Azərbaycan Prezidenti İlham Əliyev Müasir İncəsənət Muzeyinin açılışında iştirak etmişdir
Martın 20-də Azərbaycan paytaxtında Müasir İncəsənət Muzeyinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da mərasimdə iştirak edirdilər.
Prezident İlham Əliyev, Koişiro Matsuura və Mehriban xanım Əliyeva muzeyin açılışını bildirən rəmzi qırmızı lenti kəsdilər.
Azərbaycan Prezidenti İlham Əliyev və Koişiro Matsuura YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa etdilər.
Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır. Buraya gələnlər Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltəraşların işləri ilə də tanış ola biləcəklər.
Qərbi Avropa incəsənəti salonunda isə ümummilli lider Heydər Əliyevə, habelə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliy
Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan yeni mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərəcəkdir.
Sonra muzeyin açılışı münasibətilə mərasim keçirildi. Tanınmış mədəniyyət xadimlərinin də iştirak etdikləri mərasimi Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açdı.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanin çıxışı
- Hörmətli qonaqlar!
Novruz bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə həyatda nurla, işıqla, məhəbbətlə dolu, sevinclə dolu günlər arzulayıram. Mən çox şadam ki, bu bayram günlərində ölkəmizin mədəni-ictimai həyatında çox mühüm hadisələr baş verir. Bildiyiniz kimi, artıq iki gündür ki, “Muğam aləmi” Beynəlxalq simpoziumu öz işinə başlayıbdır. Bu axşam biz Beynəlxalq muğam festivalının açılış mərasimini keçirəcəyik. Nəhayət, bu gün Müasir İncəsənət Muzeyinin açılışında birlikdə iştirak edirik.
Cənab Prezident, bu gün bizimlə olduğunuza görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. YUNESKO-nun baş direktoru cənab Kouşiro Matsuuranı Azərbaycanda salamlayıram. Azərbaycanın elminə, təhsil və mədəniyyətinə göstərdiyi diqqət və qayğıya görə ona öz dərin minnətdarlığımı bildirirəm. Simpoziumda, festivalda iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlarımızı salamlayıram. Azərbaycanın tanınmış rəssamlarını burada görməyə çox şadam. Bir il bundan əvvəl arzu və ideya kimi irəli sürülən layihə bu gün həqiqətə, reallığa çevrilmişdir. Bu məkan bir müddət bundan əvvəl yeni inşa olunmuş hündürmərtəbəli binanın, sadəcə, bir hissəsi idi. Bu gün isə bura sənət ocağı – muzeydir. Muzeydə Azərbaycanın rəngkarlıq və heykəltəraşlıq məktəbinə aid olan çox dəyərli və nadir eksponatlar toplanmışdır. Demək olar ki, son 70 ildə Azərbaycan rəssamlarının əldə etdiyi uğurlar və nailiyyətlər burada öz parlaq əksini tapmışdır. Muzeydə rəssamlıq sənətinin bütün üslubları təqdim olunur, amma əsas diqqət məhz müasir sənət nümunələrinə verilmişdir. Mən ümidvaram ki, sənətindən və yaşından asılı olmayaraq, muzeyə gələn hər bir insan burada müasir, şablondan kənar ab-havanı, yeni bir nəfəsi hiss edəcəkdir. İnanıram ki, muzeyin hər bir qonağı elə ilk anlardan burada təqdim olunmuş əsərlərin təsir qüvvəsini duyub, bu mədəniyyət layihəsinə layiqli qiymət verəcəkdir.
Kökünü qədim əsrlərdən, Qobustanın qayaüstü rəsmlərindən götürən Azərbaycan təsviri sənəti bu gün öz professional dəyəri və bədii tutumu baxımından müasir dünyada ən yüksək yerə layiqdir. Bu da öz növbəsində Azərbaycanın zəngin tarixinin, mədəni-mənəvi köklərinin, ənənələrinin dərinliyinin, Azərbaycanın odlar yurdu, nur və işıq diyarı olmasının ən gözəl sübutudur.
Əziz dostlar, fikrimcə, belə bir gözəlliklə və sənət nümunələri ilə dolu məkanda çoxlu sözlərə heç ehtiyac yoxdur. Mən, sadəcə, bir daha sizin hamınızı bu muzeyin açılışı münasibətilə ürəkdən təbrik edirəm, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər, cansağlığı arzulayıram. Bu layihənin reallaşmağında mənə dəstək olan bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm. Qoy, bu təzə açılmış muzey Azərbaycanın mədəniyyətinin və incəsənətinin yeni bir qələbə rəmzinə çevrilsin.
