Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı proqram layihələri

Fond tərəfindən hemodializ aparatlarının xəstəxanalara verilməsi xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin vəziyyətini yüngülləşdirir


Azərbaycanda sosial, mədəniyyət, təhsil, idman və digər sahələrdə bir sıra çox mühüm layihələri reallaşdıran Heydər Əliyev Fondu əhalinin sağlamlığının qorunub saxlanması, tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, xəstələrin müalicə və müayinəsi, konkret insanların respublikamızda və xaricdə müalicəsinə kömək məqsədi ilə həyata keçirilən genişmiqyaslı proqram layihələri, tədbirlər öz nəticəsini verməkdədir. Bu layihələrin nəinki ölkəmizdə, bir sıra nüfuzlu beynəlxalq qurumlarda, xarici ölkələrdə böyük maraq doğurmuş, hazırda İtaliya və Fransanın daha bir neçə tanınmış fondu ilə humanitar əlaqələr yaradılmışdır. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri çərçivəsində Bakıda diaqnostika və talassemiya mərkəzlərinin inşasının, hər iki xəstəliyin profilaktikası və müalicəsində mühüm rol oynayır.

Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki gördüyü işlər, birmənalı olaraq, diqqət mərkəzindədir. Bütün xəstəxanalarda təmir və bərpa işlərinin aparılması, məhz Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində həyata keçirilməkdədir. Qeyd edim ki, fondun səhiyyə sahəsindəki ən böyük humanitar işləri sırasında yeni tibb müəssisələrinin inşası, bərpa və təmir etdirilməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi ilə yanaşı, bir çox xəstələrin pulsuz olaraq fondun maliyyə dəstəyi ilə müalicəsi də müstəsnadır. Qısa bir zaman məsafəsində görülən işlərin hər biri insanların sağlamlığı, onlarda ruh yüksəkliyinin artırılması ilə müşahidə olunmaqdadır.

Belə humanitar addımlardan biri də paytaxtımızda hemodializ mərkəzlərinin yaradılması ilə bağlıdır. Bu baxımdan ki, respublika ərazisində olan əhalinin kiçik bir qisminin xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsi və bu xəstəliyin müalicəsində rolu olan Almaniyada istehsal olunmuş aparatların Azərbaycana gətirilməsi məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə baş tutmuşdur. Onu da deyim ki, ölkəmizə bu aparatların gətirilməsi ilə yanaşı, xəstəxanalarda hemodializ şöbələrinin yaradılması da birbaşa Mehriban xanımın fəaliyyətinin nəticəsidir. Mehriban Əliyevanın 5 illik məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, paytaxtımızın xəstəxanalarında hemodializ mərkəzlərində xəstələr pulsuz olaraq müalicə alırlar. Bu mərkəzlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə hemodializ xəstəliyindən əziyyət çəkən şəxslərin ixtiyarına verilmişdir. Bura gələn xəstələr artıq özlərinə bu məkanı ikinci ev hesab edirlər. Belə ki, mərkəzlərdə onlar üçün yaradılmış şərait xəstələrin normal şəraitdə müalicəsinə imkan verir.

Respublika Klinik Uroloji Xəstəxanasında Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş komissiyanın rəyi əsasında hemodializ xəstəliyi müəyyənləşdirilir. Bu, şəxsi təşəbbüs yox, kompleks şəkildə dövlət tərəfindən təşkil edilmiş komissiya tərəfindən həyata keçirilir. Bu xəstələrin müalicəsi hemodializ şöbəsində yerləşdirilməsi birbaşa məhz nazirliyin göstərişi əsasında baş tutur. Paytaxtımızdakı Xətai rayon 2 saylı şəhər Klinik Xəstəxanasında və Sabunçu rayon 3 saylı şəhər Klinik Xəstəxanasında açılan hemodializ şöbələrində bu gün 200-ə yaxın xəstə müalicə alır. Üçnövbəli iş rejimi əsasında hemodializ xəstələri bu şöbədə müalicə almaq imkanına malikdirlər. Artıq bu aparatlar vasitəsilə xəstələrdə müalicə profilaktikası öz uğurlu nəticəsini verməkdədir. Belə xəstələrə bütün dərman preparatları, müalicə pulsuz olaraq həyata keçirilir. Bütün xəstələrin tələbatını ödəyə biləcək müalicə üçün dərman və avadanlıqlar vaxtı-vaxtında xəstəxanalara daxil edilir. Xəstələrə Səhiyyə Nazirliyinin 141 nömrəli bəndinə əsasən, 120 adama dərman pulsuz verilir.

