Azərbaycanın gimnast qızları Belçikanı fəth etmişlər
Belçikada başa çatan bədii gimnastika üzrə beynəlxalq yarışda Azərbaycanın gimnast qızları 10 mükafat qazanmışlar.
Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, çoxnövçülük yarışlarında Lalə Yusifova birinci, Aişə Mustafayeva üçüncü yerləri tutmuşlar. Sonra top, ip, gürz və halqa ilə yarışlar keçirilmiş, Azərbaycan idmançıları üstünlüyü ələ almışlar.
Lalə Yusifova halqa və topla hərəkətlərdə qızıl, iplə hərəkətlərdə bürünc medal qazanmışdır. Aişə Mustafayeva gürzlə hərəkətlərdə qalib gəlmiş, top, halqa və iplə hərəkətlərdə isə gümüş mükafatçısı olmuşdur.
Bütünlükdə idmançı qızlarımız Belçikada 4 qızıl, 4 gümüş və 2 bürünc mükafat qazanmışlar. Gimnastlarımızın ikisi də 1996-cı il təvəllüdlüdülər.
AzərTAc
2009, 9 noyabr