Qəbələ beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrilib
"Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətlərinin əsas prioritetlərindən biridir”
Mehriban xanım Əliyeva
Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və ölkəmiz mədəniyyətlərarası dialoqa töhfələrini verən məkan kimi dünyada tanınır. Bir-birinin ardınca müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Qloballaşan bugünkü dünyada belə tədbirlərin təşkilində Heydər Əliyev Fondunun da müstəsna yerini vurğulamaq vacibdir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, eyni zamanda yeni-yeni yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması istiqamətində genişmiqyaslı işlər görülməkdədir. Musiqi mədəniyyəti ilə hər zaman fərqlənən Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Musiqi Festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş beynəlxalq festivallar təşkil olunub. Bu layihələr çərçivəsində iştirakçı dövlətlər qədim zamanlardan Azərbaycanın tolerantlıq ənənələrinin qorunub saxlandığı müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığını daha aydın sezirlər.
Bildiyimiz kimi, Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildən Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulub. Mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival gözəl bir ənənəyə çevrilərək, öz beynəlxalq nüfuzunu ildən-ilə artırır. Ötən həftə ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalına yenidən start verilməsi Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanılması üçün Heydər Əliyev Fondu tərəfindən atılan növbəti addımdır. Azərbaycanda baş tutan növbəti möhtəşəm incəsənət bayramı - Qəbələ V Beynəlxalq Musiqi Festivalı hər il olduğu kimi dünyanın müxtəlif ölkələrinin musiqiçilərini yenidən dünyanın ən qədim sivilizasiyalarından biri - Qafqaz Albaniyasının paytaxtı olan, zamanın, mədəniyyətin izini daş yaddaşına həkk edən Qəbələyə toplayıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dediyi kimi “Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir”. Əbəs yerə deyil ki, MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Aşqabadda keçirilmiş birgə iclasında qəbul edilən qərara əsasən, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olundu. Bu gün gözəl təbiəti, təkrarsızlığı, bənzərsizliyi ilə seçilən Qəbələ şəhərinin MDB-nin mədəniyyət paytaxtına çevrilməsində bu məkanın zəngin mədəniyyəti və tarixi də önəmli amillərdir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründə tolerantlıq ənənələrinin və mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsinin təməli qoyulmuşdur. Böyük İpək Yolu Azərbaycan ərazisindən keçəndə bu ənənələr öz inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu gün həmin ənənələrin sayəsində Azərbaycan Avropa və Şərq arasında mədəniyyətlərarası körpü rolunu oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Qəbələ öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Burada incəsənətin gözəlliyi ilə təbiətin gözəlliyi vəhdət təşkil edir. Bu gün Azərbaycanda regionların sürətli inkişafı Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirdiyini bir daha göstərir. Paytaxtla yanaşı, bölgələr də inkişaf edir. Qəbələ son vaxtlar çox gözəl və müasir şəhərə çevrilib. Qəbələdə bir sıra mədəni-humanitar tədbir keçirilir. Azərbaycanın bu qədim şəhəri beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrilib. Gözəl otellər, yollar, hava limanı və digər imkanlar tədbirlərin yüksək səviyyədə təşkil olunmasına şərait yaradan amillərdir. Burada keçirilən mədəni tədbirlər nəinki MDB, eləcə də dünya mədəni irsinə töhfələrini verir. Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə festivalının Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Burada klassik və kamera musiqisi ifa olunur. Qəbələ festivalı səhnəsində həm Avropa klassik musiqisi, həm də ənənəvi Azərbaycan musiqisi və onun incisi - hələ 2003-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən muğam səslənir.
Beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alan Qəbələdə keçirilən festivalda müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradılır, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə daha geniş imkanlar açılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir ki, dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir: “Məhz mədəniyyət xadimlərinin məqsədyönlü fəaliyyəti nəticəsində bəşəriyyət mədəniyyətlərin qarşıdurma təhlükəsini dəf edərək dialoqun uğurlu nəticələrinə nail olub. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir. Mən də YUNESKO-nun xoşməramlı səfiri kimi dünya mədəniyyəti xəzinəsini olduqca dəyərli əsərlərlə zənginləşdirmiş, xalqımızın mədəni irsinin dünyada təbliğ olunmasına, dünya mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılmasına xidmət edən, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələri daim dəstəkləyəcəyəm”.
Festival dünya musiqiçilərini bir araya gətirib. Avqustun 6-dək davam edəcək musiqi bayramına Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər dəvət olunub. Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Muza Rubayskite, Hee Youn Choue, Mixail Qutman və başqaları musiqisevərlərə unudulmaz anlar bəxş edəcəklər. Festival çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti, Pyotr Çaykovskinin “Yevgeni Onegin” operası, Fikrət Əmirovun “Nəsimi haqqında dastan” simfonik poeması, Motsartın “Fiqaronun toyu”, “Don Juan” operaları, E.Qriqin “Kənd həyatının mənzərələri”, D.Şostakoviçin “Trio” əsərlərindən parçaların səsləndirilməsi qarşılıqlı mədəni əlaqə və anlaşmadan xəbər verir. Cüzeppe Verdinin “Taleyin gücü”, “Don Karlos”, “Bal-maskarad”, “Otello”, “Atilla” “Aida”, “Trubador” operalarından parçaların, vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqələrinin Qaliblərinin konserti bu münasibətlərin istiliyindən, qarşılıqlı münasibətdən xəbər verir. Məşhur italyan musiqiçi Mirko Roverellinin dirijorluğu ilə baş tutan konsertdə Yerusəlim Simfonik Orkestrinin Azərbaycanın və Avropanın görkəmli bəstəkarlarının əsərlərindən parçalar səsləndirməsi dini və irqi müxtəlif olan insanları bir araya gətirib.
Məharətli ifası ilə dünyaya səs salan Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə keçən konsertdə Azərbaycan tamaşaçıları və xarici ölkələrdən Qəbələyə gəlmiş turistlər unudulmaz anlar yaşayıblar.
Qəbələ festivalı çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi vardır. Festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında birlik hissi bəxş edən bayrama, Qəbələ isə bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilib.
Nəzakət Ələddinqızı
Səs.- 2013.- 30 iyul.- № 138.- S. 4.