3 saylı şəhər Klinik Xəstəxanasının hemodialz şöbəsinin müdiri Rüfət Əhədovun sözlərinə görə, hemodializ xəstəlikləri xroniki böyrək çatışmazlığı ilə əlaqədar olan prosedurdur. Bildiyimiz kimi, adi bir böyrək xəstəliyinə tutulmuş şəxs bu üsul ilə müalicə edilmir. Belə xəstələrdə hemodializ aparatları orqanizmdə olan zəhərli maddələrin, suyun və s. elementlərin orqanizmdən çıxarılmasına köməklik göstərir. Öz funksiyasını həyata keçirə bilməyən böyrək artıq orqanizmə müəyyən yollarla müdaxilə əsasında, fəaliyyətini bərpa edə bilir. Belə xəstələr hemodializ yolu ilə müalicə olunur: ”Bizim şöbədə 18 dializə aparatı var və 117 nəfər müalicə alır. Bir hemodializ şöbəsi olaraq, biz onların müalicəsini aparır, qayğılarına qalırıq. Hemodializ xəstəliyi aşkar olunmadığı halda belə, xəstələr çox gərgin vəziyyətdə olurlar. Ürəkbulanma, başgicəllənmə, ifraz halları baş verir. Bu da orqanizmdə olan çoxsaylı zəhərli maddələrlə bağlıdır. Hemodializ qəbul olunduqdan sonra, bu xəstələrin orqanizmində böyük dəyişikliklər özünü büruzə verir. Belə xəstələrin əlavə ciddi xəstəlikləri - şəkərli diabet, hipertoniya kimi xəstəlikləri yoxdursa, belə bir prosessual müalicə üsulu ilə xəstənin ömrünü 25-30 ilə qədər uzatmaq olur. Bir çox orqanlarla bağlı xəstəliklər baş qaldırdıqda, hemodializ xəstələrinin vəziyyəti ağırlaşa bilir. Süni müdaxilə zamanı, təbii ki, orqanizmə zərərli tərəfləri də olur. Zaman ötdükcə isə xəstələrdə vəziyyət stabilləşməyə başlayır. Hemodializ xəstələrinə vaxtında və ardıcıl olaraq, bu müalicə tətbiq olunursa, onlar normal insanlar səviyyəsində həyat sürə bilirlər”.

Qeyd edim ki, belə xəstələrin müalicə müddəti yoxdur. Belə ki, onlar bu xəstəliyə ömürlərinin sonuna qədər düçar olan şəxslərdir. Bu prosedura olduqca məhdud bir proseduradır. Belə ki, hemodializ aparatlarının qəbul olunmuş çərçivədə öz yükü var.

Rüfət Əhədov onu da bildirdi ki, hemodializ şöbəsində çalışan həkimlər üçün heç bir bayram günü nəzərdə tutulmayıb. Daha çox gənc nəsli təmsil edən həkimlər bu şöbələrdə çalışırlar: ”Şöbələrin hər birinə 60 ton su çəni yerləşdirilib. Bir insanın bir günlük dializəsi üçün 120 litr su tələb olunur. Onların tam şəkildə təmin edilməsi və çatışmazlıqların aradan qaldırılması üçün belə çənin burada yerləşdirilməsi, eləcə də, işıqla bağlı müəyyən problemlər yaranarsa, bunun qarşısının alınması üçün generator da var. İşıq sönsə və yaxud su qıtlığı yaransa, belə müalicə alan xəstələr dünyasını dəyişə bilərlər. Həftədə üç dəfə olmaqla xəstələr burada dializə alırlar. Bir xəstənin bir günlük dializəsi 100 manata qədər vəsait tələb edir. Bu pul dövlət tərəfindən ödənilir.”

Belə ciddi xəstələrlə işləyən həkimlərin səhiyyə nazirliyinin əmrinə əsasən, maaşı o biri həkimlərlə müqayisədə iki dəfə artmışdır.

Xətai rayon 2 saylı şəhər Klinik Xəstəxanasının şöbə müdiri, nevroloq Azər Mirzəyevin sözlərinə əsasən, Almaniyanın “Frezerius” şirkətinin istehsalı olan 7 hemodializ aparatının fond tərəfindən xəstəxanaya hədiyyə edilməsi bu xəstəlikdən əziyyət çəkən insanlarda yaşamaq inamını artırmışdır. Bu aparatlar xroniki böyrək çatışmazlığından əziyyət çəkən 50-yə yaxın xəstənin əzablarını yüngülləşdirir: ”Həmin aparatlar vasitəsilə 50-yə yaxın xəstəyə xəstəxanada xidmət göstərmək mümkündür. Belə ki, Heydər Əliyev Fondu tərəfindən bizə verilən 7 dializə aparatı vasitəsi ilə 50 nəfərə yaxın müalicə alır. Heydər Əliyev Fondunun maliyyə dəstəyi və təşəbbüsü ilə Azərbaycana gətirilən bu aparatlar xəstəlikdən əziyyət çəkən insanların müalicəsində əhəmiyyətlidir. Bu xəstələr artıq dünyadan küsmüş insanlardır. Ömürlərinin sonuna qədər məhz bu xəstəliklə mübarizə aparan belə insanlarla çalışmaq özü bir məsuliyyətdir. Bildiyimiz kimi, qaraciyər və böyrək orqanizmi laboratoriyasıdır və onların hansısa birində müəyyən xəstəlik baş qaldırarsa, bu, artıq insan üçün təhlükə yaradar. Hemodializ xəstələri ömrün son dəqiqəsinə qədər bu aparatların hesabına yaşayırlar”.

Belə vəziyyətlə üz-üzə qalan insanlara maddi və mənəvi dayaq olmaq insanlığın ən ümdə vəzifələrindən biridir. Belə bir layihələri gerçəkləşdirən Heydər Əliyev Fondunun hər bir addımı uşaqlara, xəstələrə qayğı və diqqətdən yoğrulmuşdur.


Nəzakət Ələddinqızı

Səs.- 2009.- 3 noyabr.- № 206.- S. 5.