Mehriban Əliyeva: “Görüləsi işlər çoxdur”
Dünən Moskvada YUNESKO-nun və Rusiya Federasiyası hökumətinin təşkilatçılığı ilə kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş “Millətlərin sərvətinin yaranması” mövzusunda Ümumdünya konfransının açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva və Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Konfransı YUNESKO-nun baş direktoru xanım İrina Bokova açıb. O, Rusiya paytaxtında keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, YUNESKO-nun əsas ideyasına görə, təhsil insanın həyat fəaliyyətinin hər bir sahəsində böyük əhəmiyyət kəsb edir. İ. Bokova statistik məlumatlara əsaslanaraq bildirib ki, hər il planetimizdə 9 milyona yaxın uşaq ölümü qeydə alınır. Onların üçdə iki hissəsi əsasən doyunca qidalanmamaq üzündən 5 yaşına çatmır. Onun sözlərinə görə, təhsil insanın bütün həyatı boyu potensialını möhkəmləndirir: «Əgər biz uşaqlar üçün sərmayə qoysaq, dinc və xoşbəxt gələcəyimizi təmin edəcəyik».
YUNESKO-nun İcraiyyə Şurasının sədri Eleonora Mitrofanova bu konfransı əlamətdar hadisə adlandırıb, onun tarixi əhəmiyyətini vurğulayıb.
Moskvanın meri Yuri Lujkov qeyd edib ki, Moskva bu konfransda nəzərdən keçirilən məsələlərin həlli sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konfransda təbrik nitqi ilə çıxış edib.
Mehriban Əliyeva bildirib ki, bu konfrans kiçikyaşlı uşaqların təhsilinə və tərbiyəsinə bu səviyyədə həsr edilmiş ilk nüfuzlu beynəlxalq forumdur: «Fikrimcə, bu mövzunun aktuallığını lazımınca qiymətləndirmək çətindir. Uşaqlığın ilk dövrü insanın həm mental, həm də fiziki inkişafının mühüm dövrüdür. Onun gələcəyinin təməli bu dövrdə qoyulur. Eyni zamanda, bu elə yaş dövrüdür ki, balaca insan olduqca zəif və yaşlılardan tam asılı vəziyyətdədir. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Haqqında Konvensiyada qeyd edildiyi kimi, bütün uşaqlar dərisinin rəngindən, sosial vəziyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq yaşamaq, sağlamlıq, inkişaf və təhsil almaq üçün bərabər hüquqlara malikdirlər. Lakin balaca uşaqlar öz hüquqları barədə heç nə bilmirlər. Onlar bütünlüklə bizə - yaşlılara ümid edir və inanırlar. Təəssüf ki, biz, yaşlılar bu etimadı heç də həmişə doğrultmuruq. Müasir dünyada aclıq və yoxsulluq, müharibələr və münaqişələr, texnogen və təbii kataklizmlər amansız reallıqlar kimi qalmaqdadır. Onlar milyonlarla uşağın həyatına son qoyur. Uşaqlar xəstəlik və yoxsulluq, dava-dərman çatışmazlığı və vaxtında tibbi yardım göstərilməməsi üzündən ölürlər. Mütəxəssislərin hesablamalarına görə, bu gün planetimizdə 143 milyon yetim uşaq vardır. Bizimlə yanaşı imkanları məhdud və xüsusi ehtiyacları olan uşaqlar yaşayır. Paradoksal da olsa çox vaxt məhz onlar cəmiyyət tərəfindən qəbul edilməməyin nə demək olduğunu öz nümunələrində hiss edirlər».
M. Əliyeva qeyd edib ki, bugünkü forum kiçikyaşlı uşaqlara kömək və dəstəyin yollarını və üsullarını tapmaq üçün real şansdır: «Bu üsullar ən səmərəli beynəlxalq mexanizm yaratmağa imkan verəcəkdir. Beynəlxalq təşkilatların, milli hökumətlərin, maliyyə qurumlarının, bütün xoşməramlı insanların, uşaqların taleyinə, ayrılıqda hər bir uşağın taleyinə biganə olmayan bütün insanların səylərini birləşdirmək lazımdır. Bu sahədə çox iş görülür, lakin görülməli işlər daha çoxdur. Bunu demək kifayətdir ki, dünyada azyaşlı uşaqların yalnız 56 faizinin məktəbəqədər təhsildən bəhrələnmək imkanı vardır. Statistik məlumatlar göstərir ki, əlverişsiz şəraitdə və sosial baxımdan müdafiə olunmayan ailələrdə böyümüş, lakin məktəbəqədər təhsildən bəhrələnmiş uşaqlar öz yaşıdları ilə müqayisədə çox vaxt orta və ali məktəbləri uğurla bitirir, onların öz yaşıdları arasında nüfuz qazanması daha asan olur. Onlar qarşıya qoyulmuş məqsədlərə daha uğurla nail olurlar. Müasir tədqiqatlar göstərir ki, yoxsulluğun qüsurlu dairəsini qırmağın və daha yaxşı gələcək üçün şans verməyin ən etibarlı üsulu məhz erkən yaşda təhsildən istifadə etmək imkanıdır».
M. Əliyeva bu sahədə ölkəmizdə görülən işlərə də toxunub: «Bizim ölkədə - Azərbaycanda ailə dəyərlərinə ta qədimdən çox böyük ehtiramla yanaşırlar. Yaşlılara hörmət, kiçiklərə qayğı nəsildən-nəslə keçən gözəl ənənələrdir. Bununla bərabər, bu gün Azərbaycanda məktəbəqədər təhsilin inkişafına dövlət tərəfindən də lazımi diqqət yetirilir. Məktəbəqədər təhsil sisteminin təkmilləşdirilməsinə yönəlmiş xüsusi dövlət proqramı qəbul edilib, ümumtəhsil məktəblərində məktəbəqədər yaşlı uşaqlar üçün hazırlıq qrupları şəbəkəsi inkişaf etdirilir.
Əlbəttə, problemlər də vardır və hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bu konfransın nəticələri mövcud problemlərin həllinə kömək edəcək və bu sahədə novator ideyalarla, dünyada qazanılmış nailiyyətlərlə tanış olmağa imkan yaradacaqdır».
Sonra Moskva merinin müavini Lyudmila Şvetsova Rusiyanın birinci xanımı Svetlana Medvedyevanın təbrikini, RF təhsil və elm naziri Andrey Fursenko isə Baş nazir Vladimir Putinin təbrikini oxuyub. Ümumdünya konfransının ali qonaqlarının şərəfinə şam yeməyi verilib. AzərTAc-ın məlumatına görə, şam yeməyində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.
Mərkəz.- 2010.- 28 sentyabr.- № 176.- S. 2.