Çap etmək   ⁞     ⁞   Fond haqqında

Azərbaycanın regionları mühüm mədəni tədbirlərə ev sahibliyi edir


Heydər Əliyev Fondunun dəstəyi ilə respublikamızın dilbər guşələrindən olan Qəbələdə 2009-cu ildən etibarən keçirilən beynəlxalq musiqi festivallarında bir çox ölkələrdən tanınmış musiqiçilər çıxış ediblər.

Son illərdə məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionlarında yaşanan sürətli inkişaf yalnız sosial-iqtisadi sahələri əhatə etmir. Respublikanın bölgələrində dinamik sosial-iqtisadi inkişafla paralel surətdə həmçinin mədəni həyat da canlanır. Respublikanın müxtəlif regionlarında ən müasir dünya standartları səviyyəsində tikilən Heydər Əliyev mərkəzləri, idman-olimpiya kompleksləri, bu qəbildən olan digər obyektlər, eləcə də yeni yaradılan güclü infrastruktur bölgələrdə də irimiqyaslı mədəni, idman tədbirlərinin yüksək səviyyədə keçirilməsinə imkan verir. Regionlarda keçirilən mədəni tədbirlər bir çox cəhətdən əlamətdardır. Əvvəla, belə tədbirlər bölgələrin sakinlərinin, ələlxüsus da gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi baxımından böyük önəm daşıyır. Digər tərəfdən, əlamətdar haldır ki, son illərdə ölkəmizin ayrı-ayrı bölgələrində keçirilən beynəlxalq səviyyəli mədəni tədbirlərdə həm zəngin Azərbaycan mədəniyyəti yüksək səviyyədə təmsil olunur, həm də respublikamıza, xalqımıza xas tolerantlıq ənənələri təbliğ edilir.

Qəbələ dünyanın musiqi mərkəzinə çevrilib

Artıq 7 ildir ki, Qəbələdə böyük musiqi bayramı təşkil olunur və Azərbaycanın bu dilbər guşəsi bütün dünyanın musiqi mərkəzinə çevrilir. Söhbət Heydər Əliyev Fondunun 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində təşkil etdiyi Beynəlxalq Musiqi Festivalından gedir. Birinci Qəbələ Beynəlxalq Musiqi Festivalında dünyanın 16 ölkəsindən - ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan, İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər iştirak ediblər. Beynəlxalq Musiqi Festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsi də keçirilib və Azərbaycan, Rusiya, Xorvatiya və Yaponiyanı təmsil edən 5 pianoçunun mübarizəsində Rusiya pianoçusu İlya Maksimov ən yüksək mükafata - “Qran-pri”yə sahib olub. Finalda mübarizə aparan digər gənc pianoçulardan xorvatiyalı Qoran Filipets birinci, rusiyalı Aleksandr Yakovlev ikinci pilləyə yüksəliblər. Azərbaycanlı Toğrul Hüseynli isə müsabiqədə dördüncü mükafata layiq görülüb. Həmçinin Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa etmək nominasiyası üzrə mükafata Nərgiz Kəngərli və Nataliya Landfed (ABŞ) layiq görülüblər.

2010, 2011, 2012, 2013 və 2014-cü illərdə keçirilən Qəbələ beynəlxalq musiqi festivalları çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olunub. Festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik və filarmonik orkestrlər çıxış ediblər.

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı böyük uğurla yekunlaşıb

Cari il 25-31 iyul tarixində Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən beynəlxalq festival daha bir möhtəşəm musiqi bayramına çevrilib. Festivalın açılış mərasimində əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda Mehriban xanım Əliyeva zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanın son illərdə beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanındığını vurğulayıb: “Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, iyun ayında ilk dəfə olaraq keçirilən Avropa Oyunlarına ev sahibliyini məhz Azərbaycan etmişdir. Azərbaycan birinci Avropa Oyunlarının açılış mərasimində tarixini, mədəniyyətini, musiqisini, müasirliyini dünyaya təqdim edə bildi. Açılış mərasimində Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səslənərək Azərbaycan musiqisini bütün dünyada bir daha tanıdaraq, möhtəşəmliyini növbəti dəfə vurğuladı”.

