Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Bakıdakı 268 saylı yardımçı məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir


Yanvarın 21-də Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən açılış mərasimində “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Şagirdlər və valideynlər onu səmimiyyətlə qarşıladılar.

1927-ci ildən fəaliyyət göstərən məktəbin direktoru Seyfəddin Mustafayev məlumat verdi ki, burada əqli və fiziki cəhətdən geri qalan 500-ə yaxın şagird təhsil alır. Onlardan 120 nəfəri hər gün dərs keçir, qalanları isə evlərində təhsilə cəlb olunmuşdur.

Son 75 ildə məktəb bir dəfə də əsaslı təmir olunmamışdı. Lakin ötən il oktyabrın 17-də Mehriban xanımın məktəbə gəlməsindən sonra bu barədə məsələ qaldırılmış, təmir işləri qısa müddətdə başa çatdırılmışdır. Yaxşı kadr potensialına malik bu təhsil ocağında 90-dan çox müəllim çalışır. Onlardan 25-i yüksək ixtisaslı mütəxəssisdir və respublikamızda bu cür uşaqların təhsili üçün lazım olan proqram və materialların hazırlanmasında onlara ehtiyac duyulur.

Məktəbin yeməkxanasında keçirilən mərasimdə uşaqlar üçün süfrə açılmış, bayram şənliyi təşkil olunmuşdu. Azərbaycan Pantomim Teatrının aktyorları maraqlı səhnəciklər göstərdilər.

8-ci sinif şagirdi Azər Mustafayevin sazda gözəl ifası, 6-cı sinif şagirdi Vüsal Qasımovun dediyi meyxana və digər şagirdlərin Vətən, Prezident haqqında söylədikləri şerlər hərarətli alqışlarla qarşılandı.

Mehriban xanımın adından məktəbin şagirdlərinin hər birinə çanta və hədiyyə təqdim edildi.

Sonra Mehriban xanım Əliyevanın valideynlərlə səmimi görüşü oldu.

Çıxış edən valideynlər onların qayğıya, nəvazişə ehtiyacları olan övladlarını yada saldığına, uşaqlara və müəllimlərə böyük sevinc bəxş etdiyinə görə Mehriban xanıma dərin minnətdarlıqlarını bildirdilər. Dedilər ki, sizin şəxsi təşəbbüsünüzlə bu məktəb Bakının ən gözəl təhsil ocağına çevrilmişdir. Hörmətli Prezidentimizə, bu işdə əməyi olanların hamısına təşəkkür edirik. Fəxr edirik ki, məhz siz bu məktəbə hamilik edirsiniz.

Mehriban xanım Əliyeva valideynlərə təşəkkür edərək dedi:

- Mən sizə minnətdarlığımı bildirirəm. Bilirəm ki, sizin zəhmətiniz çox böyükdür. Bunu çox yaxşı anlayıram. İstəyirəm inanasınız, mən çox xoşbəxtəm ki, uşaqların bu sevincini görürəm. Məni bir ana kimi başa düşməlisiniz, bu gün biz adi bir məktəbə getsək, buradakı kimi istedadlı uşaqlar görmərik. Çox istedadlıdırlar, adi şerləri çox gözəl söyləyirlər. Bu, həqiqətən belədir.

Xoşbəxtəm ki, bu gün sizinlə, uşaqlarla bir yerdəyəm. Əlbəttə, bu son görüş deyildir. Bayram oldu, olmadı, mən hər dəfə buraya gələcəyəm. Çünki bu, mənim özümə lazımdır, buna ehtiyac duyuram.

* * *

Sonra Mehriban xanım Əliyeva istedadlı uşaqların əl işlərindən ibarət rəsm əsərlərinə və tikiş nümunələrinə baxdı, ayrı-ayrı sinifləri və kompüter otaqlarını, idman salonunu, binanın həyətini və digər yerləri gəzdi, təmir işlərinin keyfiyyəti ilə maraqlandı. O bildirdi ki, məktəbin bütün ehtiyacları bundan sonra da ödəniləcəkdir. Belə istedadlı uşaqların sənətə sahib olmaları, kompüter öyrənmələri üçün də şərait yaradılacaqdır. Onlar, əsasən, kompüterdə mətnlərin yığılması, dərzi və dülgər sənətlərinə yiyələnəcəklər.

Sonda Mehriban xanım Əliyeva şagirdlərlə xatirə şəkli çəkdirdi.


AzərTAC
2004, 21 yanvar