəlxalq səviyyədə öyrənilməyə təqdim edirik”.
Bəyanatı Avropanın 60-dan artıq tanınmış və böyük nüfuza malik deputatı imzalamışlar. Bəyanata imza atmış Almaniya, İrlandya, İngiltərə, Çexiya, Bolqarıstan, Rusiya, Moldova və digər ölkələrin deputatları Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, bəyanatda qeyd olunan müddəaları təqdir etmiş və Heydər Əliyev Fondunun bu təcrübəsinin başqa dövlətlərdə yayılmasını məqsədəuyğun hesab etmişlər.
Əsgər Vəliyev,
AzərTac-ın müxbiri
Xalq qəzeti.- 2007.- 28 iyun.- № 139.- S. 4.