Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun vəsaiti hesabına yeni məktəb binaları tikilir


Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana - yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinə qədər Xanlar rayonunun 3814 sakini olan Hacıməlik qəsəbəsində, 383 sakinin yaşadığı Kərəmli və 1029 sakinin yaşadığı Nadil kəndlərində yeni orta məktəb binaları tikilir.

Bu yaşayış məntəqələrindəki yararsız vəziyyətdə olan məktəblərin əvəzinə hər cür müasir şəraitli 100-200 şagird yeri olan yeni məktəb binaları tikilib sentyabrın 15-dək istifadəyə veriləcəkdir. Artıq layihə-smeta sənədləri hazırlanmış, inşaat işlərinə başlanmışdır.

Xanlarlılar ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondun bu xeyirxah təşəbbüsünü minnətdarlıq hissi ilə qarşılamışlar.

* * *

Heydər Əliyev Fondunun maliyyə vəsaiti hesabına Bərdə rayonunun Saatlı, Yeni Daşkənd və Xanağalı kəndlərində 260 yerlik yeni məktəb binalarının inşasına başlanmışdır. Hər üç məktəb yeni dərs ilində istifadəyə veriləcəkdir.

Rayon icra hakimiyyətindən bildirmişlər ki, şəhərdə müasir standartlara cavab verən 840 yerlik məktəb binası tikilir. Dövlət Proqramına əsasən, Gülgəzli kəndində 360 şagird yeri olan yeni məktəb binası inşa ediləcəkdir. Lənbəran, Xanağalı kənd məktəblərində əsaslı təmir işləri başa çatdırılmışdır.


Xalq qəzeti.- 2005.- 2 iyul.- № 150.- S. 3.