Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Qətərə səfəri
Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva YUNESKO-nun və Qətər Elm, Təhsil və İcmanın İnkişafı Fondunun təşkil etdikləri “Ərəb dövlətlərində savadlılıq: tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi” mövzusunda regional konfransda iştirak etmək üçün Qətərin birinci xanımı, YUNESKO-nun ibtidai və ali təhsil üzrə xüsusi elçisi Şeyxa Muza Bint Nasir əl-Missnedin dəvəti ilə martın 12-13-də bu ölkədə səfərdə olmuşdur.
Martın 12-də işə başlayan konfransın açılışında Qətər Dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Tani də iştirak edirdi.
Qətər Fondunun təhsil üzrə vitse-prezidenti doktor Abdulla Əli Al Tani konfransı açaraq, bu regional tədbirin ölkəsində keçirilməsindən məmnunluğunu söylədi. Beynəlxalq aləmdə elm və təhsilə himayəçilik sahəsində kifayət qədər nüfuza malik şəxslərin iştirakının bu konfransın böyük əhəmiyyətindən xəbər verdiyini bildirdi.
Qətərin birinci xanımı Şeyxa Muza dəvəti qəbul edərək, Dohaya gəlmiş bütün qonaqlara təşəkkür etdi və dedi ki, bu konfrans savadsızlıq probleminin həlli yollarını birgə araşdırmaq, habelə təcrübə mübadiləsi aparmaq üçün gözəl fürsət olacaqdır. Təhsil sahəsində uğurlar qazanmış ölkələrin nümayəndələrinin bu mühüm məsələyə öz töhfələrini verəcəklərinə əminəm və buna görə də onların hər birinə əvvəlcədən minnətdarlığımı bildirirəm.
Sonra Oman Sultanlığının YUNESKO-dakı daimi nümayəndəsi Musa bin Cəfər bin Həsən, YUNESKO-nun baş direktoru Koişiro Matsuura çıxış etdilər.
Konfransın aparıcısı ABDULLA ƏLİ AL TANİ Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı iştirakçılara təqdim edərək dedi:
-Bizim üçün həm də çox sevindirici haldır ki, bugünkü görüşümüzdə region ölkələrinin birinci xanımları iştirak edirlər. Bu xanımların hər biri savadsızlığın aradan qaldırılmasına öz töhfəsini verir. İndi məmnuniyyətlə sizə Azərbaycan Respublikası Prezidentinin xanımı, Azərbaycan parlamentinin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı təqdim edirəm. Mehriban xanım Əliyeva ixtisasca göz həkimidir. O, ana, uşaq və ailənin himayə olunması sahəsindəki xidmətlərinə görə BMT-nin yüksək mükafatına layiq görülmüşdür. BMT-nin savadsızlığın aradan qaldırılması problemlərinə həsr olunmuş növbəti konfransına Azərbaycan dövləti ev sahibliyi edəcəkdir. Ona görə də mənə çox xoşdur ki, Mehriban xanım konfransın estafetini Dohadan Bakıya aparacaqdır. Buyurun xanım, söz sizindir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı
Zati-aliləri,
Xanımlar və cənablar!
İlk növbədə, mən Dohada regional konfransın təşkil edilməsində birgə təşəbbüslərinə görə Qətərin birinci xanımı, Ülyahəzrət Şeyxa Muzanı və YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuranı təbrik edir, bu cür vacib forumda iştirak etmək üçün dəvətə görə minnətdarlığımı bildirirəm.
Bu konfrans təhsil məsələlərinə həsr olunmuşdur. Amma, əlbəttə ki, o, bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərlə birbaşa bağlıdır.
Təhsil almaq imkanı və savadlılıq səviyyəsi baxımından xalqlar və ölkələr arasında mövcud olan böyük qeyri-tarazlıq cari həssas problemlərin əsas səbəbidir. İqtisadi artım təhsil, elm və mədəniyyətin inkişafı ilə müşayiət olunduğu, eləcə də əhalinin tərəqqinin ən son nailiyyətlərindən istifadə imkanı təmin edildiyi ölkələrlə yanaşı, biz elə ölkələri də görürük ki, orada insanlar ibtidai təhsil ala bilmirlər.
Statistika göstərir ki, 100 milyon oğlan və qız məktəbə getmək imkanından məhrumdur, dünyada yaşlı əhalinin təqribən 800 milyonu oxuya və yaza bilmir.
