Uşaqlara mehriban baxış
1 iyun Uşaqları Beynəlxalq müdafiə günüdür!
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaqlara himayəçilik missiyası dövlət başçısının irəli sürdüyü sosial proqramların tərkib hissəsidir.
Balaca Aysel totuq barmaqlarını dodaqlarına yaxınlaşdırır: - Mehriban ana, mən səni öpürəm, -deyir. Ayselin valideynləri: Qızımız ürək çatışmazlığından əziyyət çəkirdi. Bəzən bayılır, çox əziyyətlə özünə gəlirdi. Sağalacağına heç bir ümidimiz yox idi. Həkimlər deyirdilər ki, mütləq cərrahiyyə əməliyyatı aparılmalıdır. Lakin bizim buna imkanımız yox idi. Nəhayət, dövlət başçısının xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma müraciət etməkdən başqa ayrı yol tapmadıq. Məhz onun köməyi ilə Ayseli Kiyevə apardıq, orada şəfa tapdı. Qızımıza həyat, yaşamaq bəxş etmiş Mehriban xanım Əliyevaya ürəkdən minnətdarlıq edirik.
Balaca Aysel isə xilaskarı Mehriban xanıma ana deyib ona öpüşlə salam göndərir.
Ürəklərində ciddi qüsur olan 4 uşaq Mehriban xanım Əliyevanın köməyi ilə Topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunda ölümün pəncəsindən xilas edilməklə valideynlərinə bir dünya sevinc bəxş etmişlər.
Balakən rayonunun 11 yaşlı sakini, I qrup əlil Məhəmməd Qurbaçovun Mehriban xanımın ona göndərdiyi kompüter dəsti hədiyyəsindən necə sevindiyini hər kəs təsəvvür edə bilər.
Bu faktlar Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin ömür-gün yoldaşı Mehriban xanıma müraciətlərdən sonra uşaqların sağlamlığına göstərdiyi qayğını əks etdirən faktların çox cüzi bir hissəsidir.
"Azərbaycanda 65 uşaq evi və məktəbində 20 minə yaxın uşaq yaşayır. Bir milyondan artıq qaçqın və məcburi köçkünlərin uşaqları da müxtəlif problemlərdən əziyyət çəkir. Odur ki, məhz bu gün hamı səylərini birləşdirib bu qəbildən olan uşaqlara qayğı və diqqət göstərməlidir" deyən Mehriban xanım özü qabağa düşüb işin ən ağır yerindən - uşaq evləri və internatların fəaliyyətində dönüş yaratmaqdan, həmin binaların təmir etdirilməsindən, uşaq səhiyyəsinə dair proqramların (diabet və talassemiya xəstəlikləri ilə bağlı) icrasından yapışdı. Bu ilin əvvəlində Mehriban xanımın baş çəkdiyi uşaq evləri və internat məktəblərin hamısında artıq təmir işləri başlanmışdır. "Mən şəxsən 28 internat məktəbində olmuşam və proqramımda ölkənin, əslində, hər bir belə uşaq təhsil-tərbiyə müəssisəsinə getmək nəzərdə tutulmuşdur. Əlbəttə, getmək deyəndə, konkret yardım göstərmək nəzərdə tutulur" - deyən Mehriban Əliyeva uşaqların sağlamlığı, təhsili, mənəviyyatlarının zənginləşməsi, istedadların üzə çıxarılması üçün fəaliyyətini genişləndirir. Azərbaycanın birinci xanımının məqsədi valideyn himayəsindən məhrum olmuş balalar üçün uşaq evlərində və internat məktəblərində əsl ev şəraiti yaradılmasına, onların sağlam və gümrah böyüməsinə nail olmaqdır. Rəhbəri olduğu Heydər Əliyev Fondunun yaradıldığı 10 may 2004-cü ildən ötən bir il müddətində Mehriban xanımın bu istiqamətdə göstərdiyi fəaliyyət ona təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də böyük hörmət qazandırmışdır. 2004-cü ildə Azərbaycanda və Türkiyədə keçirilmiş rəy sorğularına görə Mehriban Əliyevanın "İlin xanımı" adına layiq görülməsində onun uşaq dünyasına göstərdiyi diqqət və qayğı da əsas götürülmüşdür. Uşaq dünyası isə Bakıda başlayıb regionlarda davam edir. Prezident İlham Əliyevlə regionlara səfərə çıxan Mehriban xanım mütləq uşaq evlərinə baş çəkir, onların problemlərinin həllini diqqətdə saxlayır. Qubada, Xaçmazda, Yevlaxda, Gəncədə, Goranboyda, Şamaxıda, digər rayonlardakı uşaq evləri və internat məktəblərinə uzun illər bəslənmiş laqeydlik indi aradan qaldırılıbsa, bu ilk növbədə, Mehriban Əliyevanın Azərbaycan uşaqlarına mehriban baxışlarının nəticəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti özünün xoş məramı ilə ölkənin ayrı-ayrı strukturlarına, vətəndaşlarına ailə ocağının istisindən məhrum olmuş uşaqların taleyini yüngülləşdirməkdə əsl nümunədir.
Bu gün - Uşaqları Beynəlxalq müdafiə günündə Mehriban xanım Əliyeva yenə uşaqların arasındadır. Birini xoş sözlə dindirir, digərinin başına tumar çəkir, başqa birisini qucağına alıb ana nəvazişi göstərir. Uşaqlar isə bu mehriban qadına mahnılar, şerlər oxuyurlar.
Azərbaycan uşaqlarına mehriban baxış dövlət siyasətini yeni məcraya yönəldir.
Telman Qafar
İki sahil.- 2005.- 1 iyun.-№ 103.- S. 2.