YUNESKO Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək
“Biz Azərbaycanla təhsil, mədəniyyət və elm sahələrində sıx əməkdaşlığı davam etdirəcəyik”. AzərTAc xəbər verir ki, bunu YUNESKO-nun baş direktoru Koişiro Matsuura mayın 15-də Bakıda mətbuat konfransında söyləmişdir.
“Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda Bakıda keçirilən konfransın əhəmiyyətini vurğulayan qonaq Azərbaycanın YUNESKO çərçivəsində görülən işlərdə fəal iştirak etdiyini bildirmişdir. Koişiro Matsuura demişdir ki, bu cür regional tədbirlər savadlılığın təşviqi baxımından çox vacibdir. YUNESKO savadsızlığın aradan qaldırılması üçün əlindən gələni edir, lakin bu işdə bütün üzv ölkələrin fəallıq göstərməsi vacibdir.
Azərbaycanla ikitərəfli əməkdaşlığa toxunan YUNESKO-nun baş direktoru ilk dəfə ölkəmizə 2000-ci ildə ulu öndər Heydər Əliyevin dəvəti ilə səfər etdiyini və ötən müddət ərzində qarşılıqlı münasibətlərdə müsbət dəyişikliklərin yarandığını vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan YUNESKO ilə mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın genişləndirilməsində YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Hazırda Bakıda keçirilən konfrans əlaqələrimizin daha da genişlənməsinə gətirib çıxaracaqdır.
Baş direktor demişdir ki, biz Azərbaycanla elm sahəsində də əməkdaşlığı genişləndirmək niyyətindəyik. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüzdə bununla bağlı müzakirələr aparmışıq. Gələcəkdə YUNESKO-nun elm üzrə ekspertlərindən ibarət bir qrupu Azərbaycana göndərməyi planlaşdırırıq.
İşğal altında olan Azərbaycan torpaqlarında tarix-mədəniyyət abidələrinin qorunması ilə bağlı suala cavabında K.Matsuura bildirmişdir ki, münaqişə həll edilmədiyinə görə YUNESKO-nun bu istiqamətdə konkret işlər görməyə imkanı yoxdur.
İçərişəhərin qorunub saxlanmasına toxunan baş direktor demişdir ki, böyük şəhərlərdə urbanizasiya prosesinin sürətlə getməsi bu cür abidələrin ilkin şəkildə qalmasında problemlər yaradır.
Mətbuat konfransında iştirak edən Azərbaycanın təhsil naziri Misir Mərdanov cənab Koişiro Matsuuranın təşkilata rəhbərlik etdiyi dövrdə ölkəmizlə sıx əlaqələrin qurulduğunu xatırlatmışdır. YUNESKO ilə əlaqələrdə bir sıra layihələrin nəzərdə tutulduğunu söyləyən nazir yeni tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılması ilə bağlı təşkilata müraciət olunduğunu bildirmişdir.
M.Mərdanov demişdir ki, biz bu sahədə ekspert köməkliyi, habelə, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi, müəllim fəaliyyətinin lisenziyalaşdırılması, ixtisasartırma və təkmilləşdirmədə yeni mexanizmlərin hazırlanması, təhsil müəssisələrində xarici dilin tədrisində yeni metodların, müasir tələblərə cavab verən mexanizmlərin tətbiqi ilə bağlı kömək göstərməsini xahiş etmişik. Nazir peşə təhsili sahəsində də YUNESKO ilə birgə layihənin olduğunu, onun həyata keçirilməsi üçün YUNESKO tərəfindən 200 min manat məbləğində vəsait ayrıldığını bildirmişdir.
AzərTAc
2008, 15 may