Mehriban xanım Əliyeva Astana şəhərinin sosial-mədəni obyektləri ilə tanış olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinin gedişində onun xanımı Mehriban xanım Əliyeva Astananın sosial-mədəni obyektlərində olmuşdur.
Mehriban Əliyeva Dariqa Nazarbayevanın müşayiəti ilə Qazaxıstan Milli Musiqi Akademiyasına gəldi. Burada hörmətli qonağı Birjansalın, Çaykovskinin, Motsartın əsərlərindən ibarət klassik musiqi ilə qarşıladılar.
Nursultan Nazarbayevin Təhsil Fondunun filialı olan "Miras" beynəlxalq məktəbində Mehriban Əliyevanı bir neçə dildə, o cümlədən Azərbaycan dilində salamladılar. Hazırda bu tədris müəssisəsində 206 şagird təhsil alır. Onların arasında doqquz dövlətin nümayəndəsi vardır. Mehriban Əliyeva məktəblilərə və müəllimlərə müraciət edərək dedi ki, xalq ənənələrini qoruyub saxlamağa və eyni zamanda, təhsil prosesində dünya təcrübəsindən istifadə etməyə nail olmaq lazımlı və xeyirxah işdir.
Azərbaycan Prezidentinin xanımı kompüter texnikası ilə təchiz edilmiş kitabxana, ibtidai siniflərlə tanış oldu, sonra isə "Miras"da tərbiyə alan məktəbəqədər yaşlı uşaqlara baş çəkdi.
Milli Elmi Tibb Mərkəzində - keçmiş Respublika klinik xəstəxanasında Mehriban Əliyevaya müasir diaqnostika aparatlarını, texnikanın son nailiyyəti olan avadanlıqla təchiz edilmiş cərrahiyyə bloklarını göstərdilər. Mərkəzin xollunda isə bu vaxt italyan serenadaları, məşhur operalardan ariyalar səslənirdi. Burada hər bazar ertəsi xəstələr üçün bir saatlıq konsert verilir.
Sonra Qazaxıstan Prezidentinin qızı Dariqa Nazarbayeva Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın şərəfinə nahar verdi.
AzərTAc
2004, 3 mart