Bu baxımdan, mən YUNESKO-nun qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş fəaliyyətini, o cümlədən bu təşkilatın bütün ölkələr və xalqlar üçün açıq və bərabər təhsil almaq imkanının təmin edilməsi ilə bağlı planlarını xüsusi vurğulamaq istəyirəm. “Hamı üçün təhsil” dünya konfransı və sonradan keçirilmiş regional görüşlər və konfranslar bizi narahat edən bir çox problemlərin tədricən aradan qaldırılmasının mümkünlüyünə ən bariz nümunələrdir.
Nəinki Orta Şərqin, o cümlədən bütün dünyanın ən dinamik şəkildə inkişaf edən ölkəsi olan Qətərdə bu cür konfransın keçirilməsi təbiidir. Bu gün Qətər iqtisadi tərəqqinin təhsil və elmin inkişafı ilə müşayiət olunmasının ən gözəl modelidir. Qısa müddət ərzində Qətərin təhsil infrastrukturu bütün səviyyələrdə inkişaf etmişdir. Onlarca yeni məktəb açılmışdır.
Dünyada tanınmış universitetlərin tədqiqat işləri apardığı və tələbələrə təhsil verdiyi “Təhsil şəhərçiyi”nin yaradılması olduqca uğurlu və vaxtında həyata keçirilmiş layihədir.
Bütün bu islahatların aparılması nəticəsində indi Qətər ərəb aləminin xüsusi elmi və mədəni mərkəzinə çevrilməkdədir.
Hörmətli dostlar!
Böyük məmnunluqla demək istəyirəm ki, təhsil problemlərinə həsr olunmuş növbəti regional konfrans 2008-ci ilin yazında Azərbaycanda keçiriləcəkdir.
Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. ÜDM-in artımı 2005-ci ildə 26 faiz, 2006-cı ildə isə 34 faiz olmuşdur. Bu il də biz həmin səviyyəni müəyyən dərəcədə saxlayacağıq.
Bir neçə il ərzində biz təhsil sistemimizdə islahatlar aparmışıq. Məqsədimiz dünya standartlarına cavab verən və müasir texnologiyalara əsaslanan çağdaş təhsil sistemi yaratmaqdan ibarətdir.
XX əsrdə Azərbaycan üç dəfə öz əlifbasını dəyişmək məcburiyyəti qarşısında qalmışdır. Buna baxmayaraq, ölkəmizdə savadsızlığın səviyyəsi çox aşağıdır. Əhalinin 98 faizi yaza və oxuya bilir. Azərbaycanın Konstitusiyası hər bir vətəndaşın icbari 11 illik təhsil almaq hüququna təminat verir.
Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı uğurla həyata keçirilmişdir. Bir çox yeni məktəblər tikilir, tam həcmdə avadanlıq və kompyuterlərlə təchiz olunur. Bütün məktəblər müasirləşdirilir və bərpa olunur. Son 3 il ərzində bütün ölkədə 700-dən çox yeni məktəb binası inşa edilmişdir.
Bütün bunlar neft gəlirlərinin iqtisadiyyatın qeyri-neft sektorunda istifadə edilməsi üzrə Dövlət proqramının hissələridir və mən hesab edirəm ki, təhsilə qoyulan sərmayə gələcəyə və gənc nəsillərimizə xidmət edən sərmayədir.
Azərbaycanın ən böyük problemi ərazimizin 20 faizinin on beş ildən çoxdur ki, Ermənistan tərəfindən işğal edilməsidir. Bunun nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Onların müəyyən hissəsi qaçqın düşərgələrində məskunlaşıbdır. Biz bu reallığı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışırıq. Bu çətinliklərə baxmayaraq, hökumət qaçqın və məcburi köçkünlər üçün yaxşı təhsilin təmin edilməsinə çox çalışır.
Mən həmçinin Heydər Əliyev Fondu haqqında bir neçə söz demək istəyirəm. Bu Fond 2004-cü ilin may ayında yaradılmışdır və onun məqsədi təhsil, mədəniyyət, sağlamlıq, elm və ətraf mühit sahələrində müxtəlif layihələri dəstəkləməkdən ibarətdir.