Festivalın təntənəli açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək, bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıblar. Bildirilib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.

Çıxışlarda qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycan və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur.

Festival çərçivəsində keçirilən konsertlərdə tamaşaçılar unudulmaz anlar yaşayıblar

Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramı kifayət qədər zəngin olub. Festivalın proqramına uyğun olaraq İtaliya Simfonik Orkestrinin, Rusiyanın “Moskva Virtuozları” Kamera Orkestrinin, İspaniyanın “Flamenko” ansamblının, Xorvatiyanın “Dubrovnik Guitar Trio” qrupunun, eləcə də Ukrayna, İsrail və Almaniyadan olan məşhur musiqiçilərin, o cümlədən Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqalarının möhtəşəm konsertləri baş tutub.

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert Avstriyanın “Vayner Akademiya” kamera orkestrinin ifasında keçirilib. Orkestrin Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan konserti tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə məlumat verilib ki, orkestr 1985-ci ildə Martin Heselbökün rəhbərliyi ilə yaradılıb, repertuarı çox geniş və rəngarəngdir. “Vayner Akademiya” kamera orkestri Jun-Tokusen və Due Disque Beynəlxalq Qran-Pri mükafatlarını qazanıb.

Martin Heselbökün dirijorluq etdiyi konsertdə Avstriya bəstəkarları Johann Heinrich Schmelzer və Wolfgang Amadeus Mozartın, İtaliya bəstəkarları Giovanni Battista Sammartini və Antonio Vivaldinin əsərləri səsləndirilib. Tanınmış musiqiçilər Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl Oman (blokfleyta) klassik əsərlər ifa etməklə, yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Festivalın yekun konserti də tamaşaçıların gurultulu alqışları altında keçib. Rəsmi çıxışlardan sonra səhnə “Moskva Virtuozları” Kamera Orkestrinin ixtiyarına verilib. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya), festivalın digər bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (fortepiano) və Rusiyanın tanınmış musiqiçisi Sergey Nakaryakov (truba) da çıxış ediblər. Ansambl yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində V.A. Motsartın, F. Əmirovun, V. Mustafazadənin, A. Pyazzollanın, J. Arbanın əsərləri səsləndirilib. Festivalın sonuncu konserti mindən çox tamaşaçının iştirakı ilə keçib.

Festivalda Azərbaycan ifaçılarının çıxışları da anşlaqla qarşılanıb

Yuxarıda qeyd etdiyimiz kimi, artıq gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı zəngin Azərbaycan musiqisinin dünyada tanıdılması baxımından da böyük önəm kəsb edir. Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertlərdə bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibi, festivalların iştirakçısı olan Səidə Tağızadə (piano) və Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Simli Kvartetinin üzvü Aleksey Miltıx (violonçel) bəstəkar A. Skryabın və S. Raxmaninovun fortepiano və violonçel üçün yazdığı əsərləri səsləndiriblər.

Festival çərçivəsində Heydər Əliyev Konqres Mərkəzində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar incəsənət xadimi, Xalq artisti, Prezident mükafatçısı Teymur Göyçayevin dirijorluğu ilə keçən konsertdə dahi bəstəkar Ü. Hacıbəylinin “Arazbarı” əsəri, F. Əmirovun “Min bir gecə” baletindən Mərcanənin rəqsi, S. İbrahimovanın fortepiano və orkestr üçün 5-ci konserti, Motsartın “Divertisment in B”, D. Şostakoviçin fortepiano və orkestr üçün 1-ci konserti tamaşaçılara təqdim edilib.

Konsertdə məlumat verilib ki, Azərbaycan musiqisinin klassikləri olan Q. Qarayev və F. Əmirovun təşəbbüsü ilə 1964-cü ildə yaradılan Azərbaycan Dövlət Kamera Orkestrinin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 40 ildən çox davam edən fəaliyyəti zamanı dünyanın bir çox şəhərlərində, beynəlxalq nüfuzlu festivallarda iştirak edib. Orkestrin repertuarına Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1998-ci ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.

