Heydər Əliyev Fondunun vəsaiti ilə Balakəndə yeni məktəb binası istifadəyə verilmişdir
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Balakən rayonunun Talalar kəndində inşa edilən 240 yerlik məktəb binasının təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov və digər natiqlər xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində başladığı məqsədyönlü fəaliyyətin bu gün də uğurla davam etdirildiyini, dövlət tərəfindən təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini xüsusi qeyd etmiş, yeni məktəb binasının istifadəyə verilməsini rayonun təhsil və mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirmişlər. Natiqlər bu dəyərli hədiyyəyə görə fondun prezidenti Mehriban Əliyevaya balakənlilər adından minnətdarlığını bildirmişlər.
Təbrik və çıxışlardan sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və mərasim iştirakçıları yeni təhsil ocağı ilə yaxından tanış olmuşlar. Məktəbdə təlim-tədris prosesinin normal təşkili üçün hər cür şərait yaradılmışdır.
Elə həmin gün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı Balakən rayonu üzrə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Gərəkli kəndində orta məktəb üçün inşa edilən 10 əlavə sinif otağı istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Dörd yüz nəfərə yaxın şagirdin təhsil aldığı bu məktəbdə sinif otaqları çatışmadığından dərslər indiyədək iki növbədə keçirilmişdir. Dövlət vəsaiti hesabına inşa edilən yeni korpusun tikintisini “Azəraqrartikinti” ASC-nin kollektivi həyata keçirmişdir.
Xalq qəzeti.- 2006.- 17 sentyabr.- № 211.- S. 1.