Çap etmək   ⁞     ⁞   UNESCO

Azərbaycan Prezidenti İlham Əliyevin adından YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın şərəfinə ziyafət


Avqustun 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın şərəfinə ziyafət təşkil olunmuşdur.

Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva, YUNESKO-nun baş direktoru Koişiro Matsuura və xanımı Takaka Matsuura, YUNESKO-nun nümayəndə heyətinin üzvləri əvvəlcə filarmoniya ilə tanış oldular, konsert salonuna baxdılar.

Filarmoniyanın yay salonuna toplaşan rəsmi şəxslər, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və ölkəmizdə səfərdə olan qonaqları böyük hörmət və ehtiramla, alqışlarla qarşıladılar.

Prezident İlham Əliyev ziyafətdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

— YUNESKO-nun hörmətli cənab baş direktoru və xanımı!

HÖrmətli qonaqlar, xanımlar və cənablar!

Mən sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. YUNESKO-nun baş direktorunun Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Mən çox şadam ki, bu səfər çox uğurlu keçir. Bu gün çox vacib sənədlər imzalandı. Eyni zamanda, çox səmimi, işgüzar şəraitdə YUNESKO ilə Azərbaycan arasında olan münasibətləri müzakirə etdik və gələcək perspektivlər haqqında fikir mübadiləsi apardıq, birlikdə Muğam Mərkəzinin təməl daşını qoyduq.

Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və təbliğində YUNESKO-nun və şəxsən cənab Matsuuranın böyük əməyi vardır. Bu əmək Azərbaycan xalqı və dövləti tərəfindən qiymətləndirilir və təsadüfi deyil ki, bu gün cənab Matsuura Azərbaycanın yüksək mükafatı - "Şöhrət" ordeni ilə təltif olundu.

Bir il bundan əvvəl Parisdə YUNESKO-nun baş qərargahında biz cənab Matsuura ilə görüşmüşdük. Bizim aramızda olan əməkdaşlığın prioritetləri müzakirə olunmuşdu. Ötən müddət ərzində bizim aramızda əlaqələr daha da möhkəmləndi. Mən şübhə etmirəm ki, bu səfərdən sonra YUNESKO ilə Azərbaycan arasında olan əlaqələr daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Cənab Matsuuranın və onu müşayiət edən qonaqların səfər proqramı çox gərgindir, çoxlu görüşlər, tədbirlər keçirilibdir. Ona görə, mən sizin vaxtımızı çox almaq istəmirəm. Xahiş edirəm ki, bu badələri YUNESKO ilə Azərbaycan arasında olan əlaqələrin şərəfinə, cənab Matsuuranın, xanım Matsuuranın, bu gün bizimlə birlikdə olan YUNESKO-nun xoşməramlı səfirlərinin şərəfinə, bütün qonaqların şərəfinə qaldıraq.

Sağ olun.

YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın nitqi

— Cənab Prezident Əliyev və xanım Əliyeva!

Cənab Baş nazir, cənab Spiker!

Cənab Prezidentin İcra Aparatının rəhbəri!

Cənab nazirlər!

Xanımlar və cənablar!

Cənab Prezident Əliyev və xanım Əliyeva, ilk növbədə, mənə və həyat yoldaşıma göstərdiyiniz xoş qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək istərdim.

Məhz Sizin diqqətiniz və xanım Əliyevanın diqqəti sayəsində hamımız bu səfərdən çox xoş təəssürat alırıq. Cənab Prezident, mən xüsusilə də Sizə öz minnətdarlığımı bildirirəm ki, sərəncam imzaladınız və məni Azərbaycan Respublikasının yüksək ordeni ilə təltif etdiniz. Buyurun, görə bilərsiniz, mən bu gecə bu ordeni yaxama taxmışam.

Son illər ərzində Azərbaycan və YUNESKO arasında əməkdaşlıq bir çox sahələrdə uğurla inkişaf etmişdir. Beş il əvvəl Azərbaycana mənim ilk səfərim baş tutdu. Mən xüsusilə vurğulamaq istəyirəm, həmin vaxtdan etibarən biz Azərbaycanda maddi və qeyri-maddi-mədəni irsin qorunması sahəsində böyük işlər görmüşük və irəliləyişə nail olmuşuq.

Xanım Əliyeva, mən Sizə çox minnətdaram ki, YUNESKO-nun xoşməramlı səfiri olmaq təklifini qəbul edərək, bizim cərgəmizə qoşulmuş və Azərbaycanın qeyri-maddi-mədəni irsinin təbliğində, qorunmasında bu günə qədər böyük xidmətlər göstərmisiniz.

Cənab Prezidentin dediyi kimi, biz bir il öncə YUNESKO-nun iqamətgahında görüşərək, Azərbaycanla YUNESKO arasında səmərəli əməkdaşlığın və mövcud olan münasibətlərin hansı yolla daha da möhkəmləndirilməsini geniş formatda müzakirə etmişdik. Məhz bu məqsədlə, cənab Prezident, bu gün Sizinlə birgə rəsmi məlumatı imzaladıq. Bu sənəddə əsas məqamlardan biri də odur ki, Azərbaycan və YUNESKO arasında mövcud olan əməkdaşlığın gələcək illərdə hansı yolla inkişaf etdirilməsi göstərilir. Mən mədəni irsin qorunması və xüsusən, təhsil sahəsindəki əməkdaşlığımızı nəzərdə tuturam.

