Azərbaycanın gimnast qızları dünyanı fəth edirlər
Gimnastika Federasiyasının 5 yaşı var
Azərbaycan Gimnastika Federasiyası əlamətdar yubileyini qeyd edir. Beş il bundan əvvəl Mehriban xanım Əliyeva idman ictimaiyyətinin çoxsaylı xahişlərini və arzusunu nəzərə alaraq, bu ictimai təşkilata rəhbərlik etməyə başlamışdır. Federasiyanın prezidenti vəzifəsində olduğu bütün bu müddətdə Mehriban xanım idmanın belə gözəl növünün təbliği və inkişafı, gimnastikanın ölkə əhalisinin gündəlik həyatına daxil olması üçün hərtərəfli, məqsədyönlü və səmərəli fəaliyyət göstərir.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru, Federasiyanın İcraiyyə komitəsinin üzvü Rafiq Behbudov deyir:
-Tam məsuliyyətlə deyə bilərəm ki, Federasiyanın yeni heyətinin özəyi qarşıya qoyulmuş vəzifə və məqsədləri aydın başa düşən həmfikirlərdən ibarətdir. Bu heyət çox qısa müddətdə Federasiyanın işində dönüş yaratmağa müvəffəq olmuşdur. Onilliklər boyu respublikada ögey münasibət bəslənilən və az qala, ümidsiz dərəcədə geri qalmış idman növü hesab edilən gimnastikaya tamamilə yeni, daha məhrəm münasibət formalaşmışdır. Əlbəttə, vaxtilə Azərbaycanda adları ümumittifaq və beynəlxalq idman yarışlarında hörmətlə çəkilən ustalar vardı. Lakin belə hallar daha çox istisna xarakteri daşıyırdı. Hətta 1992-ci il Olimpiadasında Valeri Belenkinin qazandığı mükafatlar, Adilə Məmmədova və Yana Saplinanın bədii gimnastika üzrə SSRİ-nin gənclərdən ibarət yığma komandasına daxil edilməsi də ümumi mənzərənin xoşagəlməz olmasına son qoya bilməmişdi.
Milli Məclisin deputatı, Federasiyanın İcraiyyə komitəsinin üzvü Rauf Əliyev:
- Əslində, hər şeyi sıfırdan başlamaq lazım gəlmişdi. İlk vaxtlar məşq toplantılarının və yarışların keçirilməsi metodikası barədə ən adi təsəvvürlər də çatışmırdı. Biz var gücümüzlə işləyir, təcrübə toplayırdıq və tədricən müsbət nəticələr də özünü göstərdi: idman səmasında günbəgün ustalığı və özünə inamı artan parlaq kiçik ulduzlar görünməyə başladı. İndi Azərbaycanın istedadlı gimnast qızlarının adları dünya gimnastika dairələrində yaxşı məlumdur. Bu gün tam əsasla deyə bilərik ki, Gimnastika Federasiyası Azərbaycanda həm yarış və məşqlərin, həm də kütləvi təşkilati işlərin həyata keçirilməsi baxımından çox böyük uğurlar qazanmış şəksiz liderdir.
Milli Məclisin deputatı Eyvaz Qurbanov isə deyir ki, bizim başqa federasiyalar, məsələn, futbol, basketbol, üzgüçülük federasiyaları gimnastların təcrübəsini öyrənməklə, yüksək səviyyəli idmançılar yetişdirməyin, iri beynəlxalq yarışların təşkil edilməsinin ən yaxşı müasir texnologiyalarını mənimsəməklə ciddi məşğul olsaydılar, pis olmazdı.
Əlbəttə, bu cür tərifli sözlər eşitmək xoşdur. Bununla bərabər, qeyd etmək istərdik ki, qazanılmış uğurlar Federasiyanın bütün kollektivinin gərgin, hərtərəfli ölçülüb-biçilmiş və ardıcıl işinin nəticəsidir.
Federasiyanın vitse-prezidenti Altay Həsənovun fikrincə, Mehriban xanımın, necə deyərlər, işinin başından aşmasına baxmayaraq, Federasiyanın ən xırda qayğılarına diqqətlə yanaşması, hər bir yarışın, hər bir tədbirin keçirilməsinə yüksək tələbkarlığı olmasaydı, indi federasiyanın işindəki belə dəqiqlik, ahəngdarlıq və məqsədyönlülükdən söhbət gedə bilməzdi.
Doğrudan da, qısa müddətdə Federasiya bir sıra çox mühüm layihələr həyata keçirmiş, bunlar həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilmişdir. İlk növbədə, bədii gimnastika üzrə dünya çempionatını qeyd etmək lazımdır. Azərbaycan idmanının tarixində ilk dəfə olaraq, Bakıda belə səviyyəli turnir keçirildi. İştirakçı ölkələrin hər biri bu turnirin son dərəcə nümunəvi şəkildə təşkil edilməsini və keçirilməsini vurğulamışdır.
