Heydər Əliyev Fondunun daha bir layihəsi uğurla başa çatdı
Fondun hazırladığı "Azərbaycan" portalı internet şəbəkəsinə ötürüldü
Məlum olduğu kimi, Heydər Əliyev Fondu ölkəmizdə ayrı-ayn sahələrlə bağlı bir sıra tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mənəvi sərvətlərimizin qorunması və bərpası, təhsil və səhiyyə ocaqlarının yenidən qurulması, aztəminatlı ailələrin diqqət və qayğı ilə əhatə olunması istiqamətində geniş işlər görülür. Fond həmçinin ideoloji məsələlərin gerçəkləşməsi ilə bağlı tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri də iyulun 22-də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun yeni layihəsi olan "Azərbaycan" internet portalının təqdimatı olub.
Tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edib.
Mərasimi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açaraq ilk öncə tədbir iştirakçılarına səmimi salamlarını çatdırıb və onlara mərasimə qatıldıqlarına görə dərin minnətdarlığını bildirib. Sonra Mehriban xanım tədbir iştirakçıları qarşısında geniş nitq söyləyib. Artıq bir ildən çoxdur fəaliyyətə başlayan Heydər Əliyev Fondunun qarşısında çox böyük vəzifələrin durduğunu qeyd edən fondun prezidenti onların həllinə nail olmağa, konkret layihələr işləyib həyata keçirməyə çaşdıqlarını bildirib. "Yardıma ehtiyacı olan hər bir insana qayğı və diqqət Heydər Əliyev Fondunun əsas vəzifələrindən biridir", - deyən Mehriban xanım ölkəmizdə sosial problemlərin həllində fondun çox fəal iştirak etdiyini diqqətə çatdırıb. 0 qeyd edib ki, internat məktəblərinin və uşaq evlərinin inkişafı layihəsi çərçivəsində indi Bakıda 12 məktəbdə əsaslı təmir aparılır. Demək olar ki, bu məktəblərin əksəriyyəti yenidən inşa edilir. Bundan başqa, fondun təşəbbüsü ilə respublikamızın bütün guşələrində ən ağır vəziyyətdə olan 132 məktəb üçün bina tikilir. Məktəblər yerli şəraitə uyğun layihələrlə inşa edilir. Bu gün demək olar ki, məktəblərin əksəriyyətində tikintiyə başlanıb.
Ölkəmizin tarixi abidələrinin qorunmasında da fondun fəal iştirak etdiyini xüsusi olaraq vurğulayan Mehriban xanım Gəncə şəhərində Cavadxan türbəsi, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpa edilməsi, Abdulla Şaiqin ev-muzeyinin təmir edilməsini fondun bu istiqamətdə gördüyü tədbirlərin bir hissəsi kimi nəzərə çatdırıb.
Fondun ən məsul və ən şərəfli vəzifəsinin Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq ideyasını, azərbaycançılıq fəlsəfəsini təbliğ etməkdən ibarət olduğunu diqqətə çatdıran Mehriban xanım qeyd edib ki, "Biz çalışırıq ki, bu ideyanı davam etdirək. Və bu gün diqqətinizə çatdırılan layihə də bu məqsədə xidmət edir".
Portalın üzərində işə başlamazdan əvvəl "Azərbaycan və internet" adlanan maraqlı bir araşdırma apardıqlarını deyən fondun prezidenti bu araşdırmaların bəzi nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Bəzi mənbələrə görə, Azərbaycanda İnternetdən istifadə edənlərin sayı 300 min, digərlərinə görə isə 400-450 min nəfərə çatır. Yer kürəsində internet istifadəçilərinin sayı 1 milyarda çatır ki, bu da dünya əhalisinin 14 faizini təşkil edir. Məlumdur ki, Azərbaycanda internet poçt sistemi 1991-ci il-dən fəaliyyət göstərir. İndi artıq Azərbaycanda internet resurslarının mövcudluğundan danışmaq mümkündür. Hazırda ölkəmizdə 3145 azərbaycandilli, 830 türkdilli, 1300 ingilisdilli, 1600 rusdilli sayt mövcuddur. Saytların məzmununu təhlil etsək, onların 150-si dövlət qurumlarına, nazirliklərə, siyasi partiyalara, ictimai təşkilatlara məxsus olduğunu görərik. Azərbaycanın rayonları barədə ümumi məlumatları əks etdirən cəmi 15 sayt mövcuddur. Qarabağ müharibəsinə, Xocalı soyqırımıma, erməni vəhşiliklərinə həsr olunmuş 17 sayt mövcuddur. 26 sayt diasporla bağlı məsələləri əhatə edir".
