Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun yeni layihəsi - “Hərəmiz bir ağac əkək”


Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəmiz bir ağac əkək!” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.

AzərTAc-ın müxbirlərinin bölgələrdə keçirilən iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.

Ağsu rayonu

Ağsu rayonunun sakinləri Novruz bayramı günlərindən başlayaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan “Hərəmiz bir ağac əkək!” layihəsinə yüksək mütəşəkkilliklə qoşulmuşlar. Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, məktəblilər, şəhərin, habelə ayrı-ayrı kəndlərin sakinləri kütləvi surətdə iməciliklərə çıxaraq küçə və meydanların, yol kənarlarının yaşıllaşdırılması, abadlaşdırılması üçün səylə çalışırlar. Bu sahədə gənclər xüsusilə fəallıq göstərirlər.

Novruz bayramı ərəfəsində və ondan sonra keçirilən kütləvi ağacəkmə kampaniyalarında şəhərin meydanlarına, küçə və məhəllələrinə, Bakı- Göyçay magistral yolunun kənarına ümumilikdə 2700 ağac, minlərlə gül kolu əkilmişdir. Əkində, bu yerlər üçün daha əlverişli olan küknar, Eldar şamı, çinar və digər növ ağac tinglərindən istifadə olunmuşdur. Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” layihəsi çərçivəsində ağacəkmə kampaniyası davam edir və bu günlərdə rayona əkin üçün daha 2500 cavan ting gətiriləcək.

Şəki rayonu

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanan və respublikamızın bütün bölgələrində böyük razılıq hissi ilə qarşılanan “Hərəmiz bir ağac əkək!” aksiyası Şəki rayonunda da yüksək mütəşəkkilliklə davam etdirilir.

Şəhər icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Şahin Babayevin verdiyi məlumata görə, ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya başlanandan indiyədək rayon ərazisində 47 minə yaxın müxtəlif növ ağac əkilmişdir. Təkcə ötən şənbə günü keçirilən iməciliklərdə Şəki şəhərinin park və xiyabanlarında, idarə və müəssisələrin həyətlərində, yol kənarlarında, qəsəbə və kəndlərdə, habelə Yevlax-Balakən avtomagistral yolunun Şəki rayonu ərazisindən keçən 30 kilometrlik hissəsində 10 min¬dən çox ağac əkilmişdir. Aksiyada minlərlə rayon sakini iştirak etmişdir.

Bundan əlavə, “Hərəmiz bir ağac əkək!” layihəsinin təşəbbüskarı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə qayğısı ilə 2005-ci ildə rayonun Baş Göynük kəndi ərazisində Şin çayı üzərində inşa edilmiş körpünün giriş hissəsində ulu öndər Heydər Əliyevin adını daşıyacaq yeni parkın təməli də qoyulmuş və burada 500-dən çox müxtəlif növ ağac əkilmişdir.

Rayonun şəhər və kəndlərində yaşıllaşdırma aksiyası davam edir.

Nəsimi rayonu

Rayon icra hakimiyyətindən verilən məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanan və respublikamızın bütün bölgələrində böyük razılıq hissi ilə qarşılanan “Hərəmiz bir ağac əkək!” aksiyasına ilkin səs verənlərdən biri paytaxtımızın Nəsimi rayonunun sakinləri olmuşlar.

Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiya başlanandan indiyədək rayon ərazisində 8 minə yaxın müxtəlif növ ağac əkilmişdir. Təkcə ötən şənbə günü keçirilən iməciliklərdə rayonun

R. Zorge, S. Vurğun, Mir Cəlal, 20 Yanvar küçələrinin ətrafında və Bakıxanov adına parkda 4 min həmişəyaşıl ağac, bəzək kolu əkilmişdir. Rayonun digər park və xiyabanlarında, ali və orta məktəblərin, idarə və müəssisələrin həyətlərində, yol kənarlarında da xeyli ting əkilmiş, ağacların gövdələri ağardılmış, qurumuş budaqlar doğranıb daşınmış, digər təmizlik-abadlıq tədbirləri görülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən inşa edilmiş, paytaxtımızın simasını gözəlləşdirən körpülərin ətrafında xüsusi layihə üzrə yaşıl zonaların yaradılması da vətəndaşlar tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.

Azərbaycanın birinci xanımının təşəbbüsü ilə başlanmış xeyirxah layihənin ekoloji, mənəvi əhəmiyyətinə dair əhali arasında aparılan maarifçilik işləri bu aksiyaya gündən-günə daha çox məhəllələrin qoşulmasına imkan yaradır.

Aprelin sonunadək davam edəcək bu kampaniya çərçivəsində daha 7 min tingin əkilməsi nəzərdə tutulur. İndidən ağac əkiləcək sahələrdə müvafiq hazırlıq tədbirləri görülür. Əkilmiş ağaclara qulluq edilməsi, maksimum bitiş alınması üçün təcrübəli mütəxəssislər, bağbanlar da ayrılmışdır. Yeni salınan yaşıllıqlarda vurulmaq üçün “Heydər Əliyev Fondunun ’’Hərəmiz bir ağac əkək" layihəsinə töhfə" yazılmış lövhələr də hazırlanır.


Xalq qəzeti.- 2007.- 18 mart.- № 59.- S. 2