Heydər Əliyev Fondu Azərbaycanı mədəniyyətlərarası dialoq-barış məkanına çevirir
Fond dünya mədəniyyəti nümunələrinin Azərbaycanda nümayiş etdirilməsi və subyektivlər arasında ünsiyyətin yaradılması istiqamətində mühüm işlər görür
Xalqın və ya millətin sosial-siyasi vahid kimi formalaşmasında, dünya xalqları sırasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanın öz həyat fəaliyyəti prosesində əldə etdiyi, nail olduğu predmetlər və dəyərlər toplusudur ki, bütün bu ünsürlər də nəsildən-nəslə ötürülərək inkişaf etdirilir. Əgər bir xalqın inkişaf etmiş mədəniyyəti olarsa, o zaman bu sosium dünyanın yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi yolundan sapınmamağa nail ola bilər. Bu baxımdan Ümummilli liderimiz Heydər Əliyevin mədəniyyətlə bağlı fikirləri diqqəti cəlb edir: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir ”.
Əlbəttə, konkret olaraq mədəniyyət anlayışının fəlsəfi mahiyyətinə varmaq çox çətindir. Amma bir şey bəllidir ki, mədəniyyət çoxşaxəli bir “orqanizm” olaraq insanların fəaliyyəti nəticəsində yaranan maddi və mənəvi strukturdur. Onun qorunub saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsi isə olduqca çətin missiyadır...
Muğam dünyası Azərbaycanda birləşdi...
Mədəniyyətə qayğı tədbirləri sırasında Azərbaycanda muğamın inkişafına göstərdiyi diqqət Heydər Əliyev Fondunun milli-mənəvi irsə necə böyük həssaslıqla yanaşdığını göstərir. Hələ 2005-ci ildə Azərbaycan musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılıb, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları dəvət olunmaqla “dəyirmi masa” keçirilib və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınıb. Muğam ustaları ilə mütəmadi görüşlərdən, məsləhətləşmələrdən sonra Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilib, Heydər Əliyev Fondunda onun təqdimatı keçirilib. Mərkəzin inşası üçün münasib yer seçilib, YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın iştirakı ilə binanın təməli qoyulub. Tikinti işləri başa çatdıqdan sonra Beynəlxalq Muğam Mərkəzinin təntənəli açılışı olub.
Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan növbəti addım “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə buraxılması və “Gülüstan” sarayında onun təqdimat mərasiminin keçirilməsidir. Tanınmış ifaçıların iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili də sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıq hissi ilə qarşılanır, bu ənənə yüksək dəyərləndirilir.
Heydər Əliyev Fondunun keçirdiyi “Muğam dünyası” Beynəlxalq Festivalda isə muğam biliciləri Azərbaycana toplaşaraq incəsənətin çox özünəməxsus bir növü barədə fikir mübadiləsi aparıb, muğamın qorunub saxlanması və inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər. Azərbaycanda bu sahədə görülmüş işlər muğama marağı xeyli artırıb, muğamın sirlərinə yiyələnmək istəyənlərin sayı qat-qat çoxalıb. Bu, zəruridir, çünki muğamı Azərbaycan xalqının fəlsəfi yaddaşında donub qalmış səslər kimi təsəvvür etmək olmaz, muğam daim dialektik inkişafdadır.
Milli sərvətimiz, mənəvi dəyərlərimizin daşıyıcısı və etnosumuzun ən mükəmməl salnaməsi olan muğamın təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başladığı işlərin bəhrəsi olaraq bu tədbir mədəniyyətlərarası dialoqa çevrildi. Beynəlxalq Elmi Simpoziumda və Beynəlxalq Muğam müsabiqəsində İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə, Almaniya və digər ölkələrin təmsilçilərinin, həmçinin, Beynəlxalq Musiqi Şurasının muğam bölməsində bu janrın təhlili, təbliği ilə məşğul olan məşhur alimlərin bir araya gəldiyi Bakı, eyni zamanda, muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcının yazıldığı məkana çevrildi. Bəşəri mədəniyyət proqramı bütün dünyanın ən məşhur alimləri tərəfindən bəyənildi və təsdiq edildi.
