Azərbaycan Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsidir
Mehriban xanım Əliyevanın geniş coğrafi məkanı əhatə edən layihələri birmənalı qəbul edilir: tarixə, insanlığa və mədəni irsə xidmət
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondu Ulu Öndərin irsinin öyrənilməsinə xidmət edən iri miqyaslı proqramların həyata keçirilməsinə dəstək verməklə yanaşı, xalqının rifahının yüksəldilməsinə yönəldilmiş layihələri ilə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına təkan verir.
Çoxsahəli ictimai təşkilat olan Heydər Əliyev Fondunun yaranma tarixi uzun illəri əhatə etməsə də, artıq ölkənin ictimai-sosial-mədəni həyatında öz sözünü demişdir. Ölkə həyatı üçün əhəmiyyət doğuran layihələrin inkişafında fəal iştirakçıya çevrilən fond qaçqınların, məcburi köçkünlərin, aztəminatlı ailələrin uşaqlarının, eləcə də, uşaq evlərində və internat məktəblərində tərbiyə olunan uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasına da önəm verməklə xeyriyyəçilik ənənəsini yüksək səviyyədə davam etdirir. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində uşaqların problemləri öyrənilərək, tədbirlər planı gerçəkləşdirilib və bu proses davam etdirilir. Aparılan araşdırmalar zamanı vəziyyəti acınacaqlı olan məktəblərin təmir və bərpası istiqamətində lazımi addımlar atılmışdır. Bununla yanaşı, fond əsas diqqəti yetim uşaqlara yardım etməklə, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən uşaqlardan da kənarlaşdırmayıb.
Şaxəli fəaliyyətini insanlıq, xeyriyyəçilik, vətəndaşlıq dəyərləri üzərində quran Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanım Mehriban xanım Əliyeva təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da gördüyü işlərlə geniş ictimai əks-səda doğurmuşdur. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi heç də təsadüfü hal deyildir. Bildiyimiz kimi, Mehriban xanım Əliyeva xeyriyyəçilik missiyasına görə, “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun ən yüksək mükafatı olan “Yaqut xaç” ordeninə və geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə “Qızıl ürək” mükafatına layiq görülüb. Bu mükafatlar Onun məqsədli fəaliyyətinin məntiqidir. Əməlləri ilə insanlara sevinc, şəfa və gözəllik, mənəvi rahatlıq gətirən Mehriban xanım Əliyeva ehtiyacı olan insanlara yardım etməklə, onlara arxa-dayaq olmaqla ali dəyərlərin keşiyində durur.
Xalqımızın humanizmə və insansevərliyə əsaslanan zəngin və qədim xeyriyyəçilik ənənələri Onun əməllərində özünü göstərir. Azərbaycanla yanaşı, xarici ölkələrdə nadir mədəni irsin qorunmasına ciddi töhfələr verən Mehriban xanım Əliyevanın geniş coğrafi məkanı əhatə edən layihələri birmənalı qəbul edilir: tarixə, insanlığa və mədəni irsə xidmət nümunəsi kimi. Onun gerçəkləşdirdiyi layihələr sırasında Dünya Mədəni İrs siyahısına daxil edilən Versal sarayı bərpa olunub. Bununla bahəm Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin, Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edilmişdir. Bütün bunlar mədəni və humanitar əlaqələrin qurulması baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondu tərəfindən Pakistanın Müzəffərabad şəhərində tikilən və 2012-ci ildə isə yenidən əsaslı təmir olunan, Mehriban xanım Əliyeva adına Qızlar Məktəbinin istifadəyə verilməsi də bu beynəlxalq münasibətlərin genişlənməsində mühüm rol oynayır.
Azərbaycan ilə YUNESKO arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədi ilə imzalanan saziş Mehriban Əliyevanın növbəti humanitar layihələrinin davamıdır. Eləcə də, Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş”in imzalanması Azərbaycanın dünya mədəni irsinə olan töhfələridir.
Azərbaycan, hər zaman olduğu kimi, bu gün də ənənələrinə sadiq ölkə kimi dünyada tanınır. Roma Papası II İohann Pavelin Azərbaycanı Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırması da təsadüfü fikir deyildi. Mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlərin, forumların ölkəmizdə keçirilməsi, eləcə də, xarici dövlətlərdə irimiqyaslı və əhəmiyyətli tədbirlərin təşkili bu fikrə əsasdır. Belə layihələrin reallaşması insanları, xalqları bir araya gətirərək, qarşılıqlı əməkdaşlıq üçün yollar açır.
Nəzakət Ələddinqızı
Səs.- 2013.- 18 yanvar.- № 9.- S. 3.