Parisdə keçiriləcək Azərbaycan həftəsinin proqramı açıqlanıb
YUNESKO-da Azərbaycan həftəsi tədbirlərində iştirak etmək üçün YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisdə səfərdədir
Dünən "Azərbaycan mədə-niyyətlərin və sivilizasiyaların kəsişməsində" adlı Azərbaycan həftəsinə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət manifesti çərçivəsində oktyabrın 19-da YUNESKO-nun qərargahında "Mədəniyyətlərarası dialoq-folklordan müasir ritmlərə qədər" qala-konserti keçiriləcək.
Konsertdə Natiq Şirinovun solistliyi ilə nağaraçıların ifasında "Qədim folklor ritmləri", Azərbaycan Dövlət Rəqs Ansamblının qadın qrupunun ifasında Azərbaycanın xalq rəqsləri "Nəlbəki", "Yallı" və "İgidlər" nümayiş etdiriləcək. Konsert zamanı Jalə Kərimova və Əvəz Abdullayevin ifasında Volfanq Amadey Motsartın "Don Juan" operasından parça, Səbinə Əsədova və Elçin Əzizovun ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan" komediyasından hissə və Azərbaycan Dövlət Kapellasının ifasında "Mənəvi yolayrıcı - Odlar Yurdu" vokal kompozisiyası səslənəcək.
Proqram çərçivəsində rəssam Altay Sadıqzadənin əsərlərindən ibarət sərginin təşkili də nəzərdə tutulub. Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə xüsusi proqramla çıxış edəcək. Konsert proqramına "Rast" vokal instrumental ansamblının ifasında "Müasir ritmlər" instrumental vokal kompozisiyası da daxil edilib. Tədbirin sonuna "Üns" teatrının solistləri və konsertin bütün iştirakçıları Tofiq Quliyevin "Azərbaycan" vokal instrumental kompozisiyasını ifa edəcəklər. Qeyd edək ki, konsertin musiqi rəhbəri Rəşad Həşimov, video-tərtibatın rejissoru Ülviyyə Könül, rəssamı Çingiz Fərzəliyev və rejissoru Gülçöhrə Şəfiyevadır.
Səs.- 2006.-18 oktyabr.- № 195.- S. 4.