Çap etmək   ⁞     ⁞   UNESCO

YUNESKO ilə Azərbaycan arasında əlaqələr günbəgün inkişaf edir


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra təşkilatla ölkəmiz arasında əlaqələr sürətlə inkişaf etməyə başlamışdır.

Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında elm, təhsil və mədəniyyət sahəsində bir sıra layihələr həyata keçirilmişdir. Azərbaycan muğamları qurumun "Şah əsərləri", Qobustan abidələri "Ümumdünya mədəni irs" siyahılarına daxil edilmiş, respublikamızda YUNESKO ilə birlikdə təhsilin, mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən beynəlxalq miqyaslı tədbirlər təşkil olunmuşdur.

Azərbaycanın dünya şöhrətli kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO çərçivəsində qeyd olunması Fransada da böyük əks-səda doğurmuşdur. Tanınmış xalça ustası Lətif Kərimovun yubileyi YUNESKO səviyyəsində qeyd edilmişdir. Bütün bunlardan əlavə, keçirilmiş digər tədbirlər təşkilatda və quruma üzv ölkələrin nümayəndələri arasında Azərbaycanla bağlı geniş təəssüratlar yaranmışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri sahəsində yeni müstəvidə inkişaf etməkdə olan YUNESKO-Azərbaycan əməkdaşlığı çərçivəsində gələcəkdə ölkəmizlə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, qurumun İcra Şurasının 177-ci sessiyasında təşkilat tərəfindən 2008-2009-cu illər üçün əlamətdar tarixlərin qeyd edilməsi məsələsinə baxılmışdır.

Şura Azərbaycanın elm və ədəbiyyat tarixində özünəməxsus yer tutmuş görkəmli alim Mir Cəlal Paşayevin, elmimizin inkişafında böyük xidmətləri olmuş akademik Musa Əliyevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileylərinin və Şərq dünyasının ilk operası hesab edilən "Leyli və Məcnun"un səhnəyə qoyulmasının 100 illiyinin YUNESKO çərçivəsində qeyd olunması barədə qərar qəbul etmişdir.

Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq birdən-birə iki il ərzində dörd yubileyin YUNESKO səviyyəsində qeyd olunmasına imkan yaranmışdır.

Bu, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanla YUNESKO arasında əməkdaşlığın günbəgün dərinləşməsinin və inkişafının bariz nümunəsi kimi qiymətləndirilmişdir.


Ələsgər Əliyev

Xalq qəzeti.- 2007.- 6 noyabr.- № 249.- S. 2.