Çap etmək   ⁞     ⁞   UNESCO

Yeni miniatür kitab çapdan çıxmışdır


Azərbaycan Respublikası "Kitab" Cəmiyyətinin xətti ilə nəfis tərtibatda "YUNESKO-nun xoşməramlı səfiri" adlı miniatür kitab çapdan çıxmışdır.

Yüksək poliqrafik səviyyədə, super cilddə, 38x51 millimetr ölçüdə olan miniatür kitabda 2004-cü il sentyabrın 7-də Parisdə YUNESKO-nun iqamətgahında Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya YUNESKO-nun xoşməramlı səfiri fəxri adının verilməsi münasibətilə keçirilən mərasimə dair materiallar öz əksini tapmışdır. Kitabda YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışları və Azərbaycan Prezidenti İlham Əliyevin nitqi Azərbaycan, rus və ingilis dillərində verilmişdir.

Respublika "Kitab" cəmiyyətinin sədri Zərifə Salahovanın təşəbbüsü ilə nəşr olunan 176 səhifəlik miniatür kitabda verilən rəngli 12 fotoşəkil də müasir kitab sənətinin və qrafikasının qabaqcıl nailiyyətlərinin göstəricisi hesab olunmalıdır.

Z. Salahova qeyd etmişdir ki, bu gün Azərbaycanın mədəni irsinin qorunmasında, onun beynəlxalq aləmdə təbliğində böyük xidmətlər göstərən Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi milli mədəniyyətimizin tarixində əlamətdar hadisədir. 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondunun indiyədək uğurlu fəaliyyəti bunun bir daha bariz nümunəsidir. Mehriban xanım Əliyeva musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi, uşaqların sağlamlığının qorunması və bir çox sahələrdə də özünün xoşməramlı fəaliyyəti ilə xalqına xidmət göstərir. Kitabsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanan bu yeni nəşr cari ildə ABŞ-da keçiriləcək miniatür kitab sərgisində nümayiş etdiriləcəkdir.

Kitab "İndiqo" nəşriyyatında çap olunmuşdur.


AzərTAc
2005, 18 fevral