Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafının təminatçısına çevrilib
Təhsil elə bir ictimai hadisədir ki, cəmiyyətin keçəcəyi inkişaf yolu əksər hallarda bu sahəyə münasibətdən asılı olur. Təhsilin millətin, dövlətin və bir qədər də qlobal məcrada götürsək, ümumilikdə bəşəriyyətin gələcəyi olduğunu söyləməklə əslində yeni bir nəzəriyyə kəşf etmirik. Öz əməlləri ilə Azərbaycan ictimai şüurunda əbədilik qazanan və milli simalarımıza çevrilən böyük maarifpərvərlərimiz bu reallığı hələ əsrlər əvvəl Azərbaycan ictimaiyyətinin ən aktual məsələsinə çevirmişlər. Bu böyük şəxsiyyətlərin cəmiyyətimizin savadlanması, Azərbaycanda maarifçilik ənənələrinin təşəkkül tapması və inkişafı uğrunda göstərdikləri fədakarlıqlar onların həyat və fəaliyyətini bizlər üçün örnəyə çevirmişdir. Amma bu cür örnəklər təkcə keçmişə aid deyil. Belə nümunələr indi də yaranır. Tarix ömrünü eyni missiyaya həsr edən şəxsiyyətləri indi də əbədiləşdirir. Onları zəmanəsinin ən böyük mütəfəkkirlərinə, maarif carçılarına çevirir. Sadəcə olaraq hadisələrin içində yaşadığımızdan bu prosesin fərqində deyilik.
"Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacaq" reallığını cəmiyyətimizə təlqin edən ulu öndərimiz Heydər Əliyev qüdrətli sərkərdə, böyük dövlət xadimi olmaqla bərabər, həm də alovlu maarifpərvər idi. Ümummilli liderimiz Azərbaycana rəhbərliyi dövründə təhsil sahəsində elə mütərəqqi ənənələr formalaşdırmışdır ki, artıq hər hansı problem bu sahədə davamlı inkişafın qarşısını ala bilməz. Çünki Heydər Əliyevin müəyyənləşdirdiyi ənənələr hesabına təhsil Azərbaycan cəmiyyətində həyat normasına çevrilmiş, milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi milli düşüncə sistemimizdə öz kodlarını yaratmışdır. Bu gün sıravi azərbaycanlının təfəkküründə təhsilsiz, ən azı yazıb-oxumağı bacarmayan insan təsəvvürünə yer yoxdur. Yəni, cəmiyyətimiz təhsilli olmağı normal insan olmaq üçün zəruri sayılan şərtlər sırasında nəzərdən keçirməkdədir.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük əzmlə həyata keçirilən strateji inkişaf kursunun uğurları sayəsində milli təhsil ənənələrimiz daha da möhkəmlənir. Azərbaycan vətəndaşlarının mədəni-intellektual potensialının yüksəlməsi, təhsilin keyfiyyətcə dəyişərək yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün dövlət səviyyəsində gərək olan bütün addımlar atılır. Dünyanın ən inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsi Azərbaycanda da tətbiq edilir. Məktəblərimizin maddi-texniki bazası gücləndirilir. Ən əsası isə Azərbaycanın siyasi, sosial-iqtisadi təlatümlər yaşadığı 90-cı illərin əvvəllərində çətinliklərin ən ağırını, ən dözülməzini həyatından keçirən, amma yenə də sınıb əyilməyən, yerinə yetirdiyi mənəvi vəzifənin şərəf yükünü maddiyyata satmayan Azərbaycan müəlliminin layiq olduğu ad, nüfuz, ucalıq yenidən özünə qaytarılır.
Milli təhsilimizin inkişafına yönəlmiş məqsədyönlü addımların Azərbaycanın gələcəyi baxımından nə dərəcədə böyük əhəmiyyət daşıdığını xüsusi vurğulamağa lüzum görmürük. Təhsilin tərəqqisi, gənc nəslin təlim-tərbiyəsinin müasir standartlara uyğun qurulması, bugünün körpələrinin sabahın layiqli vətəndaşları kimi yetişdirilməsi məqsədilə atılan ən kiçicik addım belə böyük vətənrərvərlik nümunəsi kimi yaddaşlara yazılır.