Əlbəttə, bütün bu işlər Azərbaycan xalqının mədəni irsinin qorunmasında və dünya ictimaiyyətinin diqqətinə təqdim olunmasında, təbliğ edilməsində böyük əhəmiyyət daşıyır. İki əsr Azərbaycanın milli dövlətçilik məsələlərindən uzaq, imperiyalar tərkibində yaşamasını nəzərə alaraq söyləyə bilərik ki, bu gün xalqımızın xalq kimi yenidən böyük işlər görməsinin, “xalqlar türməsində ” assimilyasiya olmamasının bir səbəbi də, təbii ki, tarixi keçmişimiz və bundan doğan, dərin köklərə malik mədəni incilərimizdir. Bu sırada isə ilk növbədə adət-ənənələrimizlə yanaşı, biz muğamı xüsusilə vurğulamalıyıq.
Prezident İlham Əliyev “Muğam dünyası” Beynəlxalq Festivalının açılış mərasimində deyib ki, muğam Azərbaycanın milli sərvətidir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, milli mədəniyyətimizin və xalq sənətinin, o cümlədən, Şərqin ən qiymətli incisi sayılan muğamın qorunub saxlanmasında və inkişaf etdirilməsində çox böyük xidmətləri olan Mehriban xanım Əliyeva muğam barədə fikirlərini bu şəkildə ifadə edib: “Muğam hər bir azərbaycanlının həyatına az qala doğulduğu andan daxil olur. Bu heyrətamiz musiqi bütün hallarda bizim daxili ovqatımıza uyğun gəlir. O, həmişə yerinə düşür - kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Bəli, muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət etmiş, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olmuşdur.
Həqiqətən də, ölkəmizi muğamsız, muğamı isə Azərbaycansız təsəvvür etmək çətindir”.
Muğamın ən yaxşı ifaçılarının və bilicilərinin fikirləri də yuxarıda söylənilən fikirləri təsdiqləyir.
Vaxtilə Azərbaycanda ən tanınmış muğam ifaçılarından olan Seyid Şuşinski muğamı bütöv bir ümmana bənzədirdi. Xan Şuşinskinin fikrincə, muğam yaralı ürəklərin məlhəmi, insanlara təsəlli verən, onları ruhən yüngülləşdirən bir sənətdir. Həqiqətən, bu böyük sənətkarların ifasında səslənən muğam məhz belə təsirə malik idi. Vaxtilə bəstəkar Əfrasiyab Bədəlbəyli tamamilə haqlı olaraq muğamı Azərbaycan musiqi dilinin lüğət fondu, musiqimizin təməli kimi səciyyələndirmişdi. Dahi Üzeyir Hacıbəyli Şərqdə ilk opera olan “Leyli və Məcnun”u məhz muğam əsasında yazıb. Sonrakı dövrdə Azərbaycan bəstəkarları xalqımızın milli musiqi xəzinəsini dərin məzmunlu, bənzərsiz melodiyaları ilə seçilən əsərlərlə zənginləşdiriblər. Niyazinin “Rast”, Fikrət Əmirovun sözün həqiqi mənasında sensasiyaya çevrilmiş “Şur”, “Kürd ovşarı”, “Gülüstan-Bayatı Şiraz” əsərləri o vaxta qədər mövcud olmayan simfonik muğam janrının ilk nümunələri kimi bütün musiqi dünyasını heyran edib. Sonralar Süleyman Ələsgərovun “Bayatı Şiraz”, Vasif Adıgözəlovun “Segah”, Tofiq Bakıxanovun “ Nəva ”, “Humayun” və başqa əsərləri yaranıb. Xalq çalğı alətləri orkestri və simfonik orkestr, arfa, orqan və fortepiano üçün yazılmış əsərlər arasında Asəf Zeynallının “Çahargah” simfoniyası, Aqşin Əlizadənin “Muğam melodiyaları”, Fərəc Qarayevin “Xütbə, muğam və surə” kimi orijinal bəstələri xüsusi yer tutur.
Son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya və ABŞ-da muğama maraq xeyli artıb, bu ölkələrdə muğamı çox yüksək səviyyədə qəbul edirlər. Bu fakt onunla izah edilməlidir ki, qədim Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf edib, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilib. Elə buna görə də, 2003-cü ildə muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsi inciləri siyahısına daxil edilib.
