Mehriban Əliyeva: "Mən çox şadam ki, uşaqların üzündə sevinc, təbəssüm görürəm"
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi, xeyriyyəçilik fəaliyyətinin əsas qayəsi insanların xoşbəxtliyi, firavanlığı, bütövlükdə xalq və ayrı-ayrı insanlar üçün faydalı, xeyirxah işlər görməkdir. Zəngin və yorulmaz fəaliyyəti sayəsində vətəndaşlarımızın rifahı naminə irimiqyaslı layihələr həyata keçirən Mehriban xanım bu xeyirxah missiyanı yerinə yetirərkən nə vaxtını, nə də qüvvəsini əsirgəmir.
Həmişə olduğu kimi, 2010-cu ildə də həyata keçirdiyi möhtəşəm layihələri ilə yadda qalan Heydər Əliyev Fondu Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində xalqı bir sıra yeni layihələrlə sevindirdi.
Valideyn himayəsindən məhrum uşaqlara kömək, uşaq evlərinin, internat məktəblərinin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması fondun humanitar fəaliyyətinin prioritet istiqamətlərindəndir. Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrin böyük bir qismi gələcəyimiz olan uşaqların xoş güzəranı üçün hesablanıb. Xüsusən də, valideyn sevgisindən məhrum olan uşaqlardan qayğısını əsirgəməyən Mehriban xanım Əliyeva sözün əsl mənasında onların himayədarına çevrilib. Bu uşaqlar məhz Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr sayəsində özlərinə isti ocaq tapıblar.
Hər il olduğu kimi, 2010-cu ilin sonunda da Heydər Əliyev Fondu tərəfindən uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar, eləcə də təhsildə xüsusi fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirildi.
Dekabrın 29-da "Buta" sarayında keçirilən bayram şənliyində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak etdi. Qızları Leyla və Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşdü. Mehriban xanım və qızları uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər. "Mən çox şadam ki, uşaqların üzündə sevinc, təbəssüm görürəm" deyən Mehriban xanım Əliyeva onlara ən xoş arzularını çatdırdı.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar keçirilən bayram şənliyində əsl həmrəylik ab-havası yaşandı. Respublikamızın tanınmış sənətçiləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirdilər. Uşaqlara hədiyyələr təqdim edildi. Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi. Ümumiyyətlə, Heydər Əliyev Fondu tərəfindən hər il ənənəvi olaraq keçirilən Yeni il şənliklərində ümumilikdə 2 mindən çox uşaq və yeniyetmə iştirak edir.
Yarandığı gündən - 10 may 2004-cü ildən bu günədək Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi ilə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görür, möhtəşəm layihələr həyata keçirir, mədəniyyət və incəsənət xadimlərinə yüksək qayğı göstərir. Bu baxımdan 2010-cu ilin sonunda - qarşıdan gələn bayramlar ərəfəsində Heydər Əliyev Fondu Binə qəsəbəsinin sakinlərinə daha bir hədiyyə bəxş etdi. Belə ki, Binə Mədəniyyət Mərkəzi əsaslı şəkildə yenidən quruldu və istifadəyə verildi. Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etdi.
Ötən əsrin 50-ci illərində tikilmiş və mədəniyyət klubu kimi fəaliyyət göstərən bu tikili yenidənqurmadan sonra müasir Mədəniyyət Mərkəzinə çevrildi. 2 min 425 kvadratmetr sahəni əhatə edən mərkəzdə müxtəlif dərnəklərin fəaliyyəti üçün hər cür şərait mövcuddur. Burada 14 minə yaxın kitabın saxlanıldığı ədəbiyyat fondu da yaradılıb. Dərnəklərdə məşğələlər keçən uşaqlar beynəlxalq yarışlarda da iştirak edəcəklər. Eyni zamanda, qəsəbədə yeni musiqi məktəbinə ehtiyac olduğunu nəzərə alaraq, mərkəzdə musiqi məktəbinin fəaliyyətinə şərait yaradılıb. Binada müasir avadanlıqla təchiz edilmiş 156 yerlik tamaşa zalı da mövcuddur.
Dekabrın 28-də Heydər Əliyev Fondu Xəzər rayonunun Binə qəsəbəsinə daha bir yeni il töhfəsini ərməğan etdi. Həmin gün Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Binə qəsəbəsində müasir tipli məktəbin təməli qoyuldu.
Təməlqoyma mərasimində iştirak edən Mehriban xanım Əliyeva inşa ediləcək müasir tipli yeni məktəbin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, 660 şagird yerlik müasir tipli üçmərtəbəli məktəb kompleksi 1,26 hektar ərazini əhatə edəcək. Məktəbdə müasir təhsil standartlarına uyğun 17 sinif otağı, 15 fənn kabineti və laboratoriya, kompüter otağı, kitabxana, örtülü idman zalı, yeməkxana, akt zalı inşa olunacaq. Məktəbin elektrik və istiliklə dayanıqlı təchizatı üçün qazanxana, su nasosu stansiyası tikiləcək, transformator, su çəni quraşdırılacaq. Məktəb qəsəbədə mövcud təhsil müəssisələrindəki şagird sıxlığını aradan qaldırmaq, onların keyfiyyətli təhsil almasına daha yaxşı şərait yaratmaqla yanaşı, xeyli sayda müəllim və xidməti işçinin məşğulluğunu da təmin edəcək.