Həmçinin konsertdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin (piano) və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundovanın (piano) çıxışı maraqla qarşılanıb.

Gənc musiqiçilər də səhnəni bölüşüblər

Dünyanın müxtəlif ölkələrindən bədii kollektivlərin, solistlərin və dirijorların iştirak etdikləri Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində səhnəyə dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da çıxıblar. Səhnəni əsasən gənc musiqiçilərin bölüşdükləri növbəti kamera musiqisi konsertində Əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (vokal), beynəlxalq müsabiqələr laureatı olan gənc musiqiçilər - Fərhad Qarayusiflinin (dirijor), Səidə Tağızadənin (piano), Aslan Aslanovun (piano), Kənan Mailovun (skripka), Asim Xəlilovun (violonçel) iştirak etdikləri konsertdə tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın simli kvartet, fortepiano, soprano, qoboy və balaban üçün yazdığı “Xəyallarımdakı şəhər”, “7 çinar” və “Yaz mahnısı”, eləcə də məşhur alman bəstəkarı Yohanes Bramsın əsərləri səsləndirilib.

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin keçirilməsi də əlamətdar hadisədir. Festivalın proqramına uyğun olaraq iyulun 30-da Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində müsabiqə iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edənlər məlumat veriblər ki, bu yarışmada dünyanın 7 ölkəsindən Azərbaycana gələn və müxtəlif ölkələri, mədəniyyətləri təmsil edən bir çox tanınmış musiqi xadimləri, istedadlı gənc ifaçılar iştirak ediblər. İyulun 25-dən 31-dək davam edən festivalda ifaçılıq sənətində tanınmış musiqiçilərin konsertləri ilə yanaşı, gənc pianoçuların beynəlxalq müsabiqəsi də keçirilib, onlar üçün dünya şöhrətli musiqi xadimlərinin ustad dərsləri təşkil olunub. Üç turdan ibarət olan müsabiqənin final konsertini izləyən tamaşaçıların sayı həddindən artıq çox olub. Bu isə müsabiqənin böyük əks-səda doğurduğunu bir daha təsdiqləyib. Müsabiqədə Azərbaycanı Nərgiz Kəngərli təmsil edib. Tamaşaçılar və münsiflər heyəti ilə yanaşı, müsabiqə iştirakçıları da, əslində, onlar üçün bu yarışda rəqib olan həmkarlarının ifasını diqqətlə dinləyib, Qəbələdə dost olduqları gənc pianoçulara uğurlar arzulayıblar. Mərasimdə münsiflər heyətinin üzvləri müsabiqənin yüksək səviyyədə keçirildiyini deyib, iştirakçılarının ifalarından razı qaldıqlarını bildiriblər.

Çıxışlardan sonra pianoçuların mükafatlandırılması mərasimi olub. Məlumat verilib ki, müsabiqədə Tatyana Şafran (Ukrayna) və Aiko Tomiya (Yaponiya) birinci, Nərgiz Kəngərli (Azərbaycan) və Yevgeni Antonova (Rusiya) ikinci, Daniyel Neyman (İsrail) üçüncü yerləri tutublar. İştirakçılara mükafatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və tanınmış pianoçu Oksana Yablonskaya təqdim edib.

Qəbələdə keçirilən muğam axşamı tamaşaçıların alqışları altında yekunlaşıb

Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi bir musiqi bayramı kimi dünyada tanınan Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir. Yerli və xarici musiqisevərlər Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq iyulun 29-da açıq havada keçirilən muğam axşamına xüsusi maraq göstəriblər. Hamının səbirsizliklə gözlədiyi konsertə böyük tamaşaçı axını olduğu üçün Heydər Əliyev adına Konqres Mərkəzinin qarşısındakı parkda əlavə oturacaqlar yerləşdirilib. Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi Muğam Televiziya Müsabiqəsinin iştirakçıları olan tanınmış xanəndələr - “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində II Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynovun, bir sıra müsabiqələrin mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Arzu Əliyevanın, “Muğam Televiziya Müsabiqəsi-2011”də üçüncü yeri tutan Nigar Şabanovanın, 2007-ci ildə keçirilən muğam müsabiqəsində II yerə layiq görülən Abgül Mirzəliyevin çıxışı böyük marağa səbəb olub.