Dünyada gedən qloballaşmanın aparıcı qüvvələrindən biri olan informasiya və kommunikasiya texnologiyalarının Azərbaycanda da yüksək səviyyədə tətbiq olunduğunu qeyd edən Mehriban xanım ölkəmizdə yeni texnologiyalarla məşğul olan təşkilatların sayının günbəgün artdığını diqqətə çatdırıb. O bildirib ki, məsələni daha dərindən öyrənəndə bir sıra daha ciddi nöqsanlar üzə çıxır. Belə ki, hazırda ölkəmizin beynəlxalq imicinə zərbə vuran, böhtan, yalan yayan, yanlış mövqeli, o cümlədən xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistanın mövqeyini əks etdirən külli miqdarda müxtəlif dilli saytlar mövcuddur. "Məhz bütün bunlara görə biz "Azərbaycan" portalının yaradılmasını çox zəruri hesab etdik. Bunu vaxtında atılmış bir addım kimi qiymətləndiririk", - deyən Mehriban xanım əmin olduğunu bildirib ki, ölkəmizin ən qədim tarixindən tutmuş bugünkü reallığına qədər dövrü özündə əks etdirən bu portal çox problemlərin həllində mühüm rol oynayacaq.
Fondun prezidenti məlumat üçün bildirib ki, portal 3 dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib olunub. Və yaxın gələcəkdə onun alman, fransız, ərəb versiyalarının da hazırlanması nəzərdə tutulur.
Nitqinin sonunda Mehriban xanım qonaqları "Azərbaycan" portalı haqqında filmə baxmağa dəvət edib və "Azərbaycan" internet portalı (www.azerbaijan.az) haqqında film göstərilib. Qeyd edək ki, filmdə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizi inkişaf yoluna çıxarmaq, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə tərəqqiyə zəmin yaratmaq üçün həyata keçirdiyi genişmiqyaslı işlərin müasir dövrdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, milli müstəqillik dövründə iqtisadiyyatın, elmin, mədəniyyətin müxtəlif sahələrində əldə edilmiş uğurlar əyani şəkildə öz əksini tapıb. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması, xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması kimi mühüm əhəmiyyətli bir arzu, amalla araya-ərsəyə gətirilmiş bu böyük layihənin vüsəti filmdə bir daha öz ifadəsini tapıb.
Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, dövrün tələblərinə cavab verən, xalqımızın həyatındakı mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən "Azərbaycan" portalını dövlətimizin mühüm atributlarından biri, onun inkişaf səviyyəsinin göstəricisi kimi qiymətləndirib. Bu portalın istifadəyə verilməsini ümummilli liderin ideyalarının gerçəkləşməsi istiqamətində atılan ən mühüm addımlardan biri kimi dəyərləndirən AMEA-nın prezidenti Azərbaycanın ulu tarixi, işıqlı zəkaları, möhtəşəm mədəniyyəti və sənət uğurları, təbii sərvətlərindən, geosiyasi mövqeyindən, intellektual potensialından məharətlə bəhrələnərək müasir dünya birliyinə inamla inteqrasiyasının portalda öz əksini tapdığını qeyd edib.
Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da müasir informasiya texnologiyalarının imkanlarını bir daha nümayiş etdirən "Azərbaycan" portalının ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına sanballı kömək göstərəcəyinə əminliyini ifadə edib.
"Azərbaycan" internet portalının ölkəmiz haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında əhəmiyyətli rol oynayacağına biz də əminik və layihəni həyata keçirən Heydər Əliyev Fonduna bu istiqamətdə bundan sonra da uğurlu fəaliyyət arzulayırıq.
Sevinc Paşayeva
Azad Azərbaycan.- 2005.- 24 iyul.- № 169.- S. 2.