Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Misirin Baş nazirinin xanımı ilə görüşmüş, Qahirədə Misir Muzeyi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Misirin Baş nazirinin xanımı Mona Nazifə ilə görüşmüşdür.
Misirin neft nazirinin, informasiya-kommunikasiya texnologiyası nazirinin xanımlarının da iştirak etdikləri görüşdə müxtəlif sahələrdə əlaqələr müzakirə olundu. Xanımlar xüsusilə humanitar sahədə əməkdaşlıq üçün mövcud potensialdan səmərəli istifadə ilə bağlı fikir mübadiləsi apardılar.
Həmin gün Misirin Baş nazirinin xanımı adından Mehriban Əliyevanın şərəfinə nahar verildi.
* * *
Mayın 7-də Azərbaycanın birinci xanımı Qahirədə məşhur Misir Muzeyi ilə tanış oldu. Muzeyin əməkdaşları Mehriban Əliyevaya məlumat verdilər ki, burada Yer kürəsinin ən qədim dövlətçilik tarixinə malik olan ölkələrindən biri - Misirin qədim tarixinin müxtəlif dövrlərinə aid çoxlu sayda qədim əşyalar, döyüş silahları və sənədlər toplanıbdır. Əlverişli coğrafi mövqedə yerləşməsi Misirin dəfələrlə təcavüzlərə məruz qalmasına səbəb olmuşdur. Muzey istər bu hadisələri, istərsə də misirlilərin təcavüzkarlara qarşı mübarizəsini əks etdirən eksponatlarla da zəngindir. Tarixi abidələr və tikililər, ölkənin elm və təhsilinin qədimliyindən xəbər verən ekspozisiya da diqqəti cəlb edir. Bu muzeyi məşhurlaşdıran əsas eksponatlar Misir fironlarının heykəlləri, onların taxtları, istifadə etdikləri əşyalar və sarkofaqlardakı mumiyalar və sairdir.
Bildirildi ki, qədim misirlilərin inancına görə insanı sonsuzluğa qədər yaşatmaq üçün onun cəsədini saxlamaq lazımdır. Bunun üçün misirlilər ölmüş adamı mumiyalayır, daxili orqanlarını xüsusi qabda saxlayır, sifətinə isə maska taxırdılar. Arxeoloji qazıntılar zamanı tapılmış belə mumiyaların bir hissəsi bu muzeydə saxlanılır.
Azərbaycanın birinci xanımı muzeyin fəxri qonaqlar kitabına təəssüratlarını yazdı.
Tanışlıqdan sonra Mehriban xanım Əliyevaya muzey barədə məlumat kitabı hədiyyə olundu.
AzərTAc
2007, 7 may