Qeyri-maddi mədəni irsin qorunmasına dair YUNESKO-nun regional seminarının açılışı
Dekabrın 15-də Tatarıstan paytaxtında qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın həyata keçirilməsinə dair YUNESKO-nun regional seminarı açılmışdı. Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva seminarda iştirak etmişdir.
Konvensiyanın məqsədi qeyri-maddi irsin milli, regional və beynəlxalq səviyyədə qorunması məsələsinə diqqəti cəlb etməyin zəruriliyi bu sahədə beynəlxalq əməkdaşlığa və yardıma nail olmaqdır.
Kazan şəhərinin meri K. İshakov seminarı açaraq bildirdi ki, tədbirdə Avropanın və Şimali Amerikanın 49 ölkəsinin ekspertləri təmsil olunmuşdur. O vurğuladı ki, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı seminara xüsusi status verir.
Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva seminarda çıxış etdi.
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışı
- Xanımlar və cənablar!
Bu gün biz dünya mədəniyyəti xəzinəsinə layiqli töhfə vermiş xalqın qonağıyıq. Biz minillik tarixi olan bir şəhərə gəlmişik. Bu çoxəsrlik tarix və mədəniyyət Kazanın bənzərsiz simasında öz əksini tapmışdır. Kazan Kremli, haqlı olaraq, dünya irsinin ən gözəl obyektləri sırasına aid edilmişdir.
Tatar xalqı maddi mədəniyyət abidələri ilə yanaşı, onun ənənələrində bu gün də öz əksini tapan qeyri-maddi irsin zənginliyini də qoruyub saxlaya bilmişdir. Sabantuy xalq bayramı ənənələrə belə qayğıkeş münasibətə parlaq misaldır. Bu şəhərdə hər birimizin elə ilk dəqiqələrdən hiss etdiyimiz qonaqpərvərlik də nəsildən-nəslə ötürülən gözəl ənənədir.
İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə bu milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "Mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir. Qeyri-maddi irsin mühafizəsi haqqında Konvensiya da məhz bəşər mədəniyyətinin bu ən kövrək hissəsinin qorunub saxlanılmasına yönəldilmişdir. Ümidvaram ki, bizim bu görüşümüz təmsil etdiyimiz ölkələrin hər birində həmin Konvensiyanın ratifikasiyası prosesinin sürətlənməsinə layiqli töhfəsini verəcəkdir.
Azərbaycan xalqı dünya mədəniyyətinə olduqca böyük töhfə vermişdir. Təsadüfi deyil ki, YUNESKO Azərbaycan muğamını bütün bəşəriyyətin inciləri siyahısına daxil etmişdir. Bununla əlaqədar diqqətinizi ona yönəltmək istərdim ki, Azərbaycan muğamının vətəni olan Şuşa, ölkəmizin digər şəhər və rayonları, ümumən, Azərbaycan ərazisinin 20 faizi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın işğalı altındadır. Adətən, "Qarabağ bülbülləri" adlandırılan ən yaxşı muğam ifaçılarının doğulduqları və formalaşdıqları şəhərlər indi tamamilə dağıdılmış, yer üzündən silinmişdir. Azərbaycan xalqının qədim memarlıq və mədəniyyət abidələri məhv edilmişdir.
Bu gün dünyada digər münaqişə ocaqları da mövcuddur, müharibələr gedir. Bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni dəyərlər dağıdılır. Onların çoxu həmişəlik itirilir. İcazə verin, bununla əlaqədar beynəlxalq təşkilatların və ümumən, dünya birliyinin münaqişə zonalarında olan mədəniyyət və tarix abidələrinin taleyinə daha ciddi diqqət yetirməsinin zəruriliyini vurğulayım. Şübhəsiz ki, bu münaqişələrin tezliklə həlli mədəni irsin dağılmasının qarşısını almağa kömək edərdi.
Əziz dostlar!
YUNESKO-nun xoşməramlı səfiri kimi burada olmağımdan son dərəcə məmnunam. Əminəm ki, bu, əməkdaşlığımızın yalnız başlanğıcıdır. Çox ümid edirəm ki, biz olduqca maraqlı regional layihələri həyata keçirə bilərik. Azərbaycanda artıq gerçəkləşdirilməyə başlanmış layihələr belə əməkdaşlıq üçün çıxış nöqtəsi ola bilər.
Çıxışının sonunda belə mühüm seminarın bütün təşkilatçılarına təşəkkür etmək və hamımıza uğurlu, səmərəli iş arzulamaq istərdim.
Xalqlarımızın mənəvi irsinin qorunub saxlanılması və artırılması baxımından qarşımızda böyük vəzifələr durur. Əminəm ki, biz bu nəcib vəzifəni birgə yerinə yetirə bilərik.
Diqqətinizə görə sağ olun.
* * *
Mehriban xanım Əliyevanın çıxışı seminar iştirakçıları tərəfindən böyük diqqət və maraqla dinlənilmişdir.
Seminarda çıxış edənlər YUNESKO-nun xoşməramlı səfiri ilə ən sıx əməkdaşlığa ümid bəslədiklərini, Konvensiyanın müddəalarının və gələcək proqramların reallaşdırılması üçün onun öz sərəncamında olan bütün imkanlardan istifadə edəcəyinə əmin olduqlarını vurğuladılar.
YUNESKO-nun Beynəlxalq standartlar bölməsinin rəisi cənab Quido Qarduççi Mehriban xanım Əliyevanın çıxışına istinadla bildirdi ki, digər amillərlə yanaşı, hərbi münaqişələr də həm maddi, həm də qeyri-maddi irsə çox ciddi ziyan vurur, bu sərvətlərin çoxu həmişəlik itirilir.
* * *
Açılış mərasimindən sonra seminar işini ayrı-ayrı bölmələr üzrə davam etdirdi. Bölmə iclaslarında qeyri-maddi mədəni irsin qorunması, Konvensiyanın hüquqi aspektləri barədə məruzələr dinlənildi, video-materiallar nümayiş etdirildi, müvafiq tövsiyələr səsləndi.
* * *
YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Tatarıstan paytaxtına səfəri zamanı məşhur Kazan Universitetində, mədəniyyət və incəsənət ocaqlarında görüşlər keçirdi, onların tarixi, real vəziyyəti, nailiyyətləri ilə maraqlandı.
Yerli və xarici jurnalistlər Mehriban xanım Əliyevanın Kazana səfərinə böyük maraq göstərirdilər. YUNESKO-nun xoşməramlı səfiri jurnalistlərlə bir neçə dəfə təmasda oldu, onların çoxsaylı suallarına cavab verdi.