Milli irsimizin hamisi
Hər bir insan tutduğu vəzifədən asılı olmayaraq öz üzərinə düşən işin mahiyyətini dərk edib onun öhdəsindən ləyaqətlə gəlsə nə sosial sahələrdə, nə də iqtisadı qurumlarda böyük problemlər yaranmaz, həyat öz axarı ilə gedər. Bu, təbiətin qanunudur. Əməksevərlik, vəzifəsinə vicdanla yanaşmaq həm icraçının özünə, həm xalqa başucalığı gətirir. Mənim 35 illik jurnalistlik təcrübəmdə istər yüksək vəzifəli şəxslər olsun, istərsə də sadə peşə sahibləri — onların müsbət, xeyirxah işləri ilə rastlaşanda mütləq münasibət bildirməyə çalışmışam. Yeni dərs ilinin ilk günlərində isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın respublikamızın, onun paytaxtı Bakı şəhərinin mədəni və sosial həyatında gördüyü qlobal işlərdən, xeyriyyə tədbirlərindən, ümumiyyətlə, ölkəmizin dünyada tanıtdırılmasında, onun milli irsinin qorunub saxlanmasında böyük rolundan söhbət açmaq istəyirəm.
Milli mədəniyyətimizin zəngin ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi, internat məktəblərinə, ümumtəhsil ocaqlarına, gələcək nəslin maariflənməsi işinə daim kömək göstərməyi qarşısına məqsəd qoyan Azərbaycanın bu ziyalı qadını, xeyirxah insan internat məktəblərində, uşaq evlərində tərbiyə alıb böyüyən yüzlərlə körpənin himayəçisinə çevrilmişdir. Mehriban xanımın xeyriyyəçilik missiyası hələ on il bundan əvvəl başlayıb. Həmin dövrdə onun təşəbbüsü ilə yaradılan Azərbaycan Mədəniyyətinin Dostlar Fondunun keçirdiyi xeyriyyə konsertlərindən əldə edilən vəsait mədəniyyətimizin inkişafına sərf edilir. Musiqi gimnaziyasının, musiqi məktəbinin təmir edilməsi bu sahədə atılan çox mühüm addımlardandır. Mədəni irsimizin, mədəniyyətimizin ənənələrinin qorunması, başqa ölkələrdə təbliği sahəsində Mehriban xanımın apardığı xoşməramlı iş, həyata keçirdiyi məqsədyönlü tədbirlər qısa müddətdə ölkəmizin hüdudlarını aşdı. O, YUNESKO-nun xoşməramlı səfiri seçildi. Bəribaşdan deyək ki, BMT-nin maarif, elm və mədəniyyət işlərinə baxan bu ixtisaslaşdırılmış hökumətlərarası təşkilatın xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanımın fəaliyyəti get-gedə genişlənməyə başladı.
Mehriban xanım Əliyeva mədəniyyətimizin inkişaf etdirilməsi ilə yanaşı, təhsil sistemində də quruculuq işlərinin, məktəb tikintisinin vüsət almasına nail olmuşdur. Məhz Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi olduqca təqdirəlayiqdir. Respublikamızda 132 təhsil ocağının tikiləcəyi, onların müasir avadanlıqla təchiz olunması, uşaq evləri və internat məktəblərinin inkişaf etdirilməsi, sosial, mədəniyyət məsələlərinin həllinə yönəldilmiş məqsədyönlü tədbirlərin məhz həmin Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
Mehriban xanım Əliyeva incə qəlbli, kövrək insandır. O, hər dəfə internat məktəblərinə, uşaq evlərinə baş çəkəndə körpələrə ana nəvazişi ilə yanaşır. Onların bütün qayğıları ilə maraqların, əməli tədbirlər görür. Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə vəsaiti hesabına əsaslı təmir edilməsinə və yaxud yenidən qurulmasına başlanan internat məktəblərində, təhsil ocaqlarında işin gedişini Mehriban xanım Əliyeva şəxsən öz nəzarəti altında saxlayır.