Yaradıldığı gündən etibarən Heydər Əliyev Fondu mədəni irsin təşviq olunması və ölkəmizdə təhsilin inkişafı üçün bir çox işlər görmüşdür. “Yeniləşən Azərbaycana yeni məktəb” adlı proqramımız çərçivəsində 200-dən çox məktəb binası tikilmiş və tam təchiz olunmuşdur. Onların bir neçəsi ən ucqar kəndlərdə inşa edilmişdir. Biz uşaq evlərində yaşayan balaların təhsilinə xüsusi diqqət yetiririk. Onların yaşadığı binalar müasirləşdirilmiş, kompyuter və kitabxanalarla təchiz olunmuşdur. BMT-nin İnkişaf Proqramı ilə həyata keçirdiyimiz birgə layihə çərçivəsində Bakıda görmə qabiliyyəti zəif olan uşaqlar üçün audio kitabxana ilə təchiz olunmuş xüsusi təhsil mərkəzi tikilmişdir.
Fondumuzun beynəlxalq təşkilatlarla, xüsusən də YUNESKO və İSESKO ilə olduqca sıx əlaqələri var. Bu baxımdan, hesab edirəm ki, YUNESKO-nun Təhsil Məsələləri üzrə Regional Mərkəzi Azərbaycanda təsis edilə bilər və bu qurumda “Hamı üçün təhsil” proqramı üzrə işçi qrup görüşlər keçirə və bu sahədəki irəliləyişi müzakirə edə bilər.
Yekun olaraq, bildirmək istəyirəm ki, Böyük İpək yolunun mərkəzində yerləşən Azərbaycan qədim zamanlardan Şərq ilə Qərb arasında körpü olmuşdur. İndi isə biz yenidən, təhsil və mədəniyyət körpüsü rolunu oynamağa hazırıq.
Mən bu cür mühüm tədbirə və olduqca səmimi qonaqpərvərliyə görə konfransın təşkilatçılarına - YUNESKO-ya və Qətər Elm, Təhsil və İcmanın İnkişafı Fonduna bir daha öz minnətdarlığımı bildirir, Sizə uğurlar və səmərəli iş arzulayıram.
* * *
Sonra çıxış edən Suriya Prezidentinin xanımı Əsma əl-Əsəd vurğuladı ki, Qurani-Kərimdə göstərildiyi kimi, hər bir uğur “Oxu” kəlməsi ilə bağlıdır. Livan Prezidentinin xanımı Andre Ləhud qloballaşma şəraitində savadsızlığın aradan qaldırılmasına daha çox ehtiyac duyulduğunu bildirdi.
Konfransda ABŞ Prezidentinin xanımı Lora Buşun videoçıxışı göstərildi, YUNESKO-nun Qətərdəki nümayəndəsi, sudanlı yazıçı Əs-Səid Saleh çıxış etdi.
Daha sonra savadsızlıqdan bəhs edən film nümayiş etdirildi.
Konfransın birinci gününün axırında Qətərin birinci xanımı Şeyxa Muzanın adından iştirakçıların şərəfinə ziyafət verildi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ziyafətdə iştirak etdi.
Martın 13-də öz işini davam etdirən konfransda, əsasən, ərəb ölkələrinin ucqar kənd yerlərində savadsızlığın ləğvi məsələləri müzakirə olundu. Bu yöndə hazırlanmış layihələr və həyata keçirilən proqramlar ətrafında fikir mübadiləsi aparıldı.
Həmin gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Qətərin birinci xanımı Şeyxa Muzanın görüşü oldu. Təhsil problemləri barədə söhbət gedən görüşdə Mehriban xanım Qətərin birinci xanımını ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qarşılandı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmin gün Suriya Prezidentinin xanımı Əsma əl-Əsəd və Livanın birinci xanımı Andre Ləhud ilə görüşlərində də qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi edildi.
Görüşlər zamanı Mehriban Əliyeva İSESKO-nun üzvü olan bütün ölkələrin birinci xanımlarının Bakıda forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs razılıqla qarşılandı və qəbul olundu.
Martın 13-də Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın adından konfrans iştirakçılarının şərəfinə verilən ziyafətdə iştirak etdi.
Azərbaycanın birinci xanımı Qətər Əmiri xanımının müşayiəti ilə həmin gün Qətər Fondunun Dohadakı “Təhsil şəhərciyi” ilə də tanış oldu. Mehriban xanıma şəhərcik haqqında ətraflı məlumat verildi, burada təhsil alan uşaqların əl işləri və yaradıcılıq nümunələri təqdim edildi.
Martın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Qətərə səfəri başa çatdı. Doha hava limanında Qətərin birinci xanımı Şeyxa Muza ilə söhbət edən Mehriban Əliyeva uğurlu və maraqlı keçən səfərə görə minnətdarlığını bildirdi. Şeyxa Muza yüksək qonağı böyük hörmət və ehtiramla yola saldı.
Xalq qəzeti.- 2007.- 15 mart.- № 56.- S. 3.