Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban xanım Əliyeva "Azərbaycan uşaqlarının dostu" seçilmişdir

AzərTAc isə "Uşaqların dostu" nominasiyasında qalibdir


"Gənc Liderlər" Uşaq Təşkilatı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqların dostu" nominasiyası üzrə qalibləri müəyyənləşdirmək üçün sonuncu sorğunun nəticələrini açıqlamışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün namizədlərdən daha çox səs toplayaraq "Azərbaycan uşaqlarının dostu" seçilmişdir.

Növbəti qaliblər sırasında Milli Məclisin deputatları Ülvü Quliyev, Nazim Məmmədov, Zahid Oruc, Nizami Cəfərov, Yaqub Mahmudov, Aqil Abbas və Fəttah Heydərov vardır.

Təhsil naziri Misir Mərdanov və Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova isə uşaq təşkilatlarına ən çox dəstək verən dövlət məmuru nominasiyası üzrə "Uşaqların dostu" adına layiq görülmüşlər.

Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə ictimaiyyətə ən açıq mətbuat xidməti rəhbəri olduqları üçün "Uşaqların dostu" seçilmişlər.

Yazıçı-publisist Elmira Axundovanın "Heydər Əliyev: şəxsiyyət və zaman" kitabı ən yaxşı sənədli əsər kimi fərqlənmişdir.

Media qurumları arasında qaliblər həm şifahi, həm də "Gənc Liderlər"in www.liderler.azeriblog.com rəsmi internet səhifəsində keçirilən sorğular yolu ilə bəlli olmuşdur.

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və AzəriPress İnformasiya Agentliyi uşaqlara ən çox dəstək verən informasiya agentlikləri kimi "Uşaqların dostu" seçilmişlər.

Televiziyalardan AzTV-nin "Etimad" tok-şousu, Lider TV-nin "Səda", İTV-nin "Carçı", "Space"in "Hər gün", ATV-nin "Son xəbər" informasiya proqramları "Uşaqların dostu" adına layiq görülmüşdür.


Xalq qəzeti.- 2008.- 21 may.- № 109.- S. 3.