Heydər Əliyev Fondu kimsəsiz uşaqlara növbəti dəfə sevinc bəxş etmişdir
Fondun avqustun 26-da "Cresent Beach" otelində Bakı şəhərindəki 1, 2 və 3 nömrəli uşaq evlərinin sakinləri üçün təşkil etdiyi növbəti humanitar tədbir də məhz belə xeyirxah missiyanın davamı olmuşdur.
Tədbirin əvvəlində uşaqlar onların istirahətinə rəngarənglik qatan şən klounlarla birgə açıq səma altında əylənmiş, müxtəlif maraqlı oyunlar keçirmişlər. Qumlu dəniz sahilində istədikləri kimi əylənən balacalar şənlikdən xüsusi zövq aldıqlarını dönə-dönə vurğulamışlar.
Burada gözəl istirahət etdiklərini, əylənib, oynadıqlarını söyləyən balacalar bütün bunlara görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını çatdırmışlar.
Sonra şənlik süfrə arxasında davam etdirilmişdir. Uşaqların sevincini bölüşmək, ən çətin vaxtlarda onların yanında olmaq kimi ali missiyanı üzərinə götürmüş Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirə şux mahnılar, rəqslər xoş ovqat qatmışdır.
Müqəddəs Ramazan ayında təşkil edilmiş növbəti bir aksiya sayəsində uşaqlar daha bir mənalı və yaddaqalan gün yaşamışlar. Bu, Heydər Əliyev Fondunun reallaşdırdığı yeganə humanitar aksiya deyildir.
Fond yarandığı gündən indiyədək çoxlu sayda humanitar layihələr həyata keçirmişdir. Fondun fəaliyyət proqramına təhsil, səhiyyə sahələri, uşaq evləri və internat məktəblərinin maddi-texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir.
Fəaliyyətində "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə də azdır" devizini əsas götürən Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlara qayğı missiyasına uyğun olaraq Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə hazırlanmış proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.
Bu layihə çərçivəsində uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanaraq Heydər Əliyev Fondunda təhlil edilmiş və bunların əsasında "Uşaq evlərinin və internat məktəblərinin inkişafı" beşillik proqramı hazırlanmışdır.
Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir.
Xalq qəzeti.- 2011.- 27 avqust.- № 189.- S. 3.