Yeni inşa olunacaq məktəbin sxemi ilə tanış olduqdan sonra Mehriban xanım Əliyeva qəsəbə sakinləri ilə görüşdü və bu əlamətdar hadisə münasibətilə onları təbrik etdi. Binə sakinləri mütəmadi olaraq onlara göstərdiyi diqqət və qayğıya görə Mehriban xanıma təşəkkürlərini bildirdilər.
Daha sonra Xəzər İnkişaf Fondunun sosialyönümlü layihələrini həyata keçirmək üçün alınmış texnikanın təqdimat mərasimi oldu. Rayon ərazisində yaşıllıqların salınması, məişət tullantılarının yığılması, abadlıq işlərinin aparılması məqsədilə alınmış 3 su maşını, 2 yükünü özüboşaldan və 4 məişət tullantıları daşıyan "Kamaz" markalı maşın, eləcə də qreyder, yükvuran, traktor, çoxfunksiyalı ekskavator rayonun müvafiq icra strukturlarına təhvil verildi.
2010-cu ilin son ayında başa çatdırılan layihələrdən biri də Abşeron rayonunun Masazır qəsəbəsində yeni məktəbin və uşaq bağçasının tikilib istifadəyə verilməsidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masazır qəsəbəsində müasir tələblər səviyyəsində inşa olunmuş 3 saylı orta məktəbin və "Şən yuva" uşaq bağçasının dekabrın 24-də açılışında Azərbaycanın birinci xanımı iştirak etdi. 500 şagird yeri olan məktəb zirzəmi ilə birlikdə üçmərtəbəlidir. Burada uşaqların müasir tələblər səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılıb. Birinci mərtəbənin foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə diqqət və qayğılarını əks etdirən fotostendlər qurulub. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunmuş bu təhsil ocağında kompüter, fənn otaqları, ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar vardır. Məktəbin binasının qızdırılması üçün fərdi qazanxana quraşdırılmışdır. Futbol və voleybol meydançaları ilə yanaşı, məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılmış, müxtəlif ağaclar və gül kolları əkilmişdir. Qeyd edək ki, həmin ərazidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə gələn il istifadəyə verilməsi planlaşdırılan beşmərtəbəli idman məktəbi də inşa olunur.
Sonra Heydər Əliyev Fondunun prezidenti "Şən yuva" uşaq bağçasının açılışında da iştirak etdi. Azərbaycanın birinci xanımı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, mansardla birlikdə 3 mərtəbəli binada 120 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində inşa olunan bu müəssisənin tikinti işlərinə ötən il başlanılmış və qısa zamanda başa çatdırılmışdır.
Bağçanın birinci mərtəbəsinin foyesində Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılmışdır. Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcəkdir. Bunun üçün bağça hər cür dərs ləvazimatı ilə təchiz olunmuşdur. Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dekabrın 24-də Abşeron rayonunun Saray qəsəbəsində fondun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 saylı uşaq internat evi ilə də tanış oldu. İnternat evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verildi ki, Heydər Əliyev Fondu və Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin birgə layihəsi əsasında burada əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. İnternat evi kompleksinə 2 mərtəbəli inzibati bina, 4 mərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, camaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunmuş, uşaqların normal yaşaması üçün hər cür şərait yaradılmışdır.
Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulan internat evinin ümumi ərazisi 2 hektardır. Burada 4 yaşından 18 yaşınadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayırlar. Hazırda burada yaşayan 140 uşaq yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilmişdir.
İnternat evində Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər vardır.
Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva internat evinin kollektivinə uğurlar arzuladı.
2010-cu ilin son ayında Azərbaycan xalqına bayram ərməğanı olan yuxarıda sadaladığımız bu nəcib əməllərlə birlikdə indiyədək Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş, təmir olunmuş və ya yenidən qurulmuş yüzlərlə məktəb, onlarca internat, uşaq evləri, səhiyyə və mədəniyyət ocaqları cəmiyyətimizin sosial və humanitar problemlərinin həllinə böyük töhfələr verir.
Fəaliyyətində humanist dəyərlər və ideallar birinci yerdə dayanan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın təşəbbüsləri və həyata keçirdiyi layihələr xalqın firavanlığına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Ona görə də xeyirxahlığı və humanizmi ilə könüllərdə taxt qurmuş
Mehriban xanımın gördüyü işlər Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir. Əməli işində, bir qayda olaraq, humanizm məsələləri həmişə ön planda olan Heydər Əliyev Fonduna Azərbaycan xalqının rifahına xidmət edən belə möhtəşəm layihələrin həyata keçirilməsində uğurlar diləyirik.
Milli-Məclis.- 2011.- № 1-2.- S. 24-29.