Heç uzağa getməyək. Bu günlərdə Nəsimi rayonundakı 1 saylı körpələr evinin Heydər Əliyev Fondunun vəsaiti hesabına yenidən qurulduqdan sonra açılış mərasimini yada salaq. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təntənəli açılış mərasimində iştirak etmişdir. 75 il bundan əvvəl istifadəyə verilmiş bu bina bir dəfə də təmir olunmamışdı. Buna görə də əsaslı təmirə ciddi ehtiyac duyulurdu. Mehriban xanım təqribən 7 ay əvvəl bu körpələr evinin Fondun vəsaiti hesabına təmir olunmasını tövsiyə etmişdi. Bəli, çox qısa müddətdə bina tamam yenidən quruldu, müasir avadanlıqla təchiz olundu.
3 yaşa qədər 67 nəfərin böyüdüyü körpələr evinin bütün otaqları, xidmətləri, ərzaqla təminatın vəziyyəti ilə və s. tanış olan YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva burada yaradılmış şəraitdən məmnun olduğunu bildirərək körpələrlə səmimi görüşdü. Mehriban xanım körpələr evinə ötən dəfəki gəlişində Orxan adlı bir körpənin pəncəsinin sındığını unutmamışdı. Həmin uşağın sağaldığını görən YUNESKO-nun xoşməramlı səfiri buna çox sevindi. Orxanı qucağına götürüb bağrına basdı. Bunu kövrək qəlbli, təmiz ürəkli, yüksək mədəniyyətli insan, ana edə bilər. Və yaxud, həmin görüş zamanı 2 yaşlı Günelin ad gününün yüksək səviyyədə keçirilməsi insani keyfiyyətlərə dəlalət etmirmi?
Dediyimiz kimi, Mehriban xanım Əliyevanın qısa zaman kəsiyində həyat əhəmiyyətli çox mühüm işləri yadda saxlamaq mümkün deyil. Onların həm həcmi, həm coğrafiyası genişdir. Mehriban xanımın baş çəkdiyi və onun təşəbbüsü ilə əsaslı təmir edilmiş bəzi uşaq evlərinin və internat məktəblərinin adlarını çəkmək istəyirəm. Şüvəlan qəsəbəsindəki zəifeşidən və sonradan karlaşmış uşaqlar üçün respublika xüsusi internat məktəbi, beyin iflici qalığı olan uşaqlar üçün 16 saylı "Şimal" DRES yaşayış sahəsindəki A. S. Makarenko adına humanitar təmayüllü, Türkan qəsəbəsindəki nitq qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi, Nəsimi rayonundakı əqli cəhətdən qüsurlu uşaqlar üçün 11 saylı yardımçı məktəb, Nizami rayonundakı kar uşaqlar üçün 1 saylı respublika internat məktəbi və bir çox başqaları. Bunlar Mehriban xanımın dalbadal baş çəkdiyi və onun təşəbbüsü ilə əsaslı təmir olunan, yenidən qurulan Bakıdakı tərbiyə müəssisələrinin heç də tam siyahısı deyil.
Görülən işlər göz qabağındadır. Yeni məktəblərin tikintisi də, 70-80 il bundan əvvəl istifadəyə verilmiş təhsil müəssisələrinin əsaslı təmir edilməsi, yenidən qurulması da. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində həyata keçirilən quruculuq işlərinin sərhədi yoxdur. Mehriban xanımın təşəbbüsü, onun prezidenti olduğu Heydər Əliyev Fondunun vəsaiti hesabına həyata keçirilən çox mühüm tədbirlər — məktəb tikintisi işləri respublikamızın bütün bölgələrində vüsət almışdır. Mayası halal, məramı xeyirxahlıq olan bu xanımın qədəmləri deyən yerdən xeyir-bərəkət əskik olmur. Ora abadlaşır, insanların rifahı, rahatlığı üçün nümunəvi şərait yaradılır.
