Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”


Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır. Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində daha bir yeni layihəsini reallaşdırmağa başlamışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəmiz bir ağac əkək!” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin bölgələrdə keçirilən iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

ŞAMAXI RAYONU

Şamaxı şəhərinin giriş qapısı sayılan S.Ə.Şirvani küçəsində iməcilik keçirilmiş, küçə boyu 500-dən çox ağac əkilmiş, təmizlik və abadlıq işləri aparılmışdır. İməciliyə çıxanlar ağacların qurumuş budaqlarını kəsmiş, park və xiyabanlarda yenidənqurma işlərini davam etdirmişlər. Novruz bayramı günlərindən başlanan kampaniya çərçivəsində rayon üzrə 3 mindən çox ağac və müxtəlif gül kolları əkilmişdir. Rayonun təhsil, səhiyyə işçiləri, ali, orta-ixtisas və ümumtəhsil məktəblərinin, peşə liseyinin tələbə və şagirdləri Heydər Əliyev Fondunun təşəbbüsünə xüsusi həvəslə qoşulmuşlar. Verilən məlumata görə, rayon ərazisindən keçən magistral yolun hər iki tərəfində yeni ağaclar əkiləcək və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstəriləcəkdir.

HACIQABUL RAYONU

Rayonun küçə, meydan, park və xiyabanlarında son bir neçə gündə 10 minə yaxın bəzək ağacı və gül kolu əkilmişdir. Regional tinglik təsərrüfatı 30 hektar səhədə müxtəlif növ bəzək ağacı və gül kolu tingləri yetişdirmişdir. Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə fəal qoşulan bölgələrə indiyədək 250 min ağac və gül kolu göndərilmişdir.

ƏLİ BAYRAMLI

Şəhər sakinləri, idarə, müəssisə və təşkilatların kollektivləri Heydər Əliyev prospektində və Asudə Vaxt Mərkəzinin həyətində qısa müddətdə 3 min ağac, 2 minədək gül kolu əkmişlər. Mərkəzi xəstəxana, təhsil şöbəsinin və şəhər bələdiyyəsinin işçiləri istirahət günlərində keçirilən iməciliklərdə xüsusilə fərqlənirlər. İcra hakimiyyətindən verilən məlumata görə, Heydər Əliyev Fondunun nəcib çağırışına cavab olaraq 20 min ağac, 6 min gül kolu əkilməsi, 2 hektar sahədə yaşıllıq zolağı yaradılması nəzərdə tutulur.

NİZAMİ RAYONU

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində fəaliyyət göstərən “Neftçi” Gənclər Şurasının üzvləri paytaxtın Nizami rayonu ərazisində yaşıllaşdırma işləri aparmış, son günlər ərzində ayrı-ayrı küçələrdə 3 mindən çox ağac əkmişlər.

Ötən həftə Nizami Rayon İcra Hakimiyyəti, ARDNŞ-in Təhlükəsizlik İdarəsi və “Neftçi” GŞ növbəti ağacəkmə kampaniyası keçirərək, rayonun R. Rüstəmov küçəsində 1200-dən çox ağac əkmiş, abadlıq işləri aparmışlar. Tədbirdə iştirak edən 500-dən çox vətəndaş ekologiyanın yaxşılaşdırılmasına öz töhfəsini vermişdir.

Bildirilmişdir ki, son 1 ay ərzində rayonun müxtəlif yerlərində 7 mindən çox ağac əkilmişdir. Yaşıllaşdırma işlərinin mövsümün sonunadək davam etdirilməsi nəzərdə tutulur.

İMİŞLİ RAYONU

Rayon icra hakimiyyətindən bildirmişlər ki, Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə qoşulan minlərlə rayon sakini bayram günlərində iməciliklərə çıxmışdır.

İmişli şəhəri və kəndlərdə 11 minə yaxın müxtəlif bəzək ağacı və gül kolu əkilmiş, 3 hektar sahədə yaşıllıq zolağı salınmış, ağacların dibi bellənmiş və gövdəsi ağardılmışdır. Ümumiyyətlə, yaz mövsümündə rayonda 40 min ağac və gül kolu əkilməsi nəzərdə tutulur.

GÖYÇAY RAYONU

Göyçay rayonunda keçirilən yaşıllaşdırma tədbirində idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər xüsusilə fəal iştirak etmişlər.

Rayon yaşıllıq və abadlaşdırma idarəsinin yaxından dəstəyi ilə bir həftə ərzində Heydər Əliyev, Əli Kərim, M.Ə.Sabir parklarında, Heydər Əliyev prospekti, Natəvan, Nizami, Füzuli, M.Ə.Rəsulzadə küçələrinin kənarlarında, təhsil, səhiyyə ocaqlarının həyətyanı sahələrində və kəndlərdə 6 mindən çox şam, küknar, çinar, sərv və palıd tingləri əkilmişdir.

Rayonda ağacəkmə kampaniyası davam etdirilir və bu günlərdə daha 5 min ağacın əkilməsi nəzərdə tutulur. Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” təşəbbüsü rayonda gündən-günə daha geniş vüsət alır.

NƏRİMANOV RAYONU

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəmiz bir ağac əkək!” layihəsi çərçivəsində martın 28-də Nərimanov rayonunda ümumrayon iməciliyi keçirilmişdir.

İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin iştirakı ilə Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsindəki parkda 200-dən çox həmişəyaşıl ağacı əkilmişdir.

Bildirilmişdir ki, ümumilikdə bir gündə 2000-dən çox ağac əkiləcəkdir. Aprelin sonunadək belə tədbirlər davam etdiriləcəkdir. Bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıl diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.

Bütövlükdə rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələri kollektivlərinin üzvləri böyük həvəslə iməciliyə qoşulmuşlar.

SABİRABAD RAYONU

Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” çağırışı Sabirabadda da geniş əks-səda yaradıb. Rayonda Novruz bayramı günlərində sakinlərin birgə səyi ilə 3 minədək ağac, 1000-dən artıq gül kolları əkilib. Bu, işin başlanğıcıdır. Ayrıca yaşıllaşdırma proqramının həyata keçirilməsi planlaşdırılır.

Hazırda tamamilə yenidən qurulan Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Heydər Əliyev prospektində, Heydər Əliyev abidə kompleksində, Mirzə Ələkbər Sabir abidə kompleksində, habelə şəhərin bir sıra digər küçə və xiyabanlarında, kəndlərdə 20 min bəzək və meyvə ağacları, gül kolları basdırılması nəzərdə tutulur. İlk iməciliklərdə 25-dən artıq idarə, müəssisə və təşkilatın kollektivləri, yüzlərlə sakin iştirak edib. Sonrakı mərhələdə yaşıllaşdırma təşəbbüsünə dəstək verənlərin sıralarının xeyli genişlənəcəyi gözlənilir.

XƏTAİ RAYONU

Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan “Hərəmiz bir ağac əkək!” aksiyasına martın 28-də Xətai rayonunun fəalları da qoşulmuşlar. Həmin gün Aşıq Ələsgər küçəsinin, Zığ yolunun, Nobel və Gəncə prospektlərinin ətrafında 7 mindən çox palıd, şam ağacları, müxtəlif dekorativ bitki və kollar əkilmişdir. Rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələrinin kollektivləri iməcilikdə böyük həvəslə çalışmışlar.

Aksiya rayon ərazisində ayın axırınadək davam etdiriləcəkdir.


Xalq qəzeti.- 2007.- 29 mart.- № 64.- S. 6.