Azərbaycan cəmiyyətində hər kəs üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin zəruri biliklərə yiyələnməsini, milli təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasını əsas fəaliyyət meyarlarından biri kimi müəyyənləşdirmiş Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi missiya isə cəmiyyətimizdə yeni bir ənənənin əsasını qoymaqdadır. Bu ənənə ilk növbədə Azərbaycanın sosial-iqtisadi yüksəlişinin ölkəmizin mədəni tərəqqisinə, ictimai şüur səviyyəsinin yüksəlişinə yönəlməsi zərurətindən çıxış edir.
Dünyanın siyasi tarixi sübuta yetirir ki, əgər konkret ölkənin sosial-iqtisadi inkişafı bu tərəqqinin davamlılığını təmin edəcək amilləri formalaşdırmasa, konkret mərhələdə geniş vüsət almış inkişafın nə vaxtsa ağır böhranla qarşılaşması ehtimalı qaçılmazdır. Bu amilləri isə yalnız cəmiyyətin savadlanmasına, təhsilin inkişafına, mədəni-intellektual potensialın yüksəlməsinə göstərilən diqqət əsasında formalaşdırmaq olar. Ən azı, İkinci dünya müharibəsindən dəhşətli yaralarla çıxan, atom fəlakəti ilə üzləşən Yaponiyanın, müharibə nəticəsində ikiyə parçalanmış Almaniyanın müharibədən sonra bütün gücü təhsilin inkişafına yönəltməklə qısa zaman ərzində qazandığı fantastik nəticələr digər ölkələr üçün də başqa alternativin olmadığını göstərir. Əks halda müasir dünyamızın demokratik inkişaf, insan hüquq və azadlıqlarının təminatı, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu kimi ən gözəl idealları belə yalnız çağırış olaraq qala bilər. Azərbaycan cəmiyyətinin bu dəyərləri mənimsəməsi ona görə çox az vaxt ərzində baş verdi ki, Heydər Əliyevin hələ ölkəmizə birinci rəhbərliyi dövründən formalaşdırdığı mütərəqqi maarifçilik ənənələri vardı.
Ulu öndərimizin adını daşıyan fondun prezidenti Mehriban xanım Əliyevanın bu gün milli təhsilimizin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyəti isə bu ənənələrin illər sonra da Azərbaycan dövlətinin yüksəlişini təmin edəcək əsas amil kimi qorunması, zamanın dəyişən tələblərinə uyğunlaşdırılması məqsədinə hesablanmışdır. Mehriban xanım Əliyevanın irəli sürdüyü, böyük uğurlarla həyata keçirilməkdə olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının başlıca əhəmiyyətini bunda görürəm. Bu proqram özündə təkcə respublikamızın ucqar əyalətlərində yeni məktəb binalarının tikilməsi, bu binaların ən müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz edilməsi məzmununu ehtiva etmir. Bütün ölkə boyu aparılan bu prosesin mənəvi-psixoloji tərəfləri şəxsən bu sətirlərin müəllifi üçün işin maddi məqamlarından daha önəmlidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmiş bu məktəblər böyük fərəh hissi ilə o məktəblərə doğru tələsən balalarımızın gözündə qurulmuş Azərbaycan dövlətidir. Müstəqil dövlətimizin xoşbəxt gələcəyini yaradacaq, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkəsinə çevirəcək yeni nəslin, yeni vətəndaşların tərbiyəsi işi orta məktəblərin birinci sinfindən başlayır. Övladlarımızda formalaşdırılan dövlətçilik düşüncəsi onların hisslərinə, duyğularına, arzu və ideallarına verilən stimuldur. Bu, həm də yaşın lap erkən çağlarından övladlarımıza təlqin edilən dövlətçilik məsuliyyətidir. Elmi-pedaqoji fəaliyyətim ali məktəblə bağlı olsa da, orta məktəblərdə tədris prosesinin yaxşılaşdırılması üçün yaradılan şəraitin şagirdlərin mənəvi tərbiyəsində oynadığı müstəsna rol mənə də yaxşı tanışdır.