Biz Azərbaycanla təhsil sahəsində indiyədək əməkdaşlıq etmişik. Lakin bundan sonra əməkdaşlığımızı daha da hərtərəfli etmək üçün xüsusilə Azərbaycanın təhsil sistemində aparılan islahatlar prosesində birgə işləməyimizə söz veririk. Çalışacağıq ki, bundan sonra Azərbaycanda yüksək keyfiyyətli təhsilin təmin olunmasında nailiyyətlər əldə edək.

Biz bu günlərdə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın iki başlıca sütununu, təməl daşını qoyduq. Bunun birincisi, mədəni irsin qorunması, ikincisi isə təhsil sahəsindəki əməkdaşlığımızdır. Cənab Prezident, bu gün mən təməlqoyma mərasimində iştirak etməkdən çox şad oldum. Yadımdadır, mənə dediniz ki, bu Muğam Mərkəzi tikiləndən sonra bir daha Azərbaycana səfər edib onun açılış mərasimində də iştirak edərsiniz. Mən məmnuniyyətlə gələcəyəm.

Cənab Prezident, əminəm ki, mən bu Muğam Mərkəzinin açılış mərasiminə gələndə mədəni irsin qorunması və təhsil sahəsində Azərbaycanda hansı yeni irəliləyişin və müsbət nəticələrin əldə olun-duğunu Sizinlə birgə müzakirə etmək imkanımız olacaqdır. Buna görə də mən hamını dəvət edirəm ki, badələrimizi qaldıraq, cənab Prezidentə fəaliyyətində uğurlar arzulayaq, ona və xanım Əliyevaya möhkəm cansağlığı arzulayaq. Sağ olun.

YUNESKO-nun hindistanlı xoşməramlı səfiri Madanciit Sinqhin çıxışı

— Möhtərəm cənab Prezident!

Mən də ürək sözlərimi demək istəyirəm. Bizə göstərdikləri qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, xanım Mehriban Əliyevaya və hörmətli dostlara təşəkkür etmək mənim üçün böyük şərəfdir. Bu gün çox məhsuldar bir gündür və bir çox işlərin öhdəsindən gəlmişik.

Mən YUNESKO-nun xoşməramlı səfiriyəm. Mənim yaşım YUNESKO-nun tarixi qədərdir. Bu təşkilatın xoşməramlı səfiri olduqdan sonra 10 kitabım çıxıb və ilk əsərim mədəniyyət və incəsənətə həsr edilmişdir. YUNESKO-nun uzun illər fəaliyyətini izləmişəm və deyə bilərəm ki, ötən 50 il ərzində bu təşkilat məramını yerinə yetirərək mədəniyyət, incəsənət sahəsində böyük nailiyyətlər qazanmışdır. YUNESKO-nun bir çox baş direktorları ilə görüşmüşəm, ancaq onların arasında əvəzolunmaz xidmətləri ilə yadda qalan cənab Matsuuradır.

Onun səylərini biz yüksək qiymətləndiririk.

Ötən il Kabul şəhərində Mədəniyyət İnstitutunun tikilməsi ilə bağlı mənim iştirakımla YUNESKO ilə Əfqanıstan arasında saziş imzalanmışdı. Həmin işlərin davamı olaraq, cənab Matsuuranın dəstəyini hiss etdik. O, nəinki öz təşkilatı vasitəsilə, digər təşkilatlar və tərəfdaşlar vasitəsilə, Yaponiya, İtaliya və Almaniyanın dəstəyi ilə institutun yaradılmasına yardım etdi. Əfqanıstan müəllimləri bu təhsil ocağında təkmilləşmə kursları keçirlər.

Bu gün təməlqoyma mərasimində iştirak etdikdən sonra tam əminliklə bildirirəm ki, YUNESKO 50 il ərzində ali, ülvi məqsədlər naminə mədəni irsin qorunması sahəsində necə işləyibsə, Beynəlxalq Muğam Mərkəzi açılandan sonra bu, yeni nailiyyət olacaqdır.

Mən ölkənizin birinci xanımı Mehriban Əliyevaya öz adımdan və həmkarlarım xoşməramlı səfirlər adından dərin təşəkkürümü bildirirəm. Xüsusi vurğulamaq istəyirəm ki, bu günlər Mehriban xanımın bizimlə olmasını, işçilərimizə yardımçı olmasını görməkdən çox şad oldum. Hamımızı əmin etmək istəyirik ki, bu cür xoş və yaddaqalan qonaqpərvərlik bizim xatirimizdə daim yaşayacaqdır. Çox sağ olun.

* * *

Sonra Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert oldu.


Xalq qəzeti.- 2005.- 25 avqust.- № 196.- S. 3-4.