Çap etmək   ⁞     ⁞   UNESCO

Parisdə YUNESKO-nun Xoşməramlı səfirlərinin illik iclası başlanmışdır


YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva xoşməramlı səfirlərin illik iclasında iştirak etmək üçün Fransa paytaxtına gəlmişdir.

Martın 3-də iclas öz işinə başlamışdır. YUNESKO-nun iqamətgahında Mehriban xanım Əliyevanı təşkilatın baş direktoru Koiçiro Matsuura və digər rəsmi şəxslər səmimiyyətlə qarşılamışlar. Baş direktor iclası açaraq, xoşməramlı səfirlərin beşinci görüşünün iştirakçılarını salamlamış, son bir ildə iki nəfərin xoşməramlı səfir adına layiq görüldüyünü xatırlatmışdır. Xoşməramlı səfir adına layiq görülmüş Mehriban xanım Əliyevanın ölkəmizdəki fəaliyyətindən məlumat verən K. Matsuura bildirmişdir ki, o, 1995-ci ildən qeyri-hökumət təşkilatı olan Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik etməklə yanaşı, mədəni irsin qorunması, 2003-cü ildə YUNESKO-nun bəşəriyyətin mədəni irs siyahısına daxil etdiyi muğamların təbliği və zəngin Azərbaycan musiqisinin inkişafı sahəsində xüsusi xidmətlər göstərmişdir. Xoşməramlı səfir kimi Mehriban Əliyeva mədəni irsin qorunub saxlanmasına dair Konvensiyanın təqdimatı ilə bağlı ötən ilin dekabr ayında Kazan şəhərində keçirilmiş tədbirdə iştirak etmişdir. Baş direktor son zamanlar Mehriban xanım Əliyevanın xəstə və valideyn himayəsindən məhrum uşaqlara göstərdiyi qayğını yüksək qiymətləndirmişdir.

Sonra Koiçiro Matsuura dünyanı təhdid edən hadisələrə xoşməramlı səfirlərin göstərdiyi münasibətdən, xüsusilə QİÇS kimi təhlükəli xəstəlikdən əzab çəkən xəstələrə onların köməyindən söhbət açmış, rəhbərlik etdiyi qurumun təhsil sahəsində BMT ilə əlaqəsindən ətraflı danışmış və YUNESKO-nun tədrisin keyfiyyətini daim diqqət mərkəzində saxladığını vurğulamışdır.

Baş direktor bildirmişdir ki, Cənub-Şərqi Asiyadakı dağıdıcı sunami zamanı valideynlərini itirmiş uşaqlara qayğı göstərmək məqsədi ilə YUNESKO xüsusi layihə hazırlamışdır. Cənab K. Matsuura İraq və Əfqanıstanda müharibələr nəticəsində tarixi abidələrin dağılmasından narahatlıqla bəhs etmiş, mədəniyyətin inkişafına göstərdikləri xidmətlərinə görə bir çox xoşməramlı səfirə, o cümlədən Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.

YUNESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA iclasda çıxış etmişdir. O demişdir:

- Əvvəlcə, burada olmağımdan məmnunluq duyduğumu demək istəyirəm. Bildiyiniz kimi, ilk dəfədir ki, bu görüşdə iştirak edirəm və mən YUNESKO ailəsi ilə - sizinlə birgə olmağımdan çox sevinirəm.

Bu gün 2004-cü ilin sentyabr ayından xoşməramlı səfir kimi mədəni irsin qorunmasına cəlb olunduğum bir sıra layihələr barədə qısa məlumat vermək istəyirəm.

Bizim layihəmiz milli musiqimiz olan muğam və onun müxtəlif sahələrini əhatə edir. Ümumilikdə biz 10-dan çox layihə üzərində işləyirik. Bunlardan bəzıləri artıq başa çatmışdır. Digərləri isə yaxın gələcək üçün nəzərdə tutulmuşdur. İcazə verin, yenicə başa çatmış bir layihə - Azərbaycan muğam sənətkarlarının əvvəllər yazılmış musiqi parçalarının təmizlənməsi və yenidən yazılması barədə danışım. Onların orijinallarının bir çoxunu xaricdə axtarmalı olduq. Buna baxmayaraq, biz uğur əldə etdik və onları CD disklərə köçürə bildik. Sizə musiqi dəstini təqdim etmək istəyirəm. Ümid edirəm ki, bu musiqini dinləməklə siz zövq alacaqsınız. Buna əlavə olaraq, biz məşhur xanəndələrin haqqında və muğam fəlsəfəsinə aid bir sıra kitablar nəşr etməyi də planlaşdırırıq.

Bizim diqqətimiz başlıca olaraq bir məsələyə - Bakı şəhərində Beynəlxalq Musiqi Mərkəzinin yaradılmasına yönəldilmişdir. Bu musiqi mərkəzini yaradarkən nəinki musiqiçilərin, həm də musiqisevərlərin buraya gələrək musiqini dinləməsini, ənənəvi musiqimiz barədə müzakirələr aparmağı və yaşlı nəsildən olan sənətkarların öz təcrübələrini, biliklərini və ustalıqlarını yeni nəsillə bölüşdürməsini nəzərdə tutmuşuq. Ümid edirik ki, bu mərkəz həm də müxtəlif ölkələrdən olan insanların görüş yerinə çevriləcək, dünya mədəni irsinin qorunub saxlanılması yolunda daha bir addım olacaqdır.

Sonda demək istəyirəm ki, Azərbaycan YUNESKO ilə yaxın əməkdaşlıqdan qürur duyur və onun dünyadakı layihələrinin bir hissəsi olmasına həmişə hazırdır. Sizinlə bir yerdə olmaqdan qürur duydum. Çox yaxın gələcəkdə sizi Azərbaycanda salamlamağa ümid edirəm. Çox sağ olun!

* * *

Mehriban xanım Əliyevanın çıxışı çox maraqla dinlənilmiş və sürəkli alqışlarla qarşılanmışdır.

Digər xoşməramlı səfirlər də gördükləri işlər barədə məlumat vermiş, bütün dünyanı hədələyən QİÇŞ xəstəliyinin yayılmasından narahatlıqlarını vurğulamış, YUNESKO tərəfindən həyata keçiriləcək tədbirlərə münasibətlərini bildirmiş və təkliflərini söyləmişlər.

Türkiyənin xoşməramlı səfiri ermənilər tərəfindən uydurulmuş "soyqırımı" bir çox ölkələrin tanımasından narahatlığını xüsusi vurğulamış, YUNESKO xətti ilə bu məsələnin araşdırılmasına dünyanın tanınmış tarixçi alimlərinin cəlb olunmasını xahiş etmişdir.

İclasın gedişində sunami faciəsini, Əfqanıstanda Talibilər tərəfindən buddizmə məxsus tarixi abidənin dağıdılmasını, ərəb dünyası musiqisini, adət və ənənələrini əks etdirən, Afrika ölkələrində içməli su problemindən, uşaqlar arasında savadsızlıqdan bəhs edən sənədli filmlər göstərilmişdir.

Sonra YUNESKO-nun baş direktoru Koiçiro Matsuura xoşməramlı səfirlərlə xatirə şəkli çəkdirmiş və onların şərəfinə ziyafət vermişdir. Azərbaycan Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə və ölkəmizin YUNESKO-dakı səfiri Eleonora Hüseynova iclasda iştirak etmişlər.


Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri

Xalq qәzeti.- 2005.- 4 mart.- № 50.- S. 3.