Mehriban xanım Əliyeva nəzəri təşəbbüs kimi irəli sürülərkən bir çoxlarının şübhə ilə yanaşdığı bir ideyanı həyata keçirdi. Bir neçə ay ərzində Azərbaycanın ən ucqar kəndlərində 200-dən artıq yeni məktəb binası tikilərək istifadəyə verildi. Təmirə ehtiyacı olan bir sıra tədris müəssisələri müasir standartlar çərçivəsində yenidən quruldu. Məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüterlərlə təchiz olundu. Layihə iştirakçılarının gərgin əməyi, səyi nəticəsində ötən tədris ilində olduğu kimi, 2006-2007-ci tədris ilini də minlərlə məktəbli yeni təhsil ocaqlarında qarşılayır. Bütün bunlar sübuta yetirdi ki, aydın məqsəd, xalqın rifahına söykənən amal inam və iradə ilə birləşəndə hər bir çətinlik bu qüdrətin qarşısında geri çəkilir.
Mehriban xanım Əliyevanın milli təhsilimizin inkişafı sahəsində gördüyü işlər bir məqamı ilə də önəmlidir. Məlumdur ki, Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı olmaqla bərabər, həm də Azərbaycanın birinci xanımı ictimai statusunun daşıyıcısıdır. Bu status dünyanın digər demokratik ölkələrində birinci xanımlara göstərilən münasibətdən irəli gələrək Azərbaycanda da Mehriban xanım Əliyevanın məşğul olduğu sahələrə cəmiyyətin diqqətini artırır. Onun öz fəaliyyətində Azərbaycan təhsilinin inkişafını əsas prioritetlərdən biri kimi götürməsi bu məsələnin ümumilikdə cəmiyyətin mühüm maraq predmetinə çevrilməsi və dolayısı ilə cəmiyyətin bütün təbəqələrinin təhsilimizin inkişafı naminə ictimai səfərbərliyi deməkdir.
Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" çağırışı dərhal Azərbaycan cəmiyyətində böyük dəstək qazandı. İmkanlı adamlar, sahibkarlar, ayrı-ayrı özəl və dövlət müəssisələri, xarici ölkələrin Azərbaycandakı diplomatik korpusu, Azərbaycan diasporunun təmsilçiləri böyük həvəslə bu çağırışa qoşuldular. İndiyədək dünyada bənzəri görünməmiş belə əhatəli bir layihənin reallığa çevrilməsi təkcə Azərbaycanda deyil, bütün dünyada geniş rezonans doğurdu. Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafı sahəsində atdığı addımlar təkcə bu proqramla tamamlanmır. Heydər Əliyev Fondunun təhsil sahəsində uğurla həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı da cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanla YUNESKO arasında təhsil sahəsi üzrə əməkdaşlıq əlaqələri də Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində xeyli güclənmişdir. Bu əlaqələr əsasən "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və s. bu kimi sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşməsi; məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi məsələlər də əməkdaşlıq çərçivəsində görülən işlər sırasındadır. YUNESKO-nun ötən il "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda Bakıda keçirdiyi konfrans bu istiqamətdə səylərin koordinasiyası, əlaqələrin yeni mərhələsinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əlamətdar oldu.
YUNESKO ilə təhsil sahəsində əməkdaşlıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün yaratdığı problemlərin beynəlxalq aləm tərəfindən düzgün qiymətləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da mühüm önəm daşıyır. YUNESKO-nun təşkil etdiyi beynəlxalq tədbirlərdə Mehriban xanım Əliyevanın Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirərək ölkəmizin haqlı mövqeyini iştirakçıların diqqətinə çatdırması böyük vətənpərvərlik nümunəsidir. Ortaya qoyulan səylərin nəticəsi kimi indiyə qədər YUNESKO-nun baş direktorunun rəhbərliyi ilə bu nüfuzlu təsisatın çoxsaylı məsul işçiləri və ekspertləri Azərbaycana gələrək qaçqın və məcburi köçkün ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlayıblar. Bu istiqamətdə işlər indi də uğurla davam etdirilir. YUNESKO kimi böyük imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə cəlb edilməsi, YUNESKO-nun təhsil sahəsində müəyyənləşdirdiyi pilot layihələrin həyata keçirilməsi üçün məhz Azərbaycanın seçilməsi milli təhsilimizin inkişafına geniş imkanlar açır.
Müstəqil dövlətimiz üçün bu imkanları təmin edən əsas şəxslərdən biri də Mehriban xanım Əliyevadır.
Və tarix bu xidmətləri heç zaman unutmayacaqdır.
Seyfəddin Qəndilov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru,
əməkdar elm xadimi, professor
Azərbaycan.- 2006.- 19 sentyabr.- № 211.- S. 4.