Çox sağ olun!
YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın çıxışı
- Cənab Azərbaycan Respublikasının Prezidenti!
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva!
Xanımlar və cənablar!
Bu gün, Novruz bayramında Bakı Müasir İncəsənət Muzeyinin açılış mərasimində sizinlə birlikdə olmağımdan çox məmnunam.
Cənab Prezident, ilk növbədə, icazə verin, ötən ilin payızında yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edim. Mən təbrikimi Sizə bildirmişdim, lakin bunu Sizin qarşınızda çıxışımda bir daha təkrarlayıram. Əminəm ki, Siz ölkənin inkişaf etdirilməsi sahəsində göstərdiyiniz məharəti, bacarığı ikinci mandatınız dövründə daha da gücləndirəcəksiniz. Hazırda, dünyada böhran vəziyyətinin olduğu şəraitdə bu cür keyfiyyətlər çox vacibdir. Bu, eyni zamanda, imkan verəcək ki, biz Azərbaycanla YUNESKO arasında olan gözəl əməkdaşlığı daha da gücləndirək. Xüsusilə də təhsil və mədəniyyət sahəsində. Çünki bu, bizim, hər iki tərəfin ən üstün prioritetləridir. Azərbaycan və YUNESKO təhsil və mədəniyyət sahələrində gözəl əməkdaşlıq edir.
Mən, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Xanım Əliyeva Azərbaycanın Milli Məclisinin hörmətli deputatıdır və eyni zamanda, YUNESKO-nun xoşməramlı səfiridir. 2004-cü ildən etibarən siz Azərbaycan ilə YUNESKO arasında ikitərəfli əməkdaşlığın qurulması sahəsində böyük nailiyyətin əldə edilməsində mühüm rol oynamısınız. Siz həm də mədəni irsin qorunması, xüsusən də şifahi mədəni irsin, nəinki Azərbaycanın, o cümlədən dünyanın digər yerlərində mədəni irsin qorunması işində çox mühüm tərəfdaş olmusunuz. Buna görə də mən xanım Mehriban Əliyevaya minnətdaram.
Mən, eyni zamanda, muzeyin qalereyasında nümayiş etdirilmək üçün 800-dən artıq incəsənət əsərinin və heykəltəraşlıq nümunələrinin seçilməsi və qorunması kimi mürəkkəb işin öhdəsindən gələn hörmətli Altay Sadıqzadəni, tanınmış rəssamı təbrik etmək istəyirəm. O, bu işin öhdəsindən ustalıqla gəlmişdir.
Mən məmnunluqla demək istəyirəm ki, bu gün bizim aramızda çoxlu Azərbaycan rəssamları var. Eyni zamanda, biz burada çox tanınmış rəssam Səttar Bəhlulzadənin işlərini də gördük. YUNESKO bu il onun anadan olmasının ildönümünü rəsmi şəkildə qeyd edəcək və bundan fərəh hissi duyur.
Müasir incəsənətə aid olan belə əsərlərin burada nümayiş olunması ilə yanaşı, gəlin, YUNESKO-nun ideallarının bütün dünyada təşviq olunmasında muzeylərin oynadığı mühüm rolu bir daha vurğulayaq. Bundan əlavə, mədəni irsi və müxtəlifliyi özündə əks etdirən muzeylər və onların kolleksiyaları, eyni zamanda, bəşəriyyətin inkişafı və sosial birliyin mühüm və güclü göstəriciləridir. Bunlar bizim üçün çox vacibdir və xanım Əliyevanın çıxışında qeyd edildi. Biz hesab edirik ki, bu cür işlər hazırkı sürətli dəyişiklik, kütləvi miqrasiya və iqtisadi böhran şəraitində xüsusi əhəmiyyət daşıyır. Hazırda beynəlxalq ictimaiyyət müvafiq çıxış yollarını axtarır və belə bir vəziyyətdə get-gedə tamamilə aydın olur ki, bu gün tərəqqi sahəsində mövcud olan məhfumlara əsaslanan üsullar, modellər, XX əsrdə mövcud olmuş qəliblər yenidən qiymətləndirilməlidir. YUNESKO öz geniş və zəngin təcrübəsinə əsaslanaraq, mədəni irsin və muzeylərin qorunmasına yardım göstərir, sülhün bərqərar olmasına kömək edir.
Cənab Prezident!
Hörmətli birinci xanım!
Xanımlar və cənablar!