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın bütün rayonlarına, onların mədəni irsinin qorunmasına, təhsilinin inkişafına, insanların maariflənməsinə eyni münasibət bəsləyir. Ölkəmizin prezidentinin respublikamızın rayonlarına səfərləri çərçivəsində Mehriban xanımın bölgələrdə olmasından məqsəd yerlərdə sosial şəraiti öyrənmək, vəziyyəti öz gözləri ilə görmək, lazımi tədbirlər görməkdir. Onlarca rayonda müasir tipli məktəblərin istifadəyə verilməsi, neçə-neçə təhsil müəssisəsi binasının tikintisinə başlanması məhz belə müşahidələrin nəticəsində olmuşdur. Heydər Əliyev Fondunun bəhrəsini, onun prezidenti Mehriban Əliyevanın qayğısını bütün rayonlarda görür, hiss edirlər. Mehriban xanım Gəncə şəhərində, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Oğuz rayonlarında, Ağdaş zonasında və s. olarkən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində həmin bölgələrdə görülməsi nəzərdə tutulan işlərin böyük əksəriyyəti reallaşmışdır. Bu istiqamətdə işlər bütün rayonlarda aparılır və gündən-günə də genişlənir. Bütün bunlar öz-özlüyündə əmələ gəlmir. Sosial-quruculuq işlərini planlaşdıran, onun həyata keçirilməsinə nəzarət edən lazımdır. Heydər Əliyev Fondunun Prezidenti məhz bu prinsiplə işləyir. İşin gedişinə inansa da, onu yoxlamağı unutmur. Bu da ondan irəli gəlir ki, Mehriban xanım istəyir ki, gələcək nəsil abad, müasir məktəblərdə, lazımi şərait yaradılmış, avadanlıqla təchiz olunmuş geniş laboratoriyalarda, rahat sinif otaq-larında təhsil alsın, maariflənsin.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizin ayrı-ayrı rayonlarında məktəb binalarının, mədəniyyət obyektlərinin inşası ilə tanışlığı, verdiyi tövsiyələr, göstərdiyi qayğı, dediyimiz kimi, dövlətimizin başçısının həmin bölgələrə səfərləri çərçivəsində olur. Gəlin, Mehriban xanımın ölkəmizin cənub bölgəsindəki səmimi görüşlərini yada salaq. Onun Lənkəran, Masallı şəhərlərində, respublikamızın ən ucqar rayonlarından olan Lerikdə, Yardımlıda əhali ilə görüşləri, sakinlərlə isti münasibəti adamda xoş hisslər oyadırdı. Prezidentin xanımının rayonların mədəniyyət ocaqlarında, məktəblərdə insanlarla görüşləri, həmin obyektlərin vəziyyəti ilə ətraflı tanış olması bölgəyə diqqətin artırılmasına, gənclərə qayğının səviyyəsinin yüksəldilməsinə dəlalət edir.
Mehriban xanım bölgələrdə olarkən yalnız rayon mərkəzlərində yerləşən məktəblərin vəziyyəti ilə maraqlanmaqla fəaliyyətini məhdudlaşdırmır. O, rayonların ucqar kəndlərinə baş çəkir, məktəb binasına ehtiyac olan kəndlərdə yeni təhsil ocağının yaradılması təşəbbüsünü irəli sürür və buna lazımi köməklik göstərir. Məsələn, Oğuz rayonunun Xalxal kəndində fəaliyyət göstərən məktəb 115 il bundan əvvəl tikilmiş binada yerləşirdi. Kəndə təzə məktəb lazım idi. Bu problem də Heydər Əliyev Fondunun vəsaiti hesabına həli edildi. Xalxalda müasir tipli məktəb binası inşa olundu. Mehriban xanım həmin obyektin tikintisi ilə maraqlanarkən inşaatçılarla, kənd sakinləri ilə səmimi söhbət etmiş, onların qayğılarını öyrənmişdir.