Muğam ifaçılarını tarda Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, Prezident mükafatçısı Sahib Paşazadə, kamançada bir sıra müsabiqələrin iştirakçısı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Toğrul Əsədullayev, nağarada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin üzvü Emin Cəbrayılov müşayiət ediblər. İstedadlı xanəndələr Azərbaycanın xalq mahnılarını, muğamları və təsnifləri məharətlə ifa ediblər. Ümumilikdə 1500-ə yaxın tamaşaçının iştirakı ilə iki saat davam edən konsert alqışlarla başa çatıb.

İştirakçılar Qəbələdən zəngin təəssüratla ayrılıblar

Hər il olduğu kimi, Qəbələ VII Beynəlxalq Festivalı da yerli ictimaiyyətin nümayəndələrində və qonaqlarda zəngin təəssüratlar oyadıb. Nazir və Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli Fəttah Heydərov çıxış edərək Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil edilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Fəttah Heydərov festivalın təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, festivalın böyük əks-səda doğurduğunu qeyd edib. Milli Məclisin deputatı onu da bildirib ki, bütün bunlar Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində apardığı ardıcıl siyasət nəticəsində mümkün olub. Fəttah Heydərov 12 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların qatıldığı Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərdə iştirak edən xarici qonaqların Azərbaycanla daha yaxından tanış olduqlarını vurğulayıb. O əlavə edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır. Festival yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Fəttah Heydərov bu festivalın tezliklə Qarabağda, Şuşada qeyd olunmasını arzulayıb.

“Bu, Azərbaycana ilk səfərim olmasa da, Qəbələ festivalında birinci dəfədir iştirak edirəm. Festivalın böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir”. Bu sözləri Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan Rusiyanın məşhur pianoçusu Anastasiya Jivotovskaya deyib. Rusiyalı musiqiçi qeyd edib ki, Qəbələ festivalı artıq dünyada tanınır və qəbul olunur: “Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib və onlar dəvət gözləyirlər. Ötən festivallarda dünyanın 150-dən çox tanınmış musiqiçisi Qəbələ səhnəsində konsert verib. Bu, böyük uğurdur. Mən məmnuniyyətlə növbəti ildə də bu festivalda iştirak etmək istərdim”.

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ VII Beynəlxalq Musiqi Festivalında çıxış edən İsrailin məşhur violin ifaçısı Janna Qandelmann da bu festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib. O qeyd edib ki, bu günlərdə Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar: “Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski dəvət edib. Bu festival haqqında əvvəllər bir az eşitmişdim, amma builki tədbirin proqramından xəbərim yox idi. Festivalın bu qədər gözəl bir yerdə möhtəşəm təşkil ediləcəyinə inanmırdım. Mən burada məşhur pianoçu Fərhad Bədəlbəyli ilə birgə səhnəyə çıxdım və möhtəşəm kamera konserti verdik. Biz bacardığımızı etdik. İfamız tamaşaçıların o qədər xoşuna gəldi ki, onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevindik ki, musiqi bayramını izləyənlər üçün gözəl əhval-ruhiyyə bəxş edə bildik”.

Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan İspaniyanın “Barselona və Flamenko” ansamblının üzvü Luis el Qranaino isə festivalın tamaşaçılarına və Qəbələnin gözəl təbiətinə heyran qaldığını vurğulayıb: “Ölkənizi çox sevdim. Qəbələ səhnəsindəki iki saatlıq konsertimizdən sonra tamaşaçıların dayanmadan ayaq üstə bizi alqışlaması məni təəccübləndirdi. Bizim ansamblın üzvləri tamaşaçılara hörmət əlaməti olaraq yenidən onlara iki flaminko rəqsi nümunəsi təqdim etdi. Biz Azərbaycandan xoş təəssüratlarla ayrılırıq”.


Mübariz Abdullayev

Yeni Azərbaycan.- 2015.- 8 oktyabr.- № 183.- S. 8.