Çempionat ərəfəsində Beynəlxalq Gimnastika Federasiyasının rəhbərləri Bakıya gəlmişdilər. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qonaqları qəbul etmişdi. Onlar yarışların keçiriləcəyi yerlə, gimnast qızların məşq və istirahət şəraiti ilə hərtərəfli tanış olduqdan sonra məmnuniyyətlə müqaviləni imzalamışdılar.
İki ildən sonra isə Bakı Avropa çempionatına ev sahibliyi etdi. Bu çempionat da beynəlxalq idman dairələrində çox müsbət qiymətləndirilmişdir. Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası üç Dünya kuboku yarışı, beynəlxalq dərəcəli hakimlər və məşqçilər üçün bir neçə seminar da keçirmişdir. Bu tədbirlər də xaricdə geniş əks-səda doğurmuşdur.
Gərgin işin ən gözəl bəhrəsi isə idman-texniki göstəricilərin əsaslı şəkildə yaxşılaşmasıdır. Özünüz fikirləşin, cəmi 5 il bundan əvvəl bədii gimnastika üzrə dünya reytinqinin son sətirlərində adı çəkilən Azərbaycan indi gimnastlarımızın dörd olimpiya lisenziyası (onlardan biri 2004-cü il Afina Olimpiadasına hazırlıq dövründə qazanılmışdır, üçü isə 2008-ci ilin Olimpiya oyunlarında iştirak etmək hüququ verir), gimnast qızlarımızın Avropa və dünya birinciliklərində komanda hesabında bürünc mükafatlara layiq görülməsi, Avropa çempionu Aliyə Qarayevanın qızıl medalı ilə fəxr edir.
Mühüm məqamlardan biri də budur ki, ötən beş ildə Federasiya öz fəaliyyətini ölkəmizdə gimnastikanın coğrafiyasını genişləndirməyə istiqamətləndirmişdir. Nəticə də göz qabağındadır - indi Gəncədə və Sumqayıtda gimnastika bölmələri var, Naxçıvanda gənc, ümidverici gimnast qızlar yetişir, lənkəranlı gimnast qızlar da inamla öz imkanlarını nümayiş etdirirlər.
İndi qızlarının əlindən tutub onları idman salonuna gətirən valideynlərin sayı artmaqdadır. Bir sözlə, hiss edilir ki, gələcək milli gimnastika kadrlarının hazırlanması problemi aradan qalxır...
Vəfa Hüseynova ilk dəfə gimnastika xalçası üzərinə çıxanda utancaq, çəlimsiz bir qız idi. Bu gün isə Rusiya yığma komandasının adlı-sanlı məşqçisi, bizim gimnast qızların məsləhətçisi İrina Viner Azərbaycanın qrup komandasının şəksiz lideri olan Vəfa haqqında ağızdolusu deyir: “O, əsl istedaddır”.
Artıq ölkəmizin milli yığmasının əsas heyətinə daxil olan 16 yaşlı Zeynəb Cavadlı barəsində rəylər də ürəkaçandır. O, bir sıra turnirlərdə yüksək nəticələr qazanmışdır. Ən böyük uğuru isə bu yaxınlarda Yunanıstanda keçirilmiş dünya çempionatında bürünc medal qazanmasıdır.
Pekin Olimpiadası yaxınlaşır. Azərbaycan həmin yarışlarda ilk dəfə bədii gimnastika üzrə tam proqramla təmsil olunacaq - şəxsi birincilikdə iki idmançımız, habelə qrup komandamız mübarizə aparacaqdır. Lakin bu heç də o demək deyil ki, Olimpiada ərəfəsində Federasiyanın işinin başqa istiqamətləri unudulacaq, yaxud ikinci plana keçəcəkdir.
Federasiyada tamamilə haqlı olaraq belə hesab edirlər ki, Azərbaycan bədii gimnastikasının qabaqcıllar sırasına çıxması onun beynəlxalq miqyasda geniş tanınması yolunda yalnız ilk mərhələsidir. İndi əsas məqsəd idman gimnastikası sahəsində mövqelərimizi keyfiyyətcə yaxşılaşdırmaqdır və bütün qüvvələr bu məsələnin həllinə səfərbər edilmişdir: perspektivli gənclər arasında kastinq (seçim), dünyanın aparıcı gimnastika mərkəzləri ilə birgə təlim-məşq toplantıları keçirilməsi, gimnastlarımızın nüfuzlu yarışlarda iştirak etməsi barədə danışıqlar aparılır.
Respublika paytaxtındakı gimnastika məktəbinin təmiri də başa çatmışdır, Gimnastika sarayı tikilməsinə dair layihə-smeta işləri davam edir. Bununla da hərtərəfli məşq prosesinin həyata keçirilməsi üçün maksimum şərait yaradılacaq, ən müasir avadanlıq quraşdırılacaq, sanballı tibbi-bərpa mərkəzi, yüksək peşəkarlığa malik məşqçi korpusu olacaqdır.
Bir sözlə, qətiyyətlə demək olar ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan Gimnastika Federasiyası növbəti beşillikdə də fəaliyyətini əzmlə və məqsədyönlü şəkildə davam etdirəcək, bu fədakar işin sanballı bəhrələri olacaqdır.
Xalq qəzeti.- 2007.- 30 oktyabr.- № 243.- S. 2.