Azərbaycan prezidentinin bölgələrimizə səfərləri çərçivəsində ayrı-ayrı rayonların təhsil müəssisələrində, muzeylərində olan, yeni məktəb binalarının tikintisi ilə maraqlanan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva hər yerdə səmimiyyətlə, gül-çiçək dəstələri ilə qarşılanmış, pedaqoji kollektivlər, inşaatçılar, məktəblilər, valideynlər onun səmərəli fəaliyyətindən razı qaldıqlarını bildirmişlər.
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fəaliyyətini ölkəmizdə mədəni irsimizin qorunub saxlanması, elmimizin, təhsilimizin inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirilməsi, insanların maarifləndirilməsi sahəsində işlərin genişləndirilməsi ilə bitmiş hesab etmir. BMT və onun ixtisaslaşdırılmış qurumları ilə respublikamız arasında xoşməramlı əlaqələrin genişlənməsi üçün məqsədyönlü işlər həyata keçirir.
Təsadüfi deyildir ki, YUNESKO-nun baş direktoru Koişiro Matsuura bu ilin avqust ayında Bakıda olarkən Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının təhsil, elm, mədəniyyət məsələləri üzrə təşkilatında uğurla təmsil olunmasında xoşməramlı səfir Mehriban xanım Əliyevanın işini xüsusi olaraq qeyd etmişdir. Cənab Koişiro Matsuuranın bəzi fikirlərinin diqqətə çatdırılmasını zəruri sayırıq. O demişdir: "...Ötən səfərimdən bəri Azərbaycanda böyük dəyişikliklərin baş verdiyinin şahidi olmuşam, Ölkəniz böyük sürətlə inkişaf edir, çox məmnunuq ki, sosial sahəyə və təhsilə daha çox diqqət yetirilir. Bu istiqamətdə sizinlə əməkdaşlıq etməkdən çox məmnunuq. Çox şadam ki, siz ölkənizin mədəni irsini qoruyursunuz. Elə ölkələr var ki, mədəni irsin qorunmasını unudur, bunu ümumi iqtisadi inkişafa qurban verir. Lakin Azərbaycan mədəni irsin qorunmasına xüsusi fikir verir. Mehriban xanım Əliyevanın bu sahədə göstərdiyi səyləri yüksək qiymətləndirir və onu təbrik edirəm". Cənab Koişiro Matsuuranın ölkəmizin birinci xanımının mədəni irsimizin qorunması sahəsində, təhsilimizin, elmimizin inkişafında hamımızın gözləri önündə həyata keçirdiyi konkret işlərə verdiyi bu qiymət hər birimizdə qürur hissi doğurur.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura Bakıda olduğu günlərdə bir çox görüşlər, tarixi əhəmiyyət kəsb edən "YUNESKO-Azərbaycan: Gələcəyə körpü" mövzusunda konfrans keçirilmişdir. Mötəbər məclisdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış etmişdir. Təhsillə bağlı aparılan islahatlar, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı danışan Mehriban xanım ən ağır problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuşdu. İşğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturlarının qorunub saxlanılmasının qeyri-mümkünlüyünü söyləmiş, hazırda həmin məktəblərin qaçqın-köçkünlər yaşayan düşərgələrdə yerləşdiyini bildirmişdir. Mehriban xanım Əliyeva əmin olduğunu bildirmişdir ki, YUNESKO ilə birlikdə hazırlanan yeni proqramlar məcburi köçkün və qaçqın uşaqlarının təhsilinə öz müsbət təsirini göstərəcəkdir. YUNESKO-nun baş direktorunun ölkəmizdə olduğu zaman Bakıda Beynəlxalq Muğam Mərkəzi binasının təməlinin qoyulması da tarixi hadisə kimi qiymətləndirilməlidir.
Göründüyü kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin istiqamətləri çoxşaxəlidir və o, xoşməramlı missiyasını şərəflə yerinə yetirməyə səy göstərir.
Ənvər Məşədiyev
Bakı.- 2005.- 16-23 sentyabr.- № 7.- S. 4.