Mehriban Əliyeva "İlin qadını" seçilib
"Lider qadınlar" Birliyi və Sosiologiya Assosiasiyasının birgə keçirdikləri sorğunun nəticələri açıqlanıb
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda 2004-cü ilin yekunlarına dair "İlin qadını"nı müəyyənləşdirmək məqsədilə ictimaiyyət arasında aparılan sorğunun nəticələri qiymətləndirmə üzrə ekspertlər şurası tərəfindən açıqlandı. Qeyd edək ki, layihə "Lider Qadınlar" İctimai Birliyi və Azərbaycan Sosiologiya Assosiasiyası (ASA) tərəfindən gerçəkləşdirilib.
"Lider Qadınların rəhbəri, millət vəkili Məlahət Həsənova bir neçə ay bundan öncə irəli sürülən müvafiq təklifin nəzərə alındığını, onun həyata keçirilməsi üçün təşkilat komitəsinin yaradıldığını dilə gətirdi. Onun sözlərinə görə sorğu Bakı, Sumqayıt, Əli Bayramlı, Gəncə, Şamaxı, Dəvəçi, Ucar və başqa bölgələr daxil olmaqla, 12 rayonda aparılıb. M.Həsənova sorğunun keçirilməsinə verdikləri dəstəyə görə ictimaiyyət nümayəndələrinə, media işçilərinə təşəkkürünü bildirdi.
ASA-nın prezidenti Rüfət Quliyev sorğuda "Ev təsərrüfatlarında anket sorğusu", "KİV vasitəsilə aparılan sorğu" və "Ekspert sorğusu" üsullarından istifadə edildiyini vurğuladı. O, əvvəlcə 1500 respondentin sorğuda iştirakının nəzərdə tutulduğunu, sonradan iştirakçıların sayının 2246 nəfərə çatdığını dedi. R. Quliyevin sözlərinə görə, respondentlərin 51,4 faizini qadınlar, 48,6 faizini isə kişilər təşkil edib: "Onların 41,1 faizi 35-49 yaş, 32,7 faizi 18-34 yaş, qalanları 50 yaşdan yuxarı olanlar idi. Respondentlərin 52,8 faizini işləyənlər, 18,5 faizini tələbələr, qalan hissəsini isə təqaüdçülər, evdar qadınlar və işsizlər təşkil edib. Namizədlər əsasən ictimai-siyasi, iqtisadi, sosial, ailə, qadın hərəkatı, təlim-tərbiyə, mədəniyyət sahələri üzrə qiymətləndiriliblər".
R. Quliyev nəzərdə tutulan ilk onluqda ölkənin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 74,6 faiz səs toplayaraq birinci yeri tutduğunu açıqladı. O, sonrakı yerləri Qadın Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Zəhra Quliyeva, ombudsman Elmira Süleymanova, millət vəkilləri Əsmətxanım Məmmədova, Asya Manafova, Bahar Muradova və başqalarının tutduqlarını bildirdi.
Günel
525-ci qəzet.- 2005.- 19 fevral.- № 33. - S. 4.