Ümumi fonda Heydər Əliyev Fondunun həm muğamın dünya səviyyəsində tanınmasında, eyni zamanda, bu sənətin - milli-mədəni incimizin daha geniş təbliğ olunmasında təşkil etdiyi Beynəlxaq Festival və simpozium hələ yaddaşlarda çox qalacaq. Çünki muğama verilən qiymət özünü bu cür beynəlxalq tədbirlərlə yanaşı, sırf muğamın təbliği üçün tikilmiş Beynəlxalq Muğam Mərkəzinin timsalında da göstərir.
Heydər Əliyev Fondunun dəstəyi ilə yeni musiqi bayramı...
Bu gün yenidən Heydər Əliyev Fondunun dəstəyilə dünya mədəniyyəti Azərbaycanda birləşib. Dünyanın 16 ölkəsindən - ABŞ, Fransa, İsrail, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digər dövlətlərdən gəlmiş tanınmış musiqiçilərin iştirak etdiyi Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi müxtəlif mədəniyyət sahibləri olan çoxsaylı musiqi ustadlarını bir araya gətirib.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Festival iştirakçılarına göndərdiyi təbrik məktubunda tədbiri böyük bayram hesab etdiyini bildirib: “Dünyanın tanınmış musiqi xadimlərinin iştirakı ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı və pianoçuların beynəlxalq müsabiqəsi yeni istedadların aşkara çıxarılmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan sənətin incəliklərini öyrənməyə imkan verəcəkdir. Festival çərçivəsində məşhur pianoçuların təşkil edəcəyi ustad dərsləri gənc musiqiçilər üçün böyük töhfə olacaqdır”.
Tədbirdə iştirak edən bir çox ekspertlər Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsini Beynəlxalq Muğam Festivalının davamı kimi qiymətləndiriblər. Əlbəttə ki, bu kimi tədbirlərin keçirilməsi ilə Heydər Əliyev Fondu Azərbaycanı mədəniyyətlərarası dialoq - barış məkanına çevirir.
Xatırladaq ki, Heydər Əliyev Fondu klassik musiqi mədəniyyətimizə ehtiramla yanaşır. Paytaxtda dahi bəstəkar Ü. Hacıbəylinin, Bülbülün təntənəli yubiley tədbirləri Fondun dəstəyi ilə gerçəkləşib. Dünya şöhrətli D. Şostakoviçin yubiley gecəsi, artıq ənənəyə çevrilən beynəlxalq Rostropoviç musiqi festivalları Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Bu festivallar çərçivəsində Azərbaycan, Amerika, İtaliya, Rusiya və Fransanın tanınmış musiqiçiləri, məşhur dirijorları çıxış edir. Sənətsevərlər üçün musiqi bayramına çevrilən bu konsertlər gənc nəslin musiqi zövqünün formalaşmasına kömək edir.
Mədəniyyətimizin hamisi...
Heydər Əliyev Fondu, həmçinin, Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq digər layihələri də həyata keçirir. Reallaşdırılan işlərin nəticəsi olaraq Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. Bu baxımdan Azərbaycan paytaxtında Müasir İncəsənət Muzeyinin açılışını yüksək qiymətləndirmək olar.
Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb. Buraya gələnlər Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltəraşların işləri ilə də tanış olurlar. Qərbi Avropa incəsənəti salonunda isə Ümummilli lider Heydər Əliyevə, habelə, Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səttar Bəhlulzadə adına sərgi salonunda uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların “Mən Azərbaycanı sevirəm” adlı rəsm sərgisinin açılması da mədəniyyət sahəsində xüsusi istedada malik insanların üzə çıxarılması işində böyük irəliləyişdir. Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlinin qoyulması isə möhtəşəm tarixi hadisə hesab olunmalıdır. Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunan bina bükülmüş xalçanı xatırladacaq. Ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq üçmərtəbəli binanın birinci mərtəbəsində sərgi salonu, kitabxana, elmi xalçaçılıq, toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, ikinci mərtəbədə danışıqlar və audiovizual təqdimatlar otağı, üçüncü mərtəbədə böyük tərtibat imkanlarına malik sərgi zonası olacaq. Binanın altında arxiv, anbar, laboratoriya, bərpa və konservləşdirmə şöbələri yerləşəcək. Açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulub. Muzeyin foyesində cəvahirat və bahalı bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaq.
Bununla yanaşı, paytaxtın yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi açılıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edəcək...
Bir sözlə, digər sahələrdə olduğu kimi, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğ olunmasında da Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfə hesab olunur.
Ramil Vəlibəyov
Yeni Azərbaycan.- 2009.- 21 avqust.- № 156.- S. 3.