Çap etmək   ⁞     ⁞   Millət vəkili

Humanizm, insanpərvərlik və mərhəmət nümunəsi


Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Novruz bayramı münasibətilə amnistiya elan edilməsi təklifi ilə parlamentə müraciəti məhz belə dəyərləndirilir.

Dünən Amnistiya Aktının Milli Məclisdə qəbul edilməsindən sonra minlərlə insan bir-birinə göz aydınlığı verdi, müqəddəs bayram ərəfəsində bu nəcib təşəbbüslə xalqa böyük sevinc bəxş edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ürəkdən gələn təşəkkürünü bildirdi.

Qeyd edək ki, təqribi hesablamalara görə, Amnistiya Aktı 9 min nəfərə şamil ediləcək. Onlardan 1700 nəfərinin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi bildirilir. Amnistiya Aktına əsasən böyük ictimai təhlükə törətməyən və bir sıra ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, yaxud birinci və ikinci qrup əlil övladı olanlar, həmçinin bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Həmçinin cəzalarının bitməsinə bir il qalmış qadınlara və kişilərə, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş şəxslərə amnistiya tətbiq ediləcəyi, onların cəzadan azad olunacağı qərara alınmışdır.

Bir məsələni xatırlatmaq yerinə düşər ki, respublikamızın müstəqilliyi dövründə əfv və amnistiyaların verilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə ölkə rəhbərinin fərmanı ilə 1207 nəfər əfv olundu. Ümumiyyətlə, ulu öndərimiz 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalamışdır. Üstəlik, Şərqdə ilk dəfə olaraq, məhz Azərbaycanda ölüm hökmü ləğv edilmişdir.

Humanizm, insanpərvərlik və xeyirxahlıq ənənəsi ulu öndərin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən sonra daha geniş vüsət aldı. Bu illərdə imzalanmış əfv və amnistiya fərmanları 50 mindən çox məhkuma şamil edilib.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətində insanpərvərlik duyğuları geniş yer tutur. 2007-ci ildə məhz onun təşəbbüsü ilə amnistiya qərarı qəbul edildi. Bu qərarla 1500 nəfərdən çox məhbus cəzaçəkmə müəssisələrindən azad edilərək cəmiyyətə qovuşdu.

Heydər Əliyev Fondunun 5 illiyi münasibətilə amnistiya elan olunması üçün Milli Məclisə təkliflə müraciəti isə, qeyd etdiyimiz kimi, 9 mindən çox şəxsə, onların ailələrinə, yaxınlarına Novruz bayramı ərəfəsində böyük sevinc gətirdi. Xalqımız bu sevincə, bu xeyirxahlığa görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirir.

Biz də öz növbəmizdə, Amnistiya Aktı ilə əfv olunan, ailələrinə qovuşan keçmiş məhbusları təbrik edir, onların əzizlərinə, "gözünüz aydın olsun!" - deyirik.


Telman Qafar

İki sahil.- 2009.- 18 mart.- № 52.- S. 2.