Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva İsveçrədəki soydaşlarımızla görüşmüşdür


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Cenevrəyə səfəri çərçivəsində mayın 18-də bu ölkədə işləyən və təhsil alan soydaşlarımızın bir qrupu ilə görüşmüşdür.

Azərbaycanın İsveçrə və Vatikandakı səfiri, BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Elçin Əmirbəyov görüş iştirakçıları barədə Mehriban Əliyevaya məlumat vermişdir.

Görüşdən məmnunluq duyduğunu söyləyən Mehriban xanım xarici ölkələrdə çoxlu sayda azərbaycanlı mütəxəssislərin çalışdığını və gənclərin təhsil aldığını bildirmişdir. Son illər ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, əhalinin yaşayış səviyyəsinin xeyli yaxşılaşdığını xatırladan Azərbaycanın birinci xanımı respublikamız haqqında həqiqətlərin dünyaya, o cümlədən avropalılara çatdırılmasında xaricdəki soydaşlarımızın böyük qüvvə olduğunu xüsusi vurğulamışdır.

Gənclərin xarici ölkələrdə təhsil almasından danışan Mehriban Əliyeva bildirmişdir ki, Azərbaycan Prezidenti bu məsələyə böyük diqqət yetirir və xüsusi sərəncam imzalamışdır. Yüksək səviyyəli mütəxəssislər yetişdirmək məqsədi ilə gələcəkdə minlərlə azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa göndəriləcək və dövlət onlara hərtərəfli qayğı göstərəcəkdir.

Görüşün sonunda Mehriban xanım iştirakçılarla xatirə şəkli çəkdirmişdir.


AzərTAc
2007, 18 may