Mən yekunda Bakının mədəni ab-havasını bu cür muzeylə, Müasir İncəsənət Muzeyinin açılışı ilə daha da zənginləşdirən bu tədbir münasibətilə Azərbaycan hökumətinə, hörmətli cənab Prezidentə, Azərbaycan xalqına bir daha təbriklərimi çatdırıram. Əminəm ki, biz bəşəriyyətin bu cür ən mühüm resurslarının təşviqinə nail olacağıq.
Çox sağ olun.
X X X
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Azərbaycan rəssamlarının sevincini ifadə edərək dedi:
- Hörmətli cənab Prezident!
Azərbaycanın birinci xanımı hörmətli Mehriban Əliyeva!
Azərbaycanın böyük dostu cənab Matsuura!
Əziz dostlar!
Bu gün Azərbaycanın ən sevimli bayramını qeyd edirik və mən istərdim ki, bütün Azərbaycan rəssamları adından hamınızı bu gözəl bayram münasibətilə təbrik edim. Amma Azərbaycan rəssamları bu günləri ikiqat bayram keçirir. Azərbaycanda elə bir mühit yaranıb ki, mədəniyyətə böyük qayğı, diqqət göstərilir. Çox vaxt bunlardan danışanda bizə inanmırlar. Tam səmimi deyirəm, heç kim inanmır, ona görə ki, bu işlər heç bir yerdə yoxdur.
Mən demək istəyirəm ki, bu muzeyin yaranması mühitdən asılıdır. Mühitin olması isə insanın qəlbindən, arzularından asılıdır. Ona görə mən hesab edirəm ki, biz çox xoşbəxt bir zamanda yaşayırıq. Cənab Prezident, mən istərdim ki, ilk növbədə, Mehriban xanıma bu böyük təşəbbüsünə görə dərin təşəkkürümüzü bildirəm. Burada çox böyük, maraqlı bir əsər yaranıb. Muzeyin interyeri özlüyündə bir əsərdir. Mən burada Azərbaycanın çox gözəl rəssamı Altay Sadıqzadəni mütləq qeyd etməliyəm. Ona görə ki, o, bu bir ilin ərzində burada böyük iş görübdür. Mən bunun şahidi olmuşam, görmüşəm ki, nə qədər əziyyət çəkibdir. Bunu da açıq deməliyəm ki, o, Azərbaycanın ən tanınmış və ən dəyərli rəssamlarındandır. Azərbaycan rəssamlarının buradakı əsərləri ilk dəfədir layiqincə göstərilir, nümayiş olunur. Onların arasında elə rəssamlar var ki, sovet dövründə heç vaxt sərgi üzünü görməyibdir. Burada dahi Əşrəf Murad var, tam məsuliyyətlə deyirəm ki, onun əsərləri dünyanın hər bir muzeyində asıla bilər. Yenə demək istəyirəm, bu muzeyin mühüm cəhəti odur ki, buradakı bir çox əsərləri tamaşaçı ilk dəfə görür.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Əziz dostlar,
Hörmətli xanımlar və cənablar,
İlk növbədə, sizin hamınızı bu gözəl Novruz bayramı
münasibətilə ürəkdən təbrik etmək istəyirəm, hər birinizə və bütün Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulamaq istəyirəm.
Bu gün Azərbaycan xalqının böyük bayramıdır. Novruz bayramı xalqımızın qəlbində daim yaşamışdır və bu gün Azərbaycanda çox geniş qeyd olunur. Bir həftədən çox müddətdə istirahət günləridir. Əminəm ki, bu günlər hər bir Azərbaycan vətəndaşı üçün xoş keçəcəkdir.
Eyni zamanda, bu bayram günündə Azərbaycanın mədəni həyatında çox əlamətdar və əminəm ki, tarixi bir hadisə baş verir. Bu gün biz Azərbaycanda Müasir İncəsənət Muzeyinin açılışını qeyd edirik. Həqiqətən, çox böyük və əlamətdar hadisədir. Burada qeyd edildi ki, bəlkə də ilk dəfə olaraq, Azərbaycanın görkəmli, tanınmış, bəzən unudulmuş rəssamlarının gözəl əsərləri burada nümayiş etdirilir. Bu gözəl binada, gözəl zövqlə yaradılmış muzeydə Azərbaycan rəssamlarının gözəl əsərləri nümayiş etdirilir. Hesab edirəm ki, bu, eyni zamanda, tarixi ədalətin bərpasıdır. Hər bir rəssamın əsəri onun üçün əzizdir və hər bir rəssamın əsəri ancaq haradasa nümayiş etdiriləndə yaşayır. Əlbəttə ki, şəxsi kolleksiyalar da var, müxtəlif digər formatlar mövcuddur. Ancaq mən hesab edirəm və yəqin rəssamlar mənimlə razılşarlar, o əsərlər ki, nümayiş etdirilir, insanların diqqətinə təqdim olunur o əsərlər yaşayır və əsərlər yaşadıqca, rəssamlar da yaşayır və rəssamlar əbədiləşdirilir. Azərbaycanın çox zəngin rəssamlıq məktəbi var. Artıq bunu dünyada kifayət qədər bilirlər.
Əvvəllər, biz Sovet İttifaqının tərkibində yaşayanda Azərbaycan rəssamlarının əsərləri ümumi Sovet İttifaqının rəssamlıq məktəbinin məhsulları kimi qəbul edilirdi. Bu gün isə həm indi həyatda olmayanların əsərləri ilə fəxr etmək olar, həm də bu gün bizimlə olan rəssamlar və xüsusilə gənc nəslin nümayəndələri öz əsərləri ilə fəxr edə bilərlər və Azərbaycan xalqı öz rəssamlıq məktəbi ilə fəxr edə bilər. Bu muzeyin xüsusiyyətləri çoxdur. Yenə də demək istəyirəm ki, burada nümayiş etdirilən əsərlərin böyük əksəriyyəti ya evlərdə saxlanılırdı, ya anbarlarda, yaxud da haradasa yararsız yerlərdə saxlanılırdı. İndi bu əsərlərin burada nümayiş etdirilməsi, əslində, onlara yeni həyat verir. Əminəm ki, əsərlərin müəlliflərinə yeni qüvvə verir, ruh yüksəkliyi, inam verir. Eyni zamanda, Azərbaycan vətəndaşları üçün gözəl imkanlar yaranır ki, onlar Azərbaycanın rəssamlıq məktəbinin nümayəndələrinin nə qədər yüksək peşəkarlığa, zövqə malik olduqlarını öz gözləri ilə burada görsünlər.
Mən şübhə etmirəm ki, muzeyə maraq getdikcə daha da artacaqdır. Kənardan baxanda yəqin heç kim təsəvvür edə bilməzdi ki, bu müasir binanın birinci və ikinci mərtəbələrində muzey yaradılır. Adətən, gözəl binaların birinci, ikinci mərtəbələrində ya kommersiya müəssisələri, ya restoranlar, ya dükanlar yerləşir, yaxud da daha çox biznesyönümlü məsələlər həll olunur, bu da yəqin ki, zəmanənin əlamətidir. Mən hesab edirəm ki, bu muzeyin belə böyük bir sahədə yaradılması Azərbaycanda yeni ənənənin təməlini qoyacaq və mən bütün imkanlı adamları bir daha Azərbaycanın mədəni irsinin qorunmasına, zəngin mədəniyyətinin inkişafına çağırıram. Azərbaycan dövləti öz tərəfindən bu missiyanı üzərinə götürübdür. Biz istənilən şəraitdə, dünyada neftin qiymətinin dərəcəsindən asılı olmayaraq doğma ölkəmizin, Vətənimizin mədəni irsinin qorunması, təbliği üçün və daha da mütəşəkkil qaydada təqdim edilməsi üçün səylərimizi göstərəcəyik. Azərbaycan dövləti bundan sonra da mədəniyyət ocaqlarının inkişafına, onların bərpasına, qorunmasına və təbliğinə böyük maliyyə, siyasi və inzibati dəstəyini verəcək və mən ümid etmək istəyirəm ki, bu ənənə yaşayacaqdır.
Mən bu gün bizim dostumuz cənab Matsuuranın Azərbaycana olan münasibətini xüsusilə qeyd etmək istəyirəm. Cənab Matsuura Azərbaycanın böyük dostudur və hər dəfə ölkəmizdə olanda biz birlikdə ölkəmiz üçün mühüm olan hansısa mədəni ocağın ya açılışında, ya da təməlinin qoyulmasında iştirak edirik. Əvvəlki illərdə də belə olub və bu gün də mən çox şadam ki, bu bayram günündə cənab Matsuura bizimlə bərabərdir və birlikdə bu gözəl muzeyin açılışını qeyd edirik.
Mən bütün Azərbaycan rəssamlarına, Azərbaycanın bütün mədəniyyət xadimlərinə yeni uğurlar arzulayıram. Biz onlardan yeni əsərlər gözləyirik. Bu fürsətdən istifadə edib, hamınızı həm muzeyin açılışı münasibətilə, həm də bizim üçün ən əziz, doğma olan Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.
Xalq qəzeti. - 2009.-21 mart. - N 64. - S. 2-3.