Heydər Əliyev Fondu Marneulidəki Humanitar Universitetin kitabxanasına 100-dək kitab hədiyyə etmişdir
Aprelin 16-da Heydər Əliyev Fondunun göndərdiyi 42 adda 100-dək kitab Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzindəki Heydər Əliyevin adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin kitabxanasına hədiyyə edilmişdir.
Azərbaycan, gürcü, ingilis və rus dillərindəki kitablar Azərbaycan-Gürcüstan münasibətlərindən, Dağlıq Qarabağ müharibəsinin ağrı-acılarından bəhs edir.
Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gürcüstanlı soydaşlarımıza göstərdiyi qayğıdan, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza doğma münasibətinin Azərbaycan rəhbərliyi tərəfindən davam etdirilməsindən danışmış, qiymətli töhfəyə görə fonda təşəkkür etmişdir.
Universitetin rektoru Novruz Bayramov Heydər Əliyev Fondunun universitetə hədiyyəsinə, qayğı və diqqətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Səfir Namiq Əliyev Marneuli rayonunun Alget kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan məscid binasında işlərin gedişi ilə tanış olmuş, yerli əhali ilə görüşmüşdür.
İslam Əliyev,
AzərTAc-ın xüsusi müxbiri, Tbilisi
Azərbaycan.- 2009.- 17 aprel.- № 81.- S. 4.