Qədim milli təbabətimizlə bağlı əlyazmalar YUNESKO-nun mədəni irs siyahısına daxil edilmişdir
Azərbaycan YUNESKO-ya üzv olduğu ilk dövrlərdən bu qurum ölkəmizin zəngin qədim mədəniyyətinə, incəsənətinə və təbabətinə xüsusi maraq göstərmiş, xalq tərəfindən yaradılmış əsərlərin qorunub saxlanmasına və "Ümumdünya mədəni və təbii irsin qorunması" siyahısına daxil edilməsinə çalışmışdır.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi şərəfli ada layiq görüldükdən sonra ölkəmizin qurumla əlaqələri yeni tarixi mərhələyə daxil olmuş, xalqımıza məxsus qədim əsərlərin irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi addımlar atılmış, muğam kimi incəsənət əsərimiz "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilmişdir.
Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyindən bildirmişlər ki, bu nüfuzlu təşkilat iyul ayının 13-17-də Çin Xalq Respublikasında keçirdiyi növbəti yığıncağında Tarixi Abidələrə dair Beynəlxalq Komitənin zəmanəti ilə ölkəmizin orta əsrlər təbabətindən və əczaçılığından bəhs edən əlyazmaların "Dünya mədəni və təbii irsin qorunub saxlanması" siyahısına daxil edilməsi məsələsini nəzərdən keçirmiş və həmin əlyazmaların siyahıya dəxil edilməsi yekdilliklə qərara alınmışdır.
Xatırladaq ki, memarlıq abidələrimizin şah əsəri hesab olunan İçərişəhər bir neçə il əvvəl "Dünya mədəni və təbii irsin qorunması" siyahısına daxil edilmişdir.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri, Paris
Azərbaycan.- 2005.- 25 avqust.